Misir hökuməti tədbirdə Misirin kommunikasiya və informasiya texnologiyaları naziri Amr Tələt ilə təmsil olunub. Qəbulda, həmçinin Misirin vəqfləri naziri Usamə əl-Əzhəri, Misirin sabiq müftisi Şeyx Əli Cümə, Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Amr Musa və digərləri iştirak ediblər.
Rəsmi qəbul Azərbaycanın və Misirin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Səfir Elxan Poluxov Azərbaycanla Misir arasında dərin dostluq əlaqələrindən danışıb. Qeyd olunub ki, dövlət başçılarının son illər qarşılıqlı səfərləri ölkələrimiz arasında əlaqələrin ən müxtəlif səviyyələrdə inkişafına ciddi təkan verib. Misirin və Azərbaycanın bir çox mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsinin onların beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olduğunu qeyd edən diplomat növbəti 13-cü Ümumdünya Şəhərsalma Forumunun ölkəmizdə keçiriləcəyini xatırladıb.

Sonra çıxış edən Misirin kommunikasiya və informasiya texnologiyaları naziri Amr Tələt ölkəsinin Baş naziri Mustafa Mədbulinin təbriklərini çatdırıb. Nazir ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin müxtəlif sahələr üzrə gündən-günə daha da gücləndiyini vurğulayıb.

Eyni zamanda, misirli nazir çıxışında ölkəsinin tarixi və mədəniyyəti ilə Azərbaycanın tarixi və mədəni rəmzləri arasında paralellər apararaq, oxşar məqamların olduğuna diqqəti çəkib, iki xalqın coğrafi cəhətdən uzaq yerləşmələrinə baxmayaraq ortaq mədəni dəyərləri bölüşdüklərini bildirib.

Dövlət başçılarının qarşılıqlı səfərlərinə toxunan Amr Tələt bu səfərlər ərzində imzalanan sənədlərin Misir-Azərbaycan əlaqələrinin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
AzVision.az