Yaxın beş ildə planetdə 1,5 dərəcə Selsi istiləşmə limiti aşıla bilər

Yaxın beş ildə planetdə 1,5 dərəcə Selsi istiləşmə limiti aşıla bilər
  28 May 2025    Oxunub:616
Ötən il tarixə ən isti il kimi düşsə də, qızmar hava dalğaları silsiləsi hələ bitməyib.
AzVision.az xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yeni hesabatında qlobal temperaturun artmasının davam edəcəyi və 2025-2029-cu illər arasında ən azı bir ilin 2024-cü il rekordunu aşması ehtimalının 80% olduğu bildirilir.

Qlobal İllik İqlim Yenilənməsi İndeksinə görə, Yerdə növbəti beş il ərzində sənayeləşmə dövründən əvvəlki səviyyə (1850-1900-cü illər) ilə müqayisədə 1,2°C ilə 1,9°C arasında temperatur artımı olacağı proqnozlaşdırılırdı.

ÜMT 2024-cü ildə orta qlobal temperaturun sənaye dövründən əvvəlki səviyyədən 1,34°C ilə 1,41°C arasında yüksək olduğunu təxmin edib. Yeni hesabat isə 2015-2034-cü illər üçün 20 illik orta istiləşmənin sənayeləşmə dövründən əvvəlki səviyyədən təxminən 1,44°C yuxarı olacağını proqnozlaşdırır.

Hesabatda qlobal orta temperaturun növbəti beş ilin ən azı birində sənayeləşmə dövründən əvvəlki səviyyələri 1,5°C-dən çox keçməsi üzrə heyrətamiz 86 faizlik ehtimal yer alır və həmin illərdən birində 2°C-dən çox istiləşmə olacağı bildirilir. Beşillik orta göstəricinin özünün bu 1,5 dərəcə həddi keçəcəyi ehtimalı 70 faizdir.

ÜMT vurğulayır ki, 1,5°C Paris Sazişinin hədəfi 20 il ərzində uzunmüddətli orta göstəricilərə aiddir, yəni, onun həddi hələ tam aşılmayıb. Bununla belə, bu yaxın müddətli sıçrayışlar sürətlənən iqlim böhranının xəbərdaredici əlamətləridir.

Proqnoz, həmçinin Afrikanın Sahil regionunda, Şimali Avropada və Cənubi Asiyada gözlənilən orta səviyyədən daha rütubətli şərait də daxil olmaqla, regional yağıntı təsirlərini vurğulayır. Əksinə, Amazon bölgəsində quraqlıq davam edə bilər. Eyni zamanda, Arktikada istiləşmə tempi sürətlənir. Buradakı vəziyyət dünyanın qalan hissəsinə nisbətən daha fəlakətlidir.

Növbəti beş qış mövsümündə (noyabrdan mart ayına qədər) Arktikada orta temperaturun 1991-2020-ci illərin orta göstəricisindən 2,4°C isti olacağı gözlənilir ki, bu da qlobal orta temperaturun 3,5 dəfədən çox artması deməkdir. Buzlaqların, xüsusən Barens, Berinq və Oxot dənizlərində kiçilməsinin davam edəcəyi və bunun dəniz səviyyəsinin yüksəlməsinə və bütün dünyada hava şəraitinin pozulmasına səbəb olacağı gözlənilir.

Dünya bu dərin iqlim böhranına addım atarkən, BMT agentliyi qarşıdakı onilliklərdə daha təhlükəli istiləşmənin qarşısını almaq və uzunmüddətli istiləşməni 1,5°C həddindən aşağı saxlamaq üçün birgə iqlim fəaliyyətinə çağırıb.

AzVision.az


Teqlər: Yer   iqlim   istiləşmə  





Xəbər lenti