“Bizim vəziyyəti gərginləşdirmək niyyətimiz yoxdur. Lakin Hindistana hərbi hücum edilərsə, çox sərt cavab veriləcəyinə heç bir şübhə olmamalıdır”, - Hindistan diplomatiyasının rəhbəri söyləyib.
Nyu-Dehli mayın 7-nə keçən gecə Hindistan ordusunun Pakistanda və Pakistanın nəzarətində olan Kəşmirdə terrorçuların yerləşdiyi 9 hədəfi vurmaqla “Sindur” əməliyyatına başladığını bildirib. “NDTV” telekanalının məlumatına görə, əməliyyat zamanı 70-ə yaxın terrorçu məhv edilib.
![]() |
Pakistan Hindistanın 12 PUA-sını sıradan çıxarıb |
Bundan əvvəl isə, Pakistan ordusunun mətbuat xidmətinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri yerli mətbuata açıqlamasında ölkənin Silahlı qüvvələrinin gecə saatlarından etibarən Hindistan tərəfindən atılan 12 “Harop” silahlı PUA-sını zərərsizləşdirdiyini deyib.
Xatırladaq ki, iki ölkə arasında münasibətlər aprelin 22-də bir qrup şəxsin mübahisəli Cammu və Kəşmir əyalətində turistlərə qarşı terror aktından sonra pisləşib. Hindistan hücumda Pakistanı günahlandırıb, İslamabad isə Nyu-Dehlinin reaksiyasını ədalətsiz və siyasi motivli adlandırıb.
Bunun ardınca Hindistan Hind çayından Pakistana su axınını kəsərək dörd şlüzün hamısını bağlayıb. Pakistanın Müdafiə naziri Xavaca Asif isə total müharibə riski barədə xəbərdarlıq edib.
Sahil İsgəndərov
AzVision.az