Alüminium geosiyasəti: Böyük maraqlar Qvineyada necə kəsişir – TƏHLİL

      Alüminium geosiyasəti:    Böyük maraqlar Qvineyada necə kəsişir –    TƏHLİL
  10 Sentyabr 2021    Oxunub:3243
Afrika dövlətləri üçün adi hal kimi qəbul olunan silahlı dövlət çevrilişi bu dəfə qitənin qərbində yerləşən kiçik Qvineyada baş verdi. Sentyabrın 5-də dövlət çevrilişi baş vermiş Qvineyadan başqa “Qvineya” adlı daha 3 ölkə mövcuddur. Bunlar Papua Yeni Qvineya, Bisau Qvineyası və Ekvatorial Qvineyadır. Adətən, digər qvineyalarla qarışdıralan bu Afrika ölkəsində dövlət çevrilişinin baş verməsi adi bir xəbər başlığı kimi oxunub keçilmədi, dünya ictimaiyyətində ciddi rezonansla qarşılandı.
BMT-nin baş katibi məsələyə münasibət bildirdi, Ağ Ev xüsusi bəyanatla çıxış edərək, tərəfləri danışıqlara çağırdı, Kreml anti-konstitusion hadisəni pislədi, Avropa İttifaqı çevrilişin yolverilməz olduğunu bildirdi, Pekin isə dərhal prezidenti öz kürsüsünə qaytarmağı tələb etdi. 13 milyon əhalisi olan kiçik bir Afrika ölkəsində hakimiyyətin polkovnik Mamadi Dumbuyanın başçılıq etdiyi hərbi xunta tətəfindən ələ keçirilməsi dünyanın hegemon dövlətlərini niyə bu qədər narahat edir?
Çin Qvineya prezidentinin sərəbəst buraxılmasını tələb edir

Söhbət ondan gedir ki, dünyada aliminium üçün xammal hesab edilən boksit maddəsinin ikinci ən böyük hasilatçısı və ən zəngin boksit ehtiyatlarına malik ölkə Qvineyadır. İldə 88 milyon ton boksit hasil edən Qvineya bu göstəriciyə görə yalnız Avstraliyadan geri qalır. Boksit ehtiyatlarına (7.4 milyard ton) görə isə dünya lideridir. Dünyada istehsal olunan alüminiumun 20 faizi Qvineyadan idxal olunan boksit hesabına əldə edilir. Qvineya boksitinin əsas alıcıları Çin, Rusiya və Birləşmiş Ərəb Əmirlikləridir. Təsadüfi deyil ki, Qvineyada çevriliş baş verdikdən sonra dünya bazarında alüminimum qiyməti 1,2 fazi artaraq, 2011-ci ildə qeydə alınmış tonu 2776 dollarlıq tarixi maksimuma çatıb.

Lakin əhalisinin 47 faizi yoxsul hesab edilən Qvineyanın zəngin təbii ehtiyatları bununla bitmir. O, Afrikanın ən böyük qızıl hasilatçılarından biri və zəgin dəmir filizi yataqlarına malik ölkəsidir. 2020-ci il ərzində Qvineyada 56.9 ton qızıl istehsal olunub ki, bunun da dəyəri təxminən 2.5 milyard dollar təşkil edir.


Görəsən, 83 yaşlı prezident Alfa Kondeni həbs edərək, ölkə konstitusiyasının qüvvədən düşdüyünü elan edən polkovnik Dumbuya məsələnin mahiyyəti və əhəmiyyətini tam dərk edirmi? Hər halda, ölkədə fəaliyyət göstərən xarici şirkətlərin işinə müdaxilə edilməyəcəyini bildirən Mamadi Dumbuyanın tarixdən dərs çıxardığını söyləmək olar. Çünki vaxtilə, yəni, 2008-ci ildə onun kimi hakimiyyət çevrilişi həyata keçirərək özünü prezident elan etmiş kapitan Musa Dadis Kamara 2009-cu ildə xarici şirkətlərə verilən lisenziyalara yenidən baxılacağını elan etdikdən bir müddət sonra naməlum şəraitdə güllələnmişdi. Başından aldığı güllə yarasına görə Mərakeşdə müalicəyə göndərilən Kamaranın nitq qabiliyyətini itirdiyi bildirilirdi. Sui-qəsddən sonra hakimiyyətdən çəkildiyini elan edən Kamara yeni prezident seçkilərinin keçirilməsinə razılıq verir və 2010-cu ildə baş tutan seçkilərdə ölkənin əsas müxalif partiyasının rəhbəri Alfa Konde prezident seçilir. Ancaq Kondenin devrilməsi heç də boşuna baş verməyib, buna kifayət qədər əsas və ciddi sosial sifariş olduğunu demək olar. Yayılan məlumatlara görə, Qvineyanın paytaxtı Konakrinin sakinləri küçələrə axışaraq, hərbi çevrilişi həyata keçirmiş xunta üzvlərini salamyaraq, Kondenin devrilməsini alqışlayırdılar.

Əhalisinin 90 faizi müsəlman olan Qvineya 1958-ci ildə Fransanın müstəmələkəçiliyindən qurtularaq, müstəqillik qazanmışdı. Həmin vaxt hakimiyyətə gəlmiş Əhməd Seku Ture SSRİ-nin protektoratı altına girərək, “sosializm qurmaq” adı ilə avtoritar rejim yaratmış və 1984-cü ilə qədər bu qaydada ölkəni idarə etmişdi. Turenin ölümündən sonra, hakimiyyəti çevriliş yolu ilə Lansana Konte ələ keçirir və sələfindən fərqli olaraq, Qərbə meyillənmək qərarına gəlir. Qərblə yaxınlaşma isə tədricən demokratik təsisatların bərqərar olması və müxalifətin ortaya çıxmasına şərait yaratdı. Bu vəziyyət Kontenin ömrünün sonuna kimi hakimiyyətdə qalmasına mane olmasa da, nisbi demokratikləşmə Alfa Konde kimi müxalif liderin ortaya çıxması və 2010-cu ildə keçirilən prezident seçkilərində qalib gəlməsilə nəticələnir.


Kondenin prezident seçilmək üçün hansı qüvvələrin köməyindən yararlandığını demək çətin olsa da, fakt ondan ibarətdir ki, bu posta yiyələndikdən sonra Rusiyanın əsas alüminium istehsalçısı olan və xammalının 45 faizini Qvineyadan idxal edən “Rusal” ilə 2001-ci ildən imzalanmış müqavilələr qüvvədə saxlanılmaqla yanaşı, müddəti 2042-ci ilədək uzadıldı. 2018-ci ildə isə, Qvineyanın ən zəngin boksit yatağı olan Dion-Dion və ən zəngin qızıl yatağı olan Lefa da Rusiya şirkətlərinə verildi. Kondenin Rusiyanın iqtisadi maraqlarını qoruması və əsas yataqları bu ölkəyə verməsi təbii ki, Çinin ürəyincə deyildi. Ümumiyyətlə Qvineyada boksit yataqları uğrunda rəqabət əsasən Çin ilə Rusiya arasında gedir. Bəzi məlumatlara görə, 2019-cu ildə “Rusal”a məxsus zavodlarda baş vermiş etiraz aksiyaları, ardınca yük vaqonlarının etirazçılar tərəfindən yandırılmasının arxasında məhz çinlilər dayanırdı.

Ancaq bunu əminliklə söyləmək olar ki, Kondeni Rusiya ilə yaxınlaşmağa vadar edən əsas amil heç də ölkəsinin iqtisadi maraqları ilə bağlı deyildi. Hakimiyyət müddətinin uzadılması üçün Qvineya prezidentinin rusiyalı siyasi texnoloqların dəstəyinə ehtiyacı var idi və bu dəstəyi əldə etmək üçün Moskva ilə iş birliyinə girməyə məcbur idi. “Bloomberg” agentliyinin verdiyi məlumata əsasən, 2019-cu ildə Soçidə keçirilən Afrika sammitindən sonra prezident Kondi rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüş keçirib. Ehtimal olunur ki, məhz bu görüşdə Kondi 3-cü dəfə prezident seçilmək üçün Putindən siyasi dəstək istəyib.

Kondinin 3-cü dəfə prezident seçilməsinə şərait yaradan yeni konstitusiya layihəsinin rusiyalı ekspertlər tərəfindən hazırlandığı və 2020-ci ildə referendum yolu ilə qəbul olunduğu iddia edilir. Təbii ki, Moskva özünün Qvineyadakı iqtisadi maraqlarının təminatını 83 yaşlı prezidentə bağlamırdı. Kondinin özündən sonra hakimiyyəti ötürəcəyi Moskvaya loyal siyasi varisinin olduğunu güman etmək olar. Bu isə, Rusiyaya Qvineyadan əbədi istifadə hüququ qazandıracaqdı ki, Dumbuya işləri pozdu.

Qeyd olunanları nəzərə alarsaq, Kondinin hakimiyyətdən devrilməsi və ardınca Dumbuyanın attığı addımlar proseslərin heç də spontan baş vermədiyi və kənardan idarə olunduğu qənaətinə gəlməyə əsas verir.

Tofiq Vahid
Azvision.az


Teqlər: Qvineya   Geosiyasət  





Xəbər lenti