Beyinin dolanbacları: Konspiroloji nəzəriyyələrə niyə inanırıq?
Sui-qəsd nəzəriyyələri mövzusu son onilliklərdə mediada bir neçə dəfə artıb. Xüsusilə sosial şəbəkədə gizli dünya dövləti və masonlar, GMO-nun və peyvəndlərin təhlükəsi, VİÇ və QİÇS-in olmaması, Yerin yastı olması, amerikanların Ayda olmaması haqda danışırlar. İndi bunlara Bill Qeyts, 5G qüllələri və koronavirus da əlavə olunub. Konspirologiya ABŞ-da da geniş yayılıb. Ay söhbətinə inanan bəlkə də az olar, hər necə olsa da, milli qürur məsələsidir. Ancaq digər məsələlərdə mövqelər oxşardır: VİÇ əczaçılıq şirkətlərinin qəsdidir, qlobal istiləşmə iqlimçilərin, Kennedini xüsusi xidmət orqanları öldürüb, 11 Sentyabr hadisələrini və məktəblərdəki kütləvi qətlləri də onlar törədib. Son sorğulara görə, Respublikaçılar partiyasının üzvlərinin 44%-i Bill Qeyts və çipləşdirmə haqqında əhvalatlara inanır.
Sui-qəsd nəzəriyyəsi istənilən hadisəni nüfuzlu "qəsdçilərin" fəaliyyətilə izah edir. Bu yanaşmaya görə, hər şey hansısa məqsədə xidmət edir və heç nə təsadüfi deyil. “Konspirologiya” termini də “sui-qəsd” termini ilə eyni mənanı daşıyır, sadəcə daha elmi səslənir. İndi “skeptik” sözü dəbdədir.
Problem ondadır ki, bu cür baxışlar bəzən sadəlövh, bəzən aqressiv olur. Bəzi insanlar 5G qüllələrinin real olaraq koronavirus yaydığını düşünərək, onları yandırmağa gedirlər. Başqaları uşaqlarına peyvənd vurdurmaqdan imtina edirlər. Həm də elə kütləvi şəkildə ki, ÜST ilk dəfə bunu bəşəriyyəti gözləyən təhlükələr siyahısına salıb. Covid-19 vaksinlərinin meydana çıxması ilə bu daha böyük təhlükəyə çevrilə bilər.
Faktlarla sui-qəsd nəzəriyyəsi arasındakı boz zona
Rusiyada ictimai rəyi öyrənmə mərkəzinin apardığı sorğuya görə, rusiyalıların 67%-i (ötən il 45% idi) “dünya dövləti”nə inanır, onların 68 faizinin ali təhsili var.
Sui-qəsd nəzəriyyəsi sadəcə inandırıcı olan, yaxud olmayan bir hadisə deyil. O daha çox ayrı-ayrı faktların çoxsaylı interpretasiyasıdır. Onlardan hər biri aşkar absurddan elmi faktlara qədər olan şkalada yer tuta bilər. Kimsə yadplanetlilərin bəşəriyyəti əsarətə almasını inanılmaz hesab edə bilər, ancaq vaksinasiyaya qarşı çıxmaz; yaxud da əksinə.
Elmi faktlar ilə aşkar sui-qəsd nəzəriyyəsi arasında böyük bir boz zona var və onun içində hər birimiz üçün dünyanın tam məntiqli izahı tapıla bilər. Ancaq bu başqa birinə konspiroloji görünər.
Dünyagörüşümüzə beyin və psixikanın yetərincə qədim parametrləri təsir edir:
○ Niyyət detektoru
○ Qeyri-müəyyənlik qorxusu
○ Əhvalatların generasiyası
○ Yadlara inamsızlıq.
Onlar tutaq ki, xarici şərtlərlə əlaqədar stressi təsirilə yanlış işləməyə başlayanda düşüncə daha çox sui-qəsdçi olmaq riski daşıyır. Bunun necə baş verdiyini araşdıraq.
Niyyət detektoru
Videoya baxın:
Hayder və Zimmel eksperimenti
Burada əhvalatı görməmək mümkün deyil. Ona görə ki, beyin avtomatik olaraq sadəcə həndəsi fiqurları deyil, personajları və onların niyyətlərini görür. “Şübhəçi ağıllar: sui-qəsd nəzəriyyələri bizi nə ilə cəlb edirlər” kitabının müəllifi Rob Brazerton bunu "koqnitiv cəhətdən təhrif olunmuş niyyət detektoru" adlandırır.
Çoxumuz böyük üçbucağın aşkar sui-istifadəçi olduğunu aydın görürük. 1940-cı illərdə aparılmış orijinal tədqiqatda yalnız bir sınaqdan keçirilmiş şəxs gördüyünü sırf həndəsi terminlərlə təsvir edib. Qalanları insanlar və personajlar haqqında danışıb.
2017-ci ildə elə həmin animasiya ilə başqa araşdırma aparılıb. Fiqurların dərk olunmuş hərəkət qabiliyyətlərini yüksək qiymətləndirən insanlar da dünyanı motivlərlə dolu qavramağa və sui-qəsd nəzəriyyələrinə inanmağa meyillidirlər.
Rob Brazertonun özünün iki il əvvəl apardığı araşdırma da oxşardır. Məsələn, sınaqdan keçirilənlərə “O, itin quyruğunu tapdaladı”, “O, evi yandırdı”, “O, şarı partlatdı” cümlələrini oxuyublar. Cümlələri niyyətdən asılı olaraq iki cür anlamaq olardı: itin quyruğunu qəsdən tapdaladı, yoxsa təsadüfən, bilmədən. İnsanlar yenə bu hərəkətlərdə nə qədər çox niyyət gördülərsə, sui-qəsd nəzəriyyəsinə bir o qədər çox inandılar.
Qeyri-müəyyənlik qorxusu
Beyin baş verən hadisənin mahiyyətini dərhal qavrayır. İlk ani təəssürat ürəyin bir vuruşundan daha tez formalaşır. Ona obyektin düşüncələri, duyğuları və niyyətləri haqda avtomatik nəticələr daxildir. Biz hərəkət edən üçbucaqları rəqiblər olaraq qəbul etməyə proqramlaşdırılmışıq, ancaq başa düşürük ki, bunlar sadəcə ekrandakı fiqurlardır.
Koqnitiv neyrobioloq və “Yaşayış mühiti” kitabının müəllifi Kolin Ellard bunu təkamül seleksiyası ilə izah edir. Orta statistik səhnənin bütün elementlərini detallı analiz etmək üçün ətrafda həddən artıq informasiya var. Beyin isə kompüterlə müqayisədə məlumatları çox asta emal edir. Milyon illər ərzində bu və ya digər səhnənin nə mənaya gəldiyini əvvəlki təcrübədən çıxış edərək qabaqcadan müəyyən etməli olublar. Biliksizlik ölümə aparıb. Ona görə də, qeyri-müəyyənlik bizdə diskomfort duyğusu yaradır. Çünki təkamülün gedişində müəyyənlik həyat, qeyri-müəyyənlik isə ölüm demək idi. Beyin və davranış qeyri-müəyyənliyi istənilən şəraitdə minimuma endirməyə, dünyanı dərkolunan etməyə hazırlanıblar. Bu barədə neyrobioloq Bo Lotto “Sınma” kitabında yazır. Beyin ən adi baza səviyyəsində xətləri, fiqurları, siluetləri və sifətləri, ən yüksək səviyyədə isə mənaları axtarır və hadisələr yaradır.
Hekayələrin generatoru
Narrativ - dünyanın qeyri-müəyyənliyi və mürəkkəbliyi ilə mübarizə aparmağa kömək edən əhvalatlar toplusudur. Dünyamızın mənzərəsi belə rəvayətlərdən formalaşır. Rəvayətlərin mənbəyi uzun müddət miflər və dini mətnlər olub. Sonradan onlara dünyəvi mədəniyyət də qoşuldu: ədəbiyyat, incəsənət, kino. Eyni əhvalatlara Bibliya hekayələrində və superqəhrəmanlar haqqında filmlərdə rast gəlmək olar. Təkamül baxımından rəvayətlərin vəzifəsi dünyanı elmi dəqiqliklə təsvir etmək yox, təhlükələrdən qaçmaq və sağ qalmaq üçün nə etmək lazım olduğunu izah etməkdir. Nəticədə belə alınır ki, faktlar dünya haqqında təsəvvürümüzə ziddirsə, problem faktlardadır. Təfəkkürün bu cür xüsusiyyətləri bizi sui-qəsd nəzəriyyələrinə həssas yanaşmağa vadar edir. Konspirologiyanı araşdıran Reyçel Runels bunu qısaca olaraq belə ifadə edir: “Səs-küy əvəzinə naxışlar. Faktlar əvəzinə rəvayətlər”.
Narrativlərin digər mühüm funksiyası birləşdirici olmalarıdır. Hekayələr insanları cəlb edir. Biz onları dinləməyi, danışmağı xoşlayırıq. Bundan başqa, insanlar bir hekayəni dinləyəndə, yaxud ona baxanda beyin fəaliyyəti sinxronlaşır. Hekayələr üzərində mədəniyyət formalaşıb, onların ətrafında dəyərlər yaranıb. Hekayələr bizə öyrənməyə kömək edir və qərarlarımızı müəyyənləşdirir. İnsanların başqalarının həyatlarında baş verənləri dərk etməyə ehtiyacı var. Runelsin sözlərinə görə, insanları “niyə mən əzab çəkirəm?” kimi suallar birləşdirir. Bu suala belə cavab vermək olar: “Ona görə əzab çəkirəm ki, hamımız əzab çəkirik”. Ya da belə: “Əzablarımın səbəbi mən özüməm”. Sui-qəsd nəzəriyyəsi başqa narrativ təklif edir: “Əzablarımın səbəbi Onlardır”.
Yadlara inamsızlıq
“Onlar” elə “yadlar” deməkdir. Bu narrativ özünü daha bir qədim qorxumuzda – yadların basqın təhlükəsində göstərir. Sosial psixologiyada belə bir fərziyyə var: bizdə xüsusi adaptasiya mexanizmi formalaşıb – “təhlükəli koalisiyalar detektoru”. Ovçu-yığıcılar dövründə düşmən koalisiyalarına sıx rast gəlinirdi və onlar həyatımıza real təhlükə yaradırdılar. Ona görə də, kənar şəxslərdən və ya daha güclü qruplardan şübhələnmək başadüşülən strategiya idi. Ulu babalarımız potensial təhlükəli koalisiyalar haqqında sosial siqnalları almağı öyrənmişdilər. İnsan psixikasının bu xüsusiyyətini sui-qəsd nəzəriyyələri də fəallaşdırır.
Bəziləri mühacirlərin istilasından, digərləri reptiloidlərin, üçüncülər isə vaksinlə maskalanmış Microsoft nanoçiplərinin işğalından qorxur. Yəhudi sui-qəsdi əbədi mövzusunun əsasını da "başqaları"nın qarşısında hiss edilən eyni qorxu təşkil edir: “Sionist İşğal Hökuməti”, “Sion Müdriklərinin Protokolları” və yəhudilərin xristian körpələri yeməsi haqqında orta əsr nağılları buna dəlalət edir.
Qeyri-sabit dünyada sui-qəsd düşüncəsi
Sui-qəsd nəzəriyyələri onları yayayanlar haqqında bizə çox şey deyir. Onlar özümüz haqqında da az şey demirlər - nəyə inanırıq, nəyə şübhə edirik və nədən qorxuruq. Koronavirus ətrafındakı eyni konspiroloji nəzəriyyələr istisna deyil. Bunda həm dərk olunması həddən artıq çətin olan mürəkkəb qlobal dünya, həm narahatlığa səbəb olan yeni texnologiyalar, həm də bəlkə də ən qədim qorxumuz olan xəstəlik və ölüm rol oynayır.
Bu yaxınlarda aparılan bir araşdırma göstərdi ki, konkret bir insanın narahatlıq və stress səviyyəsi onun sui-qəsd nəzəriyyələrinə inamının göstəricisidir. Başqa bir araşdırmaya görə, anti-peyvəndçilər fəlakətlərin və xəstəliklərin nəticələrindən daha çox narahatdırlar və onların miqyasını şişirtməyə meyllidirlər. Ümumiyyətlə, insanlar düşünürlər ki, irimiqyaslı, səs-küylü hadisələrin böyük də səbəbi olmalıdır. Rob Brazerton bunu koqnitiv baxımdan təhrif olunmuş mütənasiblik adlandırır.
Pandemiya çox insanın ənənəvi həyat tərzini dəyişdi: gündəlik vərdişlərdən tutmuş maliyyə sabitliyinə qədər. Yoluxma və ölüm risklərindən danışmağa belə dəyməz. Amma hər kəs səbəbin Çin bazarındakı yarasa və təsadüfi hadisələr zənciri olduğunu qəbul etməyə hazır deyil.
Sui-qəsd nəzəriyyəsi alternativ izah təqdim edir: pandemiya Bill Qeytsin planet əhalisini çipləşdirmək üçün xüsusi əməliyyat planıdır. “Rus sui-qəsd mədəniyyəti” kitabının müəllifi İlya Yablokovun sözlərinə görə, konspiroloji nəzəriyyələr “baş verənlərin qeyri-tipikliyini izah etmək üçün həm də yetərincə inandırıcı deyillər və onlara inanan insanların dünyagörüşünə uyğundurlar”. Niyyətlər bəd olanda biz təhlükəni təkamülün təsirilə qat-qat yaxşı dərk edirik. Subyektin özü “yad”, başqa düşərgədən olmalıdır. Klassik namizəd elitadır. Güclü “Onlar” – hakimiyyət və korporasiyalardır. Onlar “bizim” – zəiflərin əleyhinədir. Ən pisi isə okeanın o tayındakı dünya elitasıdır. Nəhayət, “düşməni” şəxsən tanımaq lazımdir, odur ki, pesona zəruridir. Bill Qeyts tamamilə uyğun namizəddir.
Konspiroloji narrativ insan psixikasının qədim mexanizmlərini – niyyətləri bilməyi, qeyri-müəyyənlikdən qaçmağı, əhvalatlarla düşünməyi, yadlara şübhəylə yanaşmağı hərəkətə gətirir. İnsanlar sosial, psixoloji və maliyyə baxımından nə qədər zəifdirlərsə, sui-qəsd nəzəriyyəsi onlara bir o qədər cəlbedici görünür. Konspiroloji təfəkkür həm də köməksizliklə bağlıdır. Bir qrup alim insanların optik illüziyaları, xurafatı, maliyyə bazarlarının işini və sui-qəsd nəzəriyyələrini necə qəbul etdiyini öyrənib. İnsan şəraitə nə qədər az nəzarət etdiyini hiss edirsə, qanunauyğunluqları daha çox onların olmadığı yerdə görür. Politoloq və “Sui-qəsd nəzəriyyələri və onlara inanan insanlar" kitabının müəllifi Cozef Uşinski belə bir tezis irəli sürüb: “Sui-qəsd nəzəriyyəsi məğlubların taleyidir”. Usinski "məğlublar"a öz həyatına təsir edə bilməyən, marginal sosial qruplara aid olan, səlahiyyətləri olmayan və hakimiyyət institutlarından kənarda qalan insanları aid edir. Konspirologiya insana qeyri-sabit, mürəkkəb dünya üzərində nəzarət duyğusu verir.
Sui-qəsd nəzəriyyəsi tərəfdarını inandırmaq mümkündürmü?
Sui-qəsd nəzəriyyəsinin tərəfdarı olan adam onu sonadək müdafiə edəcək. Sui-qəsd nəzəriyyəsi nə qədər güclüdürsə, siyasi məsələlərə və cəmiyyətin quruluşuna bir o qədər çox toxunur. Məsələ burasındadır ki, daha bir psixoloji mexanizm işə düşür – siyasi əqidənin dəyişməsini beyin təhlükə olaraq qəbul edir.
Bunun necə baş verdiyini neyrobioloqlar Conas Kaplan, Sara Gimbel və Sem Harris “Nature” jurnalında dərc olunan məqalələrində izah ediblər. Onlar 40 nəfər liberal görüşlü insanın FMRT-sini (Funksional maqnit-rezonans tomoqrafiyası) çəkiblər və onların baxışlarına zidd tezislər səsləndiriblər. Sınaqdan keçirilənlər siyasi olmayan mülahizələrlə (məsələn, Eynşteyn dahi fizik deyil, yuxu isə istirahət üçün çox vacib deyil) razılaşmağa hazır olublar. Siyasi mövzulara isə (eynicinsli nikahlar, ölüm hökmü, immiqrasiya, silah gəzdirmə, terrorizm, abortlar) daha çox müqavimət göstəriblər.
Ən maraqlısı odur ki, siyasi mövzular beyinin tamamilə başqa zonalarını aktivləşdiriblər. Sınaqdan keçirilən daha inadkar insanlarda daha qədim qabıqaltı strukturlar - qorxu reaksiyasına cavab verən badamcıq vəzi və emosiya pressinqinə görə cavab verən adacıq hissə fəal olublar. Beyinin defolt sistemi – dünya, digər insanlarlarla münasibətlər, özün haqqında narrativlər yaradan neyron şəbəkəsi də fəal olub.
İnsanın siyasi əqidəsinə toxunanda onda proqnozlaşdırılmayan dünya ilə təkbətək qalmaqla bağlı fiziki qorxu yaranır. İnsan öz siyasi əqidəsi vasitəsilə xəyali də olsa, müəyyən bir qrupa məxsus olduğunu hiss edir və ondan uzaqlaşmaq istəmir. Bunların hamısı bütün mahiyyəti qeyri-müəyyənlik və dünyanın mürəkkəbliyi qorxusunun öhdəsindən gəlmək olan konspiroloji təfəkkür üçün də aktualdır. Odur ki, sadəcə arqumentləri məntiqli şəkildə izah etməklə sui-qəsd nəzəriyyəsi tərəfdarının fikrini dəyişməyin mümkünlüyünü düşünmək sadəlövhlükdür. Reyçel Runels haqlı olaraq qeyd edir ki, sui-qəsd nəzəriyyəsi tərəfdarlarının fikrini dəyişmək başqa dinə keçmə prosesinə bənzəyir. Burada faktlar və izahatlardan çox, fərqli dünyagörüşünü qəbul etməyə hazırlaşan insanın daxili, praktiki inamı önəmlidir.
Sui-qəsd nəzəriyyəsini isbat və ya təkzib etmək mümkün deyil, ona sadəcə inanmaq olar. İstənilən sübutu ya öz xeyrinə çevirə, ya da sadəcə ona əhəmiyyət verməyə bilərsən. Konspiroloji təfəkkür belə qurulub: “Faktlara gözəl hekayəni zay etməyə imkan vermə”.
Hazırladı: Nadir Quliyev
AzVision.az
Teqlər: Konspirologiya