Bizə siyasi xütbələr lazımdırmı?

  04 Aprel 2013    Oxunub : 3161
Bizə siyasi xütbələr lazımdırmı?
Əzəmət Həsənov

“Siyasətlə maraqlanmamağın cəzası sizdən daha axmaq olanlar tərəfindən idarə olunmaqdır”. Bu sağlam fikrin müəllifi Platondur. Ola bilsin ki, seçki ili olduğundan ölkədə bir çoxları siyasi gündəmlə maraqlanır. Amma bilirəm ki, Azərbaycanda mütəmadi olaraq siyasətlə maraqlanan, hadisələrə reaksiya verən, sağlam mövqeyini bildirən, adi vaxtlarda da ağıllı olan, biganə qalmayan insanlar həmişə olub və indi də var.
Belə insanlar isə təbii ki, məhz bu günlərdə dindarların aktivləşməsinin, dini, əxlaqi məsələləri kənara atıb siyasətə baş qoşmalarının arxasında yatan məqsədi və niyyəti çox gözəl başa düşürlər. Onlar başa düşürlər ki, siyasi vəziyyətin aktivləşməsindən istifadə edib ətrafındakı insanlara dövlət siyasətinin yanlışlıqlarından xütbə oxuyan taleh bağırzadələrin məqsədi nədir.

Dünya ağılla idarə olunan bir məkana çevrilməkdədir və proses hər gün bir az daha sürətlənir. Çünki, milyonları, milyardları idarə etmək, problemlərin həlli yollarını tapmaq yalnız elmin, zəkanın, ağlın sayəsində mümkün ola bilər. Şəriət qanunlarının, inam, qorxu və digər bu kimi məfhumların, mifik düşüncənin müasir insanı, ümumən insanlığı idarə etmək, bəşəri irəliyə aparmaq kimi gücündən söhbət gedə bilməz. Müasir dünya ağlın bəhrələri, sosial həyatımıza verdiyi töhfələri ilə yaşayır, dinin təklif etdiyi inamın, ya da qorxunun yox.

Cənablar, elə buna görə də dərindən düşünmək lazımdır: mollaların oxuduğu “siyasi” xütbələr bizə lazımdırmı? Biz İranmı olmaq istəyirik, ya da İrana birləşməkmi?Azərbaycan qadınları XXI əsrdən bezərək əsrləri geriyə sayıb, yenə hicabmı bağlamaq istəyir? Yoxsa qadınlarımız İran mollalarına siğə olmaq istəyir? Azərbaycan kişiləri necə, 9 arvad saxlamaqmı istəyir? Yoxsa Şeyx Nəsrullahlara ehtiyac yaranıb? Balaca qız uşaqlarını özünə arvad etmək istəyən kişilərmi peyda olub ölkəmizdə? Nə baş verir, cənablar?

Axı biz deyirik ki, Azərbaycanda din dövlətdən ayrıdır. Bəzilərinin beynindən nələr keçirsə, bunu nəzərə almasaq, biz belə bir dövlət qurmağa çalışırıq. Qanunlarla idarə olunan bir dövlət. Hicab bağlamaq istəyənin onu bağlamaqda, bağlamaq istəməyənin isə bağlamamaqda sərbəst olduğu bir dövlət. Buna görə din dövlətdən ayrı tutulub. Ayrı tutulub ki, din və dövlət qanunları bir-birinə qarışmasın. Bizim dövlət qanunlarımızda milli adətlərimizdən gələn bəzi məqamlar əks oluna bilər, olunur da, çünki onlar adından da göründüyü kimi bizim adətimizdir. Amma sivil bir dövlət qurmaq istəyiriksə onun qanunlarını şəriət qaydaları üzərində yazaraq fərdi azadlığın təmin olunduğu sivil bir ölkə qurmağımız mümkün deyil. Yenə İrana baxın.

İndi birdən-ikiyə desəydim ki, tale bağırzadələr məhz İranlı şəriət ağalarının fitvası ilə cuşa gəlib siyasi xütbə oxuyurlar, deyə bilərdiniz ki, yox, inanmırıq, ən yaxşı halda soruşacaqdınız ki, faktın var? Var. Mən həmişə demişəm, bizim mollalar, axundlar İranlı baş axundlarını peyğəmbər hesab edirlər, onlar nə dedi, Quran ayəsidir bizim mollalar üçün. Bir dəfə bilmək lazımdır ki, İranlı mollalar Azərbaycanı İranın öz torpağı hesab edirlər. Qarabağ bizim üçün nədirsə, onların düşüncəsində Azərbaycan da onlar üçün elədir.

Alın sizə fakt. Elə bu gün qəzetlərdə oxudum ki, İran İslam Respublikasının dini lideri ayətullah Əli Xamneyinin “Keyhan” Media Holdinqindəki nümayəndəsi, “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari (ETTELAAT rəhbərinin sabiq müavini) aprelin 3-də dərc etdirdiyi bir məqalədə Azərbaycan Respublikasının İrana birləşdirilməsi üçün referendum keçirilməsini təklif edib. Hələ biləsiniz məqalədə nə yazıb. Yazıb ki, “10 milyon nəfərə yaxın əhalisi olan Azərbaycan Respublikası vətəndaşlarının əksəriyyəti müsəlman şiələrdir.Azərbaycan əhalisi İran İslam Respublikasını öz arzularının qibləsi sayır”. İndi özünüz baxın. Xomeyni bizim xalqın adından danışır və deyir ki, onlar, yəni guya biz qorxu istəyirik, əl kəsilən, adam asılan bir dövlətə birləşmək istəyirik. İndi papağımızı qarşımıza qoyub Xomeyninin bizim adımızdan dediyi fikri suala çevirək və düşünək: azərbaycanlılar İran İslam Respublikasını öz arzularının qibləsi sayırmı? Qısası, bizim qibləmiz qanunmu, yoxsa dar ağacımı?

Teqlər: