"Nikol İrəvanı hərraca çıxarırdı, Makron isə bunu surətləndirdi" - Erməni saytı

   "Nikol İrəvanı hərraca çıxarırdı, Makron isə bunu surətləndirdi" -    Erməni saytı
  14 Oktyabr 2022    Oxunub:992
İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın məğlub imici hələ də İrəvana ciddi başağrısı törətmədir. Təsadüfi deyil ki, erməni cəmiyyəti baş nazir Nikol Paşinyanı kapitulyator kimi çağırır, xarici siyasət, diplomatiyada böhran yaşadıqlarını açıq etiraf edir. 30 il Qarabağı öz ərazisi kimi görənlər indi nəinki Azərbaycanın əzəli torpaqları haqqında söz aça bilirlər, hətta Zəngəzur dəhlizinin Ermənistanın cənub bölgəsini Azərbaycana qaytaracağı qorxusu ilə yaşayırlar.
Ermənistanın "Jam" saytında mövzu ilə bağlı dərc edilən təhlildə isə bir sıra diqqət çəkən məqamlara toxunulub. Müəllif baş nazirin ölkəni uçuruma daşıması ilə yanaşı, Ermənistanı açıq hərraca çıxarmasını da analiz edib.

Müəllif yazır ki, Nikol Paşinyan artıq rəsmən Ermənistanda anti-Rusiya siyasətinin rəhbəri rolunu öz üzərinə götürüb.

Əslində isə bu proses 2018-ci ilin mayından 2020-ci ilin 27 sentyabrına qədər mərhələli şəkildə həyata keçirilib. Paşinyan 2020-ci il noyabrın 9-dan yaxın aylara kimi ruslarla oyun oynadı. Lakin o, Moskvadan şəxsi təhlükəsizliyi ilə bağlı zəmanəti ala bilməyəcəyini anlayanda dərhal özünü doğma ağalarının, Qərbin qucağına atdı. Burada Türkiyə amili də rol oynadı.

Nikol Paşinyan artıq Ermənistan və Qarabağ məsələsini geosiyasi hərraca çıxarmağa razılaşıb.

Paşinyan niyə Moskvadan düşmən obrazı yaradır?
"Qərbin, Türkiyənin və Azərbaycanın simasında müəyyən mənada alıcılar da peyda oldu. Bu üçlüyü Rusiya və İrana qarşı mübarizə motivi birləşdirir. Hər üçü Qarabağ bölgəsində, Ermənistanda və ümumilikdə regionda Rusiya faktorunu aradan qaldırmaq istəyir. Qərbin Ermənistana qarşı heç bir aqressiyası yoxdur. Ancaq Rusiyaya qarşı atılan addımlar naminə ermənilərin Ankara ilə Bakının qucağına düşmək perspektivini “görməyə” bilər. Ermənistan, Qarabağ erməniləri və erməni xalqı geosiyasi oyunlarda böyük meşə yanğınları kimi anidən külə çevriləcək. Amma bütün bunlar kimi narahat edir axı? Heç kimin vecinə deyil", - erməni analitik yazıb

Müəllif iddia edir ki, Nikol Paşinyanın bu proseslər şəxsi maraqları konteksindən yanaşır. Özü də o, siyasi səhnədəki Rusiyaya qarşı oyunlara əl çaldıqdan sonra Qərb-türk hərbi gücünün arxasında gizlənməyə yer də tapacaq. 2008-ci il martın 1-də xalqını odun içinə necə atmışdısa, (Xatırlatma: 2010-cu il yanvarın 19-da Nikol Paşinyan 2008-ci ilin martında kütləvi iğtişaşların təşkilinə görə 7 il müddətinə azadlıqdan məhrum edilib-red.)10 nəfərin ölümünə, yüzlərlə vətəndaşın yaralanmasına səbəb olub sonradan rahat şəkildə çıxıb getmişdisə, indi də belə edəcək. Amma bu dəfə bütün Ermənistan alovun içində olacaq... Nikolun heç nəvecinə də deyil. O, Ermənistanda anti-Rusiya siyasətinin bayraqdarı olmağa razılaşaraq, əldə edəcəyi "qənimət"dən həzz almaq və öz dərisini xilas etmək məsələləri ilə uğraşır.

Analitik son günlərin "Makron qalmaqalı"na da toxunub. O Fransa prezidentinin anlaşılmaz və gözlənilməz açıqlamasını Ermənistanın hərracı məsələsi ilə də əlaqələndirib. Müəllif qeyd edib ki, Emmanuel Makron artıq Rusiyanı Ermənistana xəyanət etməkdə ittiham etməklə məlum prosesi sürətləndirir. Makron bunu ermənilərin qulağında xoş şəkildə səslənən tonla səsləndirir.

"Makron yaxşı bilir ki, nə o, nə də Bayden heç bir şəkildə Ermənistanın təhlükəsizliyini təmin etməyəcək. Lakin o, Ermənistan-Rusiya əlaqələrinin kəsilməsinə, çat verməsinə, yəni kövrək təhlükəsizlik mühitinin tam məhvinə kömək edir. Makron, eləcə də onun amerikalı həmkarı Bayden istəyir ki, Putin və Rusiya əziyyət çəksin, uğursuzluqlara düçar olsun. Bölgəmiz isə Türkiyənin təsiri altına düşsün", - məqalədə yazılıb.

Analitik Makronun ermənilərə yardımla bağlı fikirlərini, həmçinin Pelosinin ermənilərin "qətliamı"nı eşidəndə ağlamasını səmimi yanaşma deyil, sadəcə böyük biznes maraqları, siyasi oyunlar kimi qiymətləndirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Azərbaycan   Ermənistan   Qarabağ   Paşinyan   Makron   Hərrac  





Xəbər lenti