Əli Həsənov: “ABŞ Dövlət Departamentinin hesabatı subyektivdir”

Əli Həsənov: “ABŞ Dövlət Departamentinin hesabatı subyektivdir”
  22 Aprel 2013    Oxunub:1712
Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a müsahibə verib.
lAzVision.az həmin müsahibəni təqdim edir

-Əli müəllim, ABŞ Dövlət Departamentinin 2012-ci ildə dünya ölkələrində insan hüquqlarının vəziyyəti haqqında illik hesabatının Azərbaycana aid hissəsində ölkəmiz tənqid olunub və bu sahədə nöqsanların olduğu iddia edilib. Azərbaycan hakimiyyəti hesabatı necə qiymətləndirir?
-Son illər Azərbaycanın sürətli inkişafı və beynəlxalq nüfuzunun yüksəlməsi dünyada ölkəmizə diqqətin daha da artmasına səbəb olmuşdur. Azərbaycan beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə ikitərəfli və çoxtərəfli formatlarda olduqca uğurlu əməkdaşlıq edir, qlobal və regional siyasətin formalaşmasında, siyasi gündəmin təyin edilməsində öz fəallığı ilə seçilir. Azərbaycan iqtidarı xalqımızın maraqlarına əsaslanan tam müstəqil xarici siyasət kursu yeridir və beynəlxalq aləmdə özünəməxsus mövqeyi ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, biz beynəlxalq təşkilatlarla və dünya ölkələri ilə münasibətlərimizi qarşılıqlı hörmət, etimad, səmərəli əməkdaşlıq prinsipləri üzərində qururuq və xarici siyasətimizdə bu prinsiplərin yerinə yetirilməsinə çalışırıq. Bir-birinin daxili işlərinə müdaxilə etməmək ayrı-ayrı ölkələrlə əməkdaşlığımızın başlıca şərtləri sırasına daxildir. Biz üzv olduğumuz beynəlxalq təşkilatların haqlı iradlarını həmişə nəzərə alırıq, göstərilən nöqsanları aradan qaldırmağa çalışırıq. Harada tənqidlər qərəzli xarakter daşıyır və Azərbaycanın maraqlarına zərbə vurmaq məqsədi güdürsə, həmin tənqidlərin qəbulolunmazlığı açıq şəkildə ifadə edilir. Azərbaycan heç bir halda özünün dövlət və milli maraqlarını ayrı-ayrı beynəlxalq təşkilatların və ya ölkələrin istək və arzularına qurban vermək niyyətində deyildir.
Konkret ABŞ Dövlət Departamentinin hesabatına gəldikdə, onu qeyd etmək istərdim ki, Amerika Birləşmiş Ştatları bizim strateji tərəfdaşımızdır. Bu dövlət ilə Azərbaycan arasında münasibətlərin üç əsas istiqaməti vardır. Bunlar energetika, təhlükəsizlik və demokratiya məsələləridir. Buna görə də Dövlət Departamentinin hesabatında Azərbaycanda demokratiya və insan hüquqlarının vəziyyətinə diqqət yetirilməsinə normal yanaşırıq. Lakin hesabatın subyektiv xarakteri, informasiya mənbələrinin açıqlanmaması, bəzi faktların təhrif edilməsi, ən əsası isə bu və ya digər məsələlərə dair Azərbaycanın rəsmi orqanlarının mövqeyinin öyrənilməməsi ümumilikdə sənədin obyektivliyini şübhə altına almağa tam əsas yaradır.

- Hesabatda qeyd edilib ki, Azərbaycanda qanunlar söz və mətbuat azadlığına təminat versə də, senzura birmənalı şəkildə qadağan olunsa da, hakimiyyət tez-tez bu tələbləri pozur. Sənəddə hakimiyyətin söz azadlığını və KİV-lərin müstəqilliyini, interneti məhdudlaşdırmaqda davam etdiyi, mətbuatın yayımına, reklam əldə etməsinə əngəllər törətdiyi, jurnalistlərin hədələndiyi, döyüldüyü və həbs olunduğu iddia edilir. Bu ittihamlar nə dərəcədə faktlara söykənib?
-Azərbaycanda söz və məlumat azadlığının, KİV-lərin müstəqilliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Prezidenti hesab edir ki, azad, plüralist, güclü media olmadan cəmiyyətin demokratik inkişafını, şəffaflığı təmin etmək mümkün deyildir. Bu gün Azərbaycanda KİV-lərin fəaliyyətini tənzimləyən, bu və ya digər şəkildə ona aidiyyəti olan qanunların hamısı beynəlxalq standartlara tam uyğunlaşdırılıb. Azərbaycanda 5000-ə yaxın KİV uçota götürülüb və ya müvafiq dövlət orqanında qeydiyyatdan keçib, 40-a yaxın gündəlik, 300-dən çox həftəlik və aylıq qəzet, yüzdən çox jurnal, 55 televiziya və radio kanalı, çoxsaylı internet resursları fəaliyyət göstərir. Minlərlə jurnalist tam sərbəst şəkildə Azərbaycanda və dünyada baş verən proseslər, hadisələr barədə ölkə ictimaiyyətini məlumatlandırır. “İnformasiya əldə etmək haqqında” Qanun jurnalistlərin dövlət orqanlarından informasiya əldə etməsinə tam təminat verir. Bu sahədə nöqsanların aradan qaldırılması üçün ATƏT, Avropa Şurası və digər beynəlxalq və yerli təşkilatlarla birgə tədbirlər keçirilir, informasiya sahəsində KİV-lərlə dövlət orqanları arasında əməkdaşlıq gücləndirilir. Azərbaycan çox nadir ölkələrdəndir ki, mətbuatın inkişafına dövlət dəstəyi həyata keçirilir, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu siyasi mövqeyindən asılı olmayaraq müəyyən texniki şərtlərə uyğun gələn bütün qəzetlərə yüksək məbləğdə maliyyə vəsaiti ayırır. Azərbaycan Prezidentinin Sərəncamı ilə jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Bütün bunlar Azərbaycanda medianın ümumi mənzərəsini və vəziyyətini aydın göstərən mühüm şərtlərdir.
Təəssüf ki, hesabatda hər bir ölkə üçün xarakterik olan ayrı-ayrı mənfi hallar, bir çox hallarda təhrif olunmuş məlumatlar qabardılır və onların əsasında ümumi qənaət formalaşdırılmasına cəhd edilir. Məsələn, iddia olunur ki, Azərbaycanda qəzetlərin tirajı nadir hallarda 5000 nüsxəni keçir. Məsələn, “Yeni Müsavat”, “Azərbaycan”, “Zerkalo” və bir sıra digər qəzetlərin gündəlik tirajı 10 mindən artıqdır. Hesabat müəlliflərinin diqqətinə çatdırmaq istərdim ki, reklam məsələsində hər hansı ayrı-seçkilik yoxdur və ola da bilməz. Etiraf edilməlidir ki, Azərbaycanda reklam bazarının məhdudluğu medianın, xüsusilə mətbuatın inkişafına maneə törədən ciddi problemdir və biz hazırda bu problemin həlli ilə məşğuluq. Bütün mətbuat ölkə ərazisində maneəsiz yayılır və qəzetlərə öz mövqeyinə görə heç bir məhdudiyyət tətbiq olunmur. O ki qaldı jurnalist təhlükəsizliyi məsələsinə, qeyd etməliyəm ki, konkret hər bir hal nəzarətə götürülür və əgər zorakılıq və təzyiq faktları təsdiqini tapırsa, müvafiq tədbirlər həyata keçirilir. Biz bu sahədə ATƏT-in Media Ofisi ilə yaxından əməkdaşlıq edirik, birgə tədbirlər keçiririk. Xüsusilə kütləvi tədbirlər zamanı jurnalistlərin informasiya əldə etmək hüququnun tam reallaşmasına zəruri şərait yaradılır.
Bildirmək istəyirəm ki, söz və məlumat azadlığı kimi insanların öz hüquqlarını qanuna uyğun şəkildə müdafiə etmək hüququ da demokratik inkişafın vacib elementlərindən biridir. 2009-cu ildə Azərbaycan Prezidentinin tövsiyəsi ilə jurnalistlərin diffamasiya hallarına görə cinayət məsuliyyətinə cəlb olunmasına moratorium tətbiq edilib. Vətəndaşlarla KİV-lər arasında mübahisəli məsələlər inzibati qaydada məhkəmələr vasitəsilə həll olunur. Əgər mətbuat vətəndaşlar haqqında yalan və böhtan xarakterli məlumatlar yayırsa, onları şantaj edirsə, məhkəməyə müraciət edərək öz hüququnu qorumaq hər bir vətəndaşın Konstitusiya ilə təminat verilmiş hüququdur. Məhkəmələrin belə hallara görə çıxardığı qərarları siyasiləşdirmək və bunu guya ölkədə müstəqil mediaya qarşı təzyiq vasitəsi kimi qələmə vermək məsələyə qərəzli yanaşmadan başqa bir şey deyildir. Onu da əlavə etmək istərdim ki, hazırda “Diffamasiya haqqında” qanunun qəbul olunması ilə bağlı Azərbaycan Avropa Şurasının Venesiya Komissiyası ilə yaxından əməkdaşlıq edir.

Hesabatda Azərbaycanda internetin vəziyyətinə kölgə salmaq cəhdləri heç bir halda ciddi qəbul oluna bilməz. Ümumiyyətlə, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları iqtisadiyyatın ən sürətlə inkişaf edən seqmentlərindən biridir. Dünya İqtisadi Forumunun informasiya texnologiyalarının inkişafına dair yeni hesabatında Azərbaycan 2012-ci ildəki reytinqini yaxşılaşdırmış və 61-ci yerdən 56-cı yerə yüksəlmişdir. Azərbaycan bu istiqamət üzrə MDB və region ölkələri arasında lider mövqeyini qoruyub saxlamışdır. Son məlumatlara görə, Azərbaycanda əhalinin 70 faizi internet istifadəçisidir. Bu gün “Facebook” sosial şəbəkəsinin Azərbaycandan olan istifadəçilərinin sayı artıq bir milyonu keçib. Ölkədə 300-ə yaxın aktiv siyasi, iqtisadi, sosial yönümlü internet resursu, 20-dək internet televiziyası, 30-dan çox internet radiosu fəaliyyət göstərir. Buna görə də Azərbaycanda internetin vəziyyətinə və inkişaf perspektivinə qarşı hər hansı iddialar subyektiv xarakter daşıyır və ciddi qəbul oluna bilməz.

-Hesabatda Azərbaycanla bağlı səsləndirilən fikirlərdə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına da yer ayrılıb. ABŞ Dövlət Departamenti hesab edir ki, hakimiyyət Bakının mərkəzinə yaxın yerlərdə aksiyaların keçirilməsini məhdudlaşdırıb, dinc siyasi etiraz vasitələrini mütəmadi inkar edib, sanksiyalaşdırılmamış nümayişlər zamanı gücdən daha çox istifadə olunub.
-Azərbaycan Konstitusiyası və qanunları vətəndaşların sərbəst toplaşmaq hüququna təminat verir. Bununla yanaşı, sərbəst toplaşmaq hüququ digər vətəndaşların rahatlığının, ictimai sabitliyin, nəqliyyatın sərbəst hərəkətinin və s. pozulmasına səbəb olmamalıdır. Bu məqsədlə, həm Bakı Şəhər İcra Hakimiyyəti, həm də regionlarda icra strukturları tərəfindən aksiyaların keçirilməsi üçün müvafiq yerlər ayrılıb. Təəssüf ki, müəyyən siyasi qruplar aksiyaların keçirilməsinə şərait olmayan ictimai yerlərdə etiraz aksiyaları təşkil etməyə, sabitliyi pozmağa, iğtişaşlar törətməyə çalışırlar. Həmçinin belə aksiyaların ictimaiyyətin diqqətini cəlb edəcək mövzular adı altında reallaşdırılmasına cəhdlər göstərilir. Azərbaycanda heç bir dinc nümayişçı həbs olunmur. Həbsə alınanlar qeyri-qanuni aksiya keçirərək Azərbaycanda sabitliyi pozmaq, vətəndaşlar arasında qarşıdurma yaratmaq istəyənlər, zorakılığa yol verənlər və hüquq mühafizə orqanlarına müqavimət göstərənlərdir. Onlar bu və ya digər konkret əməllərinə görə saxlanılırlar. Bu günədək insanların qeyri-qanuni şəkildə saxlanması, həbs olunması, onlara işgəncə verilməsinə dair hər hansı fakt müşahidə edilməyib. Dövlət Departamentinin hesabatında guya saxlanılan şəxslərə işgəncə verildiyi barədə göstərilən rəqəmlərin hansı mənbələrdən alındığı bizə məlum deyildir.

Sərbəst toplaşmaq azadlığı mövzusunda xüsusi olaraq bir məsələyə də diqqət yetirməyi vacib hesab edirəm. Bu gün Azərbaycana irad tutan xarici dairələr ilk növbədə də öz ölkələrində baş verənlərə diqqət ayırsaydılar, daha səmimi görünərdilər. 2011-ci ildə Böyük Britaniyanın şəhərlərini etiraz dalğası bürüdü, minlərlə adam saxlanıldı, sosial şəbəkələrə giriş məhdudlaşdırıldı, müstəqil bloqqerlər məhkum olundu. Bütün dünyada anti-qlobalisitlərin etirazları qəddar metodlarla dağıdılır. Ötən il Nyu-Yorkda “Uoll Striti işğal et” aksiyası, Almaniyanın Hamburq şəhərində mədənçilərin sosial problemlərlə bağlı etirazı sərt şəkildə yatırıldı. Bu gün Avropanı bürüyən maliyyə və iqtisadi böhranla əlaqədar öz narazılıqlarını bildirən dinc nümayişçilərə qarşı su şırnağından, rezin güllələrdən və digər bu kimi vasitələrdən istifadə olunması geniş praktikaya çevrilmişdir. ABŞ və Avropada insanların sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına göz yumanların Azərbaycana qarşı haqsız iradlarını heç bir halda səmimi qəbul etmək olmaz.

- ABŞ Dövlət Departamenti Azərbaycanda mülkiyyət hüququna münasibətdə lazımi prosedurların gözlənilmədiyini, nəticədə məcburi köçürmələrə, binaların şübhəli əsaslarla sökülməsinə yol verildiyini, sakinlərə əmlakları müqabilində adekvat kompensasiya verilmədiyini qeyd edir. Sizin fikrinizcə, hansısa QHT-lərin hesabatları fonunda bu cür rəy vermək nə dərəcədə düzgündür?
-Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial siyasətin başlıca məqsədi ölkə vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsi, onların rifahının yüksəldilməsidir. Bilirsiniz ki, bu gün Azərbaycanda geniş quruculuq-abadlıq işləri həyata keçirilir, müasir sosial infrastruktur yaradılır, parklar salınır, istirahət yerləri tikilir. Mülkiyyət hüququ ilə bağlı məsələlər 2012-ci ilin martında Bakıda “Eurovision” mahnı müsabiqəsi keçirildiyi ərəfədə müəyyən xarici dairələr və Azərbaycanda bəzi müxalifət qrupları və QHT-lər tərəfindən süni qaydada aktuallaşdırılaraq gündəliyə gətirildi. Həmin vaxt və sonrakı dövrdə də biz izahat verdik və bildirdik ki, bəzən infrastruktur layihələri həyata keçirilərkən vətəndaşların köçürülməsi qaçılmaz zərurətə çevrilir. Əsas odur ki, insanlara öz mülkiyyətləri müqabilində evlər və ya kompensasiya verilsin. Bu gün əminliklə deyə bilərəm ki, köçürülən insanların hər biri yeni, daha yaxşı yaşayış yeri ilə təmin edilib. Təklif olunan mənzillərdən imtina edən vətəndaşlara isə hər kvadratmetrinə görə 1500 manat və daha yüksək məbləğdə pul verilib. Sadəcə olaraq köçürülən şəxslərin bəziləri müxalifət partiyalarının fəalları olublar ki, bu amildən də ölkəyə qarşı geniş istifadə olunmasına cəhdlər göstərilib. Hesab edirəm ki, Azərbaycan vətəndaşlarının mülkiyyət hüququnun pozulması ilə bağlı iddialar reallığı əks etdirmir və müəyyən siyasi maraqlara hesablanıbdır. Heç bir araşdırma aparmadan, fakt göstərmədən, müəyyən QHT-lərin qərəzli və şübhəli donoslarına əsaslanaraq ABŞ Dövlət Departamentinin hesabatında belə subyektiv mülahizələrin yer alması yalnız təəssüf doğura bilər.

-Əli müəllim, hesabatda Azərbaycanda hərbi hissələrdə əsgər ölümü, zorakılıqların geniş yayılması ilə bağlı narahatlıq ifadə edilib. Azərbaycan hakimiyyətinin bu məsələyə münasibətini bilmək maraqlı olardı.
-Bilirsiniz, bu gün Azərbaycan Silahlı Qüvvələri texniki təchizat, silah-sursat, nizam-intizam və döyüş qabiliyyətinə görə Cənubi Qafqazın ən güclü ordusudur. Son illər Azərbaycan Prezidenti Milli Ordumuzun inkişafına böyük diqqət ayırır, silahlı qüvvələrimizin büdcəsi Ermənistanın dövlət büdcəsindən böyükdür. Əminliklə demək olar ki, Milli Ordumuz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək və suverenliyini qorumaq iqtidarındadır. Bu amil erməni lobbisini, onların havadarlarını və ermənilərin təsiri altında olan siyasi dairələri bərk narahat edir. Azərbaycan Ordusu ilə bağlı mövzunun əsaslı şəkildə aktulallaşdırılmasının başlıca səbəblərindən biri də bu amildir.

Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Silahlı qüvvələrimiz daim yüksək hərbi hazırlıq vəziyyətində öz missiyasını layiqincə yerinə yetirir. Təəssüf ki, biz təkcə hərbi əməliyyatlar zamanı deyil, bəzi hallarda dinc şəraitdə də əsgər ölümü halları ilə üzləşirik. Əlbəttə, belə hallar bizi ağrıdır, incidir. Əsgər ölümü faktları Azərbaycan Prezidentinin göstərişi ilə araşdırılır, müvafiq hərbi hissə komandirləri cəzalandırılır, gələcəkdə də bu cür halların qarşısının alınması üçün qətiyyətli addımların atılacağı şübhəsizdir. Amma heç bir dövlətin ordusu əsgər ölümündən sığortalanmayıb. Bu məsələdən öz siyasi məqsədləri uçun istifadə edərək Milli Ordumuzu nüfuzdan salmağa çalışan həm xarici, həm də daxili qüvvələr bilməlidirlər ki, Azərbaycan xalqını belə populist şüarlarla aldatmaq və yanlış yola istiqamətləndirmək mümkün olmayacaqdır. Milli Ordumuz bizim qürur mənbəyimizdir və əlində silah olan hər bir əsgərimiz bizim üçün əzizdir.

- Azərbaycanda məhkəmə sisteminin icra hakimiyyəti orqanlarından asılılığı məsələsi hesabatda xüsusi vurğulanır. Həmçinin təcridxanalarda, müvəqqəti saxlanma yerlərində vətəndaşlara qarşı işgəncə faktlarının artdığı qeyd edilir.
-Azərbaycanda müstəqillik illərində ədliyyə sisteminin təkmilləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər, sistemli islahatlar həyata keçirilmişdir. Çoxpilləli məhkəmə sisteminin yaradılması, hakimlərin sayının artırılması, onların seçimində müasir metodların tətbiqi, məhkəmələrin fəaliyyətinə effektiv nəzarət mexanizminin formalaşdırılması, onun səmərəliliyinin təmin edilməsi və s. Azərbaycanda ədalətli məhkəmə-hüquq sisteminin təşəkkülünü şərtləndirən mühüm amillərdir. Digər tərəfdən, Azərbaycan Avropa Şurasının üzvü kimi insan haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasına daxildir və bu məhkəmənin qərarları ölkəmiz üçün imperativ xarakter daşıyır. Hesab edirəm ki, həyata keçirilmiş tədbirlər və mövcud durum məhkəmə sisteminin hakimiyyətdən asılı olması ilə bağlı iddialara tutarlı cavabdır. Əlbəttə, hər hansısa hakimin bu və ya digər səbəbdən qeyri-obyektiv qərar çıxarması istisna deyil, lakin belə hallar kütləvi xarakter daşımır, tendensiya kimi xarakterizə oluna bilməz.

Təcridxanalarda və müvəqqəti saxlanma yerlərində işgəncə faktlarının artmasına dair hesabatda əksini tapmış statistikaya gəldikdə, ilk növbədə, bu rəqəmlərin mənbəyi düşündürücüdür. Maraqlıdır ki, hesabatda hakimiyyət orqanlarına istinadən 2012-ci ildə Daxili İşlər Nazirliyində 225, Ədliyyə Nazirliyi sistemində isə 460 vəzifəli şəxsin insanların hüquqlarını pozduğuna görə cəzalandırılması faktına etinasızlıq nümayiş etdirilir. İstənilən halda bu statistika insan hüquqlarını pozan vəzifəli şəxslərə qarşı müvafiq sanksiyaların tətbiq olunduğunu göstərir və ölkədə guya cəzasızlıq mühitinin hökm sürdüyü barədə iddiaları təkzib edir.

-Sənəddə Azərbaycanda qanunlara düzəlişlərin QHT-lərin sərbəst fəaliyyətinə məhdudiyyət yaratdığı iddia olunur.
-Bu, subyektiv yanaşmadır. Azərbaycanda vətəndaş təşəbbüsləri dövlət səviyyəsində dəstəklənir, bu təşəbbüslərə geniş meydan verilir, onların reallaşması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır. Bu gün bütün mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində QHT-lərdən və ictimai şuralardan istifadə olunur, qərarların qəbul olunmasında mütləq şəkildə ictimaiyyətin rəyi nəzərə alınır. “Qeyri-hökumət təşkilatları haqqında” Qanuna əlavə və dəyişikliklər bu sahədə şəffaflığın təmin edilməsi məqsədi daşıyır. Artıq sirr deyil ki, son illər ölkəmizdə fəaliyyət göstərən xarici təşkilatlar milyonlarla dollar məbləğində qrantları şübhəli layihələrə istiqamətləndirir və bununla bağlı heç bir hesabat vermirlər. Son hadisələr, xüsusilə ABŞ Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyinin fəaliyyəti ictimaiyyətdə geniş müzakirələrə yol açmaqla dediklərimin əyani sübutu kimi göstərilə bilər. Eynilə bir sıra yerli QHT-lər yüksək məbləğdə qrantlar alırlar, layihələr gerçəkləşdirirlər, lakin bu haqda müvafiq dövlət orqanlarına hesabat verməkdən boyun qaçırırlar. Halbuki, dövlət orqanlarından şəffaflıq tələb edən QHT-lər ilk növbədə özləri nümunə ortaya qoymalı, açıq işləməlidirlər. Qanuna əlavə və dəyişikliklər yalnız qeyri-şəffaf fəaliyyət göstərməkdə, əsl məqsədlərini pərdələməkdə maraqlı olan təşkilatları narahat edə bilər.

- Əli müəllim, hesabatda Azərbaycanda “siyasi məhbusların” olduğu və onların sayının artdığı iddia edilir. Hətta bildirilir ki, 2012-ci ildə “siyasi məhbus”ların sayı 10 nəfərdən 100 nəfərə qədər olub.
-Bilirsiniz, konkret rəqəmin göstərilməsi onu deməyə əsas verir ki, bu məlumatları onlara ötürən QHT-lərin “hesabatları”nda olduqca təzadlı rəqəmlər öz əksini tapır. Bəzi “hüquq müdafiəçiləri” Azərbaycanda “siyasi məhbus istehsalı” ilə məşğuldurlar. Bu, onların biznes sahəsinə çevrilib. Təəssüf ki, bəzi mötəbər qurumlar da belə “hesabatlara”, donoslara, heç bir əsası olmayan iddialara istinad edərək, Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı vəziyyəti məqsədli şəkildə təhrif etməyə çalışırlar. Hesab edirəm ki, bu ilin əvvəlində Avropa Şurasında Kristofer Ştrasserin “siyasi məhbus”larla bağlı hesabatına AŞPA-nın böyük əksəriyyət təşkil edən sağlam mövqeli deputatlarının obyektiv reaksiyası həmin mövzu ətrafında möhtəkirliyə son qoydu. ABŞ Dövlət Departamentinin hesabatında bəzi QHT-lərin donoslarının AŞPA-nın mövqeyindən üstün tutulması yalnız acı təəssüf doğura bilər. Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair subyektiv mülahizələr və əsassız iddialar qəbuledilməzdir.

Biz strateji partnyorumuz olan ABŞ-a və onun rəsmi təsisatlarına hörmətlə yanaşırıq və ikitərəfli münasibətləri şərtləndirən bütün sahələr üzrə əməkdaşlığımızı davam etdirmək əzmindəyik. Bununla yanaşı, biz həm ABŞ-ın rəsmi strukturlarından, həm də beynəlxalq təşkilatlardan obyektivlik və səmimi münasibət gözləyirik.

-Əli müəllim, hesabatda o da bildirilib ki, siz bəzi QHT-lərə, mediaya qarşı ictimai nifrətə çağırış etmişiniz.
-2012-ci ildə Prezident Administrasiyasının QHT rəhbərləri ilə geniş görüşü təşkil olundu. Həmin görüşdə mən “Eurovision” mahnı müsabiqəsi zamanı Azərbaycanı qaralamağa, nüfuzdan salmağa, ləkələməyə çalışan bəzi qrupların, onların rəhbərlərinin fəaliyyətini kəskin tənqid etdim və ictimaiyyəti belələrini qınamağa çağırdım. Hesab edirəm ki, mənim çağırışımda qeyri-adi heç nə yoxdur. Necə olur, hansısa xarici ölkənin rəsmisi ictimaiyyəti, vətəndaşları vətənpərvərliyə çağıranda, milli maraqları ayaq altına atan ünsürlərə qarşı barışmaz olmağa dəvət edəndə, bu, normal qarşılanır, amma Azərbaycanda yasaq olunmalıdır? Mən bu gün də əminəm ki, dövlətçiliyimizə qarşı işləyən, onun əsaslarını sarsıtmağa çalışan, xarici ermənipərəst dairələrin əlində vasitəyə çevrilənlərə qarşı cəmiyyətimiz barışmaz mövqe tutmalı, onlar ifşa edilməlidirlər


Teqlər:  





Xəbər lenti