Moldovada seçkilərdə hakim partiya qalib gəlir | VİDEO
29 Sentyabr 2025
Oxunub:363
Sentyabrın 29-da səhər saatlarında Moldova Mərkəzi Seçki Komissiyası səslərin 99,25%-ni hesablayıb. İlkin hesablamalara görə, gələcək parlamentə iki seçki bloku və üç partiya təmsil olunacaq.
AzVision.az Moldova mediasını istinadən xəbər verir ki, 1,5 milyondan çox bülletenin hesablanmasından sonra prezident Maya Sandunun rəhbəri olduğu avropayönlü “Fəaliyyət və Həmrəylik” partiyası (PAS) 49,93% səslə liderdir.
Müxalif “Vətənpərvərlər bloku” 24,32% səslə ikinci yerdə qərarlaşıb. Bu bloka keçmiş prezident İqor Dodonun rəhbərlik etdiyi “Sosialistlər” partiyası, digər sabiq prezident Vladimir Voroninin rəhbərlik etdiyi “Kommunistlər” partiyası və keçmiş baş nazir Vasile Tarlevin (2011-2008) “Moldovanın gələcəyi” partiyası daxildir.
Digər avropayönlü siyasi təşkilat olan “Alternativ blok” isə 8% səs toplayıb.
Bu üç siyasi qüvvədən başqa hələ ki, daha iki partiya da parlamentə daxil olmaq şansını saxlayır: Moldovanın Rumıniya ilə birləşməsinin tərəfdarı olan milli mühafizəkar Vasile Kostyukun rəhbərlik etdiyi “Evdə demokratiya” 5,64% və populist Renato Usatının rəhbəri olduğu “Bizim partiya” 6% səs toplayıb.