Tarixin deyil, siyasətin yaratdığı “erməni soyqırımı”

Tarixin deyil, siyasətin yaratdığı “erməni soyqırımı”
  24 Aprel 2013    Oxunub:1747
“Erməni soyqırımı” məsələsini Türkiyə qəbul etməyəcək və edə bilməz”
Neçə illərdən bəri hər il aprel ayının 24-də ermənilər öz “soyqırımlarını” qeyd edir və bu anımın yüz illiyinə də yaxınlaşırlar. Qondarma “erməni soyqırımı” birinci dünya müharibəsi dövründə Anadoluda ermənilərin kütləvi soyqırıma məruz qalması kimi izah olunur. Türkiyə 1915-ci ildə olanları sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirməkdə dövlət göstərişinin olmadığını irəli sürsə də, bu gün dünyanın bəzi ölkələri soyqırımının varlığı qəbul ediblər. Ancaq qərarlar sadəcə tarixə əsaslanaraq yox, bəzi siyasi faktorların təsiri ilə qəbul edilib.

Tarixi faktlara əsasən, ermənilər hələ 1890-cı ildən kütləvi üsyanlara başlayıb. Bu üsyanlar nəticəsində yüzlərlə türk məhv edilib. Bunun qarşılığında Osmanlı hökuməti 1915-ci ildə radikal qərarlar almağa məcbur olub və sözügedən soyqırımı iddiası da bu dövrdən etibarən ortaya çıxıb. Erməni üsyanlarının mütəşəkkil hal alması nəticəsində Osmanlı Dövləti 27 may 1915-ci ildə “Köç” qərarı çıxartdı. Bu qərar öncəsində isə bu gün ermənilərin soyqırımı günü kimi qəbul etdikləri 24 aprel günü 2000-dən çox erməni lider həbs edilib. Köç qərarı Anadoluda yaşayan ermənilərin Osmanlının başqa ərazilərinə köçürülməsini nəzərdə tutsa da, təcrübədə hər şey fərqli cərəyan etdi. Köç karvanlarına edilən hücumlarda ölən ermənilərlə yanaşı, yollarda aclıqdan və xəstəlikdən ölənlər də kifayət qədər olub. Yola salınan ermənilərin yalnız bir hissəsi mənzil başına çata bilib.

Ermənilərin soyqırımı iddialarına əsasən isə, guya 1915–ci ildə Osmanlı dövlətinin köçürmə siyasəti nəticəsində 1,5 milyon (əvvəllər 300 min, sonra isə 600 min deyirdilər) erməni ölüb. Bu yalançı iddianı əsaslandırmaq üçün ermənilər müxtəlif xarakterli “sənədlər” hazırlayaraq faktları saxtalaşdırıblar. Lakin arxiv sənədləri, tarixi faktlar sübut edir ki, əslində ermənilər özləri özlərinə quyu qazıblar.

Buna baxmayaraq onlar tarix boyu müxtəlif yalanlar uyduraraq dünya ölkələrini və hökumət rəhbərlərini inandırmağa çalışaraq qondarma “erməni soyqırımı”nı qəbul etdirməyə ciddi cəhdlər ediblər. Buna nail olublar da...

"Erməni soyqırımı" iddiaları 1950-ci illərdən – yəni "soyqırımı" ifadəsi rəsmən beynəlxalq hüquqi status alandan cəmi iki il sonra gündəmə gəlib. Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrilib.

Ermənilər ilk "soyqırımı" qərarının qəbuluna Uruqvayda nail olublar. 1965-ci il aprelin 20-də Uruqvay parlamenti 24 apreli "Erməni soyqırımını anma günü" kimi tanıyıb.

Bundan 17 il sonra – 1982-ci il aprelin 29-da Kiprin yunan icması analoji qərar qəbul edib. Bu sıraya Uruqvay, Cənubi Kipr , Argentina, Rusiya, Yunanıstan, Kanada, Livan, Belçika, Vatikan, İtaliya, Fransa, İsveçrə, Slovakiya, Hollandiya, Polşa, Almaniya, Venesuela, Litva, Çilini də aid etmək olar. Lakin həmin ölkələrdə tarixi tarixçilər deyil, siyasətçilər öz şəxsi və ya qrup mənafelərinə uyğun qiymətləndiriblər. Mütəxəsisslər hesab edir ki, elə bugünki Ermənistanın təməli əslində soyqırımı ideologiyasının üzərində qurulub.

Qeyd edək ki, Ermənistanın əsas xarici prioritetləri siyahısında qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasının daha da genişləndirilməsi durur. Ümumiyyətlə, ermənilərin və erməni lobbisinin hədəfi "4 T" adlanan tələblərinin yerinə yetirilməsidir:
-"Soyqırımı"nın dünyada tanınması;
-Türkiyənin "soyqırımı"nı tanıması;
-Türkiyənin "soyqırımı"na uğramış adamların varislərinə təzminat ödəməsi;
-Türkiyənin Şərqində ermənilərə torpaq verilməsi.

Ancaq tarixçilər hesab edir ki, “erməni soyqırımı” məsələsini Türkiyə qəbul etməyəcək və edə bilməz. Çünki bu məsələnin kökündə həm maddi, həm də mənəvi məsələlər dayanır. Və artıq bir çox dünya ölkələri dərk edir ki, erməni soyqırımı deyilən bir şey olmayıb və bu sırf siyasi səbəblər üzündən ortalığa atılmış bir məsələdir.

Sevinc Fədai


Teqlər:  





Xəbər lenti