`Ögey Ana`nın Cəmiləsi: `Nəcibə xanım məni oğluna almaq istəyirdi` - `FOTOLAR

`Ögey Ana`nın Cəmiləsi: `Nəcibə xanım məni oğluna almaq istəyirdi` - `FOTOLAR
  13 May 2015    Oxunub:56892
Bir zamanlar onu “Ögey ana” filmindən ağ “bantik”li , əlində cücə gəzdirən Cəmilə kimi tanıyırdıq. İsmayılla savaşan, ondan küsən qızcığaz - Sevinc Axundova o illəri gülümsəyərək xatırlayır. Deyir ki, illər keçsə də, onun daxilindəki uşaqlıq hələ də ölməyib, “Ögey ana” filmindən danışarkən özünü yenə də balaca Cəmilə kimi hiss edir. Hətta iki qız övladlarından birinin də adını Cəmilə qoyub.

“Bu qızın 5 barmaq saçını kəsək”




Qonağı olduğumuz Sevinc xanım bizə həmin obrazın necə ərsəyə gəlməsindən danışır:

- Filmin ssenari müəllifi Həbib İsmayılov və eston yazıçısı Anna Yandır. Çəkilişə başlamaq üçün müsabiqə keçirirdilər. Mənim dayım oğlu da film operatoru idi. Həmin yerə məni o apardı. Onda 4-cü sinifdə oxuyurdum. “Cəmilə”yə 3 qızı sınaqdan keçirdilər. Nəhayət, mənim üzərimdə dayandılar. Dedilər ki, “şeir de, ağla, gül”. Nə dedilərsə, mən də etdim, xoşlarına gəldi. Çəkiliş zamanı bildirdilər ki, bu qızın 5 barmaq saçını kəsək. Atam da icazə verdi, ümumiyyətlə, saçımı qısaltdılar.

İsmayıl roluna əvvəlcə aktyor Hacı İsmayılovun qardaşı oğlunu sınaqdan keçirdilər. Ancaq seçilmədi, həmin uşaq epizodlarda çəkildi. Ceyhun Mirzəyev çox istedadlı idi, həm də görkəmi var idi deyə, o keçdi. Ceyhun uşaqlara “bunu elə edin, belə edin”,- deyə kömək edirdi. O, yaşca məndən böyük idi, beşinci sinifdə, mən isə 4-cü sinifdə oxuyurdum.



“İsmayıllıda 6 dəfə suya yıxıldıq”

Hökumət evinin qarşısında, təzə tikilən evlərin yerində həyət var idi, orada köhnə kinostudiya yerləşirdi. Pavilyon çəkilişlərimiz orada olmuşdu. Nahar vaxtı isə dəniz qırağındakı kafedə bizi yedizdirirdilər. Əsas çəkilişlərimiz İsmayıllının Qalacıq kəndində olub. Qərbi Azərbaycanın Dilican kəndində də çəkilişlərimiz oldu. Bir də, üstümə ağacdan almalar düşür e, bax, onu Qubada çəkmişik.

Yadımdadır, hətta orada bir günlük dağa da çıxdıq. Üzüm, əlim, qolum dağda yıxıldığımıza görə cızılmışdır deyə, rejissor məni çox danladı. Dedi, “sən niyə icazəsiz getmisən”.



Suya yıxılma səhnəmi məndən tez-tez soruşurlar. O çəkilişi oktyabrın əvəllərində etdik. Deməli, çəkiliş zamanı altı dəfə suya düşdük. İsmayıllıda böyük bir çay idi, orada suya yıxılırdıq. Amma sudan çıxmaq səhnəsini Dilicanda çəkilib. İsmayıllıda suya düşdük, Dilicanda çıxdıq.

Birinci dəfə suya düşəndə qorxdum, İsmayılı itələdim, qaçdım. Sonra məni aldtadılar. Anam da həkim idi, dedilər ki, get spirt gətir, uşaqları spirtləmək lazımdır. Anam gedib-gəlincə 5 dəfə suya girdik. 5 dəfə də geyimimizi dəyişdilər. 5 dubl çəkiləndən sonra hansı yaxşıdırsa, onu seçdilər. Yadımdadır ki, bir dəfə suya düşdük, çox qəşəng alındı, sevindik ki, ikinciyə ehtiyac qalmayacaq. Bir də baxdıq ki, bizi sudan çıxaranda bir kişinin başı kadra düşüb. Axır ki, alındı. Təbii, nəyi var, xəstələndik. Balaca cücəni isə mənə bağışladılar, gətirdim, şəhər evində saxladım, böyütdüm.



“Ceyhun filmin ikinci hissəsini çəkmək istəyirdi”

Mənim “bantik”imi aktrisa Hökumə Qurbanovanın bacısı, Həbib müəllimin yoldaşı Qəmər xanım bağlayırdı. Ümumiyyətlə, kollektiv çox gözəl idi. Nəsibə xanım çəkilişlərə Cahangirlə birlikdə gəlirdi. Nəcibə xanımla biz ümumiyyətlə, ailəvi dost idik. Nəcibə xanım çox gözəl qadın idi, mehriban, oğlu ilə dostluq edirdim. “Ögey ana”nın çəkilişləri zamanı Nəcibə xanım “ Aygün” filminə də çəkilirdi. İrəvanda oğlunu bizim yanımızda qoyub getdi. Biz çəkilişlər zamanı məktəbə də gedirdik. Qalacıqda məktəb ayırmışdılar, gediridik ki, dərsdən dala qalmayaq. Yalan-palan oxuyurduq (gülür).

“Nəcibə xanım məni oğluna almaq istəyirdi”

Nəcibə xanımın ürəyindən keçirdi ki, məni oğluna alsın. Ancaq razı olmadım, dedim ki, o mənə qardaş kimidir.

Ceyhunun anası gürcü idi. Ceyhun yavaş- yavaş Azərbaycan dilində yaxşı danışmağı öyrənirdi. Rejissor məni o qədər çox istəyirdi ki, “Böyük dayaq” filmində çobanın qızı roluna çəkmək istəyirdi. Heç filmdə elə rol yox idi. Sadəcə, mənə görə o obrazı yaradırdı. Atam razılşadı. Dedi ki, hələ uşaqdır, qoy çəkilsin. Biz anamla getdik, ancaq alınmadı. Bir müddət sonra da atam dedi ki, artıq bəsdir, dərslərindən geri qalırsan.

Mən fortepiano üzrə musiqi məktəbini bitirdim. Sonra Asəf Zeynallıya, daha sonra da konservatoriyaya girdim. Musiqi sahəsi üzrə çalışdım. Hazırda tələbələrim var, onlarla işləyirəm.



Uşaqlıqda Ceyhunla sözümüz çəp gəlirdi. Ancaq sonralar onunla çox yaxın dost olduq, indiyə kimi onun yoldaşı ilə əlaqə saxlayıram. Yadımdadır, birinci dəfə Ceyhun mənə dedi ki, çayda şüşələr var, sənə batacaq. Uşaq şıltaqlığı var idi. Küsürdük, barışırdıq. Fəryad filmini çəkməmişdən öncə deyirdi ki, “mən istəyirəm həmin filmin ardını çəkim. Sənin yoldaşını, mənim yoldaşımı çəkim”. Sonra “Fəryad” filmi araya girdi. Ancaq həmin kinodan sonra o, düşdü. Çünki Ceyhunun atası qarabağlı idi. Və Qarabağa ürəkdən bağlılığı var idi.





Şahanə RƏHİMLİ
Fotolar Nuron Məmmədov



Teqlər:  





Xəbər lenti