Torpağa çevrilək, yoxsa külə? Hələ ki seçim imkanımız yoxdur...

  Torpağa çevrilək, yoxsa külə?  Hələ ki seçim imkanımız yoxdur...
  28 Fevral 2024    Oxunub:1972
Azərbaycanda müxtəlif dinlərin nümayəndələri yaşasa da, bura müsəlman ölkəsidir və dünyasını dəyişənlər əsasən İslam qaydalarına uyğun dəfn edilirlər. Ölkədə cənazə yumaq, kəfənləmək, basdırmaq üzrə ixtisaslaşmış xidmətlər var. Amma kimsə dünyadan getməyin başqa yolunu seçsə - məsələn, cəsədinin yandırılmasını istəsə,- bunu necə həyata keçirə bilər? Bunun üçün şərait varmı və işin qanunvericilik tərəfi necə tənzimlənir?
Kremasiya (latınca cremare “yandırmaq”) ölən şəxsin dəfn edilməzdən əvvəl yandırılması prosesidir. Qədim cəmiyyətlərdə cənazə tonqalda yandırılırdı. Hazırkı dövrdə bu proses krematorium sobasında həyata keçirilir. Müasir Avropada kremasiyadan sonra mərhumun külü dəfn qabına qoyulur və sonra müxtəlif üsullarla basdırıla bilər.

Avropada kremasiyadan Qədim Yunanıstanda geniş istifadə olunub. Yunanlar inanırdılar ki, yandırma axirətdə mərhuma kömək edəcək. Bu ənənə daha sonra Qədim Romaya yayıldı.
Müqəddəs kitabları olan dinlərdə kremasiya bütpərəstliyin əlaməti hesab olunur. Buna görə də Xristianlığın, İslamın yayılması ilə ölən şəxsin meyitinin torpağa basdırılmasına başlanılıb.
Avropada kremasiyanın yenidən canlanması XVIII əsrdə baş verib. Buna səbəb şəhərlərin sürətli inkişafı və qəbiristanlıqların dolması idi. Kütləvi məzarlıqlar epidemiyalara səbəb olurdu. Bütün bunlar kremasiyanın yenidən aktuallaşdırdı. Amma bu, ölən şəxsin yaxınlarını təhqir etmədən həyata keçirilməli idi.
Beləliklə, Avropada ilk krematoriyaların tikilməsinə başlanıldı. Professor Bruno Brunetti 1873-cü ildə dünyada ilk kremasiya sobasını hazırlayıb. Növbəti il ingilis Krematorlar Assosiasiyası yaradılıb. Kraliça Viktoriyanın şəxsi həkimi ser Henri Tompson oranın aktiv iştirakçısı idi. 1878-ci ildə Avropada ilk krematoriyalar İngiltərənin Uokinq şəhərində və Almaniyanın Qota şəhərində tikilib. Kremasiya Amerikada və Rusiyada da geniş yayılmışdı.


Hazırda bəzi xristian təriqətləri kremasiyaya icazə verir. Yunan Pravoslav Kilsəsi, İslam və Yəhudilik isə kremasiyanı qəti və barışmaz şəkildə rədd edirlər.

Rusiyanın Moskvadan Vladivostoka qədər 23 şəhərində hazırda 27 krematoriya fəaliyyət göstərir. “Juravli” dəfn evləri şəbəkəsinin sahibi İlya Boltunov hesab edir ki, Rusiyada kremasiyaya tələbat son bir neçə ildə çox olmasa da, artıb. Burada “tələb təklif yaradır” prinsipi tərsinə işləyir: təklif tələbi yaradır, çünki kremasiya xidmətinin olduğu şəhərlərdə krematoriyaların sayı sürətlə artır.

Kremasiya dünyada getdikcə adi hala çevrilir. Bunun bir neçə səbəbi var: Dünya əhalisi durmadan artır, bu isə qəbiristanlıqların çoxalması deməkdir. Həm də kremasiya basdırılmaqdan daha ucuz başa gəlir. Kremasiya külünün istənilən yerə rahat daşına bilməsi də üstünlükdür. Kremasiya torpağa basdırılma ilə müqayisədə daha gigiyenikdir və təbiətə daha az zərər verir. Hətta yeni “yaşıl kremasiya” kimi ekoloji cəhətdən təmiz üsullar da ortaya çıxıb.

Yaponiya kremasiya üzrə liderdir. Orada dəfnlərin 99,8%-ni kremasiya təşkil edir. Yaponiyada təxminən 11 min krematoriya var. Qərbi Avropa ölkələrində də kremasiyaların sayı artır. Çexiyada dəfnlərin 98, Böyük Britaniya və İsveçdə təxminən 70, Almaniyada bu sahədə mürəkkəb qanunlara baxmayaraq, 60 faizi bu üsulla həyata keçirilir.

ABŞ-da 21-ci əsrin əvvəlindən bəri kremasiyaların payı 25-dən 37 faizə yüksəlib və növbəti onillikdə 60%-ə qədər artacağı proqnozlaşdırılır. Kanadada artıq bir neçə ildir ki, o dünyaya gedənlərin üçdə biri kremasiyadan keçməklə yola salınır.
Avropa ölkələrində kremasiya xidmətləri bir-birindən fərqlənir. Almaniyada ölümdən səkkiz gün keçəndən sonra kremasiyaya icazə verilir. Külün səpilməsi qadağandır. Fransa, Avstriya, İsveçrə kimi ölkələrdə isə külün səpələnməsinə icazə verilir.


Kremasiya Azərbaycanda heç vaxt aktual olmayıb və ölkəmizdə krematoriya xidməti rəsmi olaraq göstərilmir. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov qeyd edib ki, hazırda kremasiya ilə bağlı normativ hüquqi akt yoxdur. Lakin deputat Azərbaycanın tolerant və multikultural ölkə olduğunu bildirərək, ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələrinin dəfninə şərait yaradılmasının lazım olduğunu vurğulayıb. Və əlavə edib ki, bu istiqamətdə işlər görülməlidir.


“Azərbaycanda buddistlər, eləcə də öləndən sonra hansısa səbəbdən meyitinin yandırılmasını istəyənlər var. Hazırda onların sayı o qədər də çox deyil və dəfn məsələləri problem yaratmır. Lakin bu mövzu gələcəkdə aktuallaşacaq. Ona görə hesab edirəm ki, dəfnin icra olunması ilə bağlı hüquqi normativ akt hazırlamalıyıq və istinad ediləcək qanunvericilik bazası olmalıdır. Ayrı-ayrı dinlərə uyğun dəfn məsələsi də təsbit olunmalıdır. Məsələn, buddizm dinin nümayəndələrinin meyitlərinin yandırılması üçün yerlər ayrılmalıdır. Bunun üçün müəyyən mexanizm və normalar işlənməli, bələdiyyələr həmin funskiyaları üzərlərinə götürməlidir. Dünyanın müxtəlif ölkələrində belə təcrübələr var",- deputat bildirib.

Heydər Əliyev Məscidinin imamı, ilahiyyatçı Hacı Rüfət Qarayev qeyd edib ki, islam dinində vacib hökmlərdən biri dəfn mərasimidir. Dəfndən sonrakı 3 gün isə mərasim üçün müstəhəbdir:
- Bir müsəlman dünyasını dəyişsə, bütün insanların boynunda vəzifədir ki, onu islami qaydalara uyğun olaraq yuyub, kəfənləyib, dəfn edib, cənazə namazını qılsınlar.
- Bəs ölənin özü yandırılmağını vəsiyyət etmiş olsa necə?
- Övladının boynunda vacibdir ki, ata-ananın vəsiyyətini yerinə yetirsin. Amma o halda ki, vəsiyyətlər şəriətə, dinə, Qurana, sünnətə, əhli-beytin yoluna zidd olmasın. Bunun xaricində birinin atası, oğlu, qardaşı, hər hansı qohumu İslami qaydalara zidd olaraq meyidinin yandırılmasını, məzarı üzərində içki içilməsini, musiqi çalınmasını istəyirsə, bu, şəriətə ziddir, qadağandır. Və heç bir müsəlmanın səlahiyyəti yoxdur ki, bu işi icra etsin və yaxud həyata keçirsin. Edərsə, böyük günaha girmiş olar.


R.Qarayev qeyd edib ki, hər bir müsəlman üçün ən böyük arzu dünyasını dəyişəndən sonra yuyulub, kəfənlənib, torpağa basdırılması və cənazə namazının qılınmasıdır. Kimsə bunu istəməyəcəksə, şəriətə ziddi olan hansısa fikirlə irəli çıxacaqsa, onun vəsiyyəti İslamda qəbul edilməyən vəsiyyətlərdən sayılır.

"Başqa dinin nümayəndəsinin yandırılması və ya digər üsullarla basdırılmasını bir müsəlman dini icraçı etməz. Bununla ancaq o dinin nümayəndəsi məşğul ola bilər”,- ilahiyyatçı deyib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti