"Əksər hallarda kişilər unudulur..." - Sosioloq

 "Əksər hallarda kişilər unudulur..." -  Sosioloq
  15 Aprel 2024    Oxunub:1010
"Adətən qadınların və uşaqların problemlərinə daha çox diqqət edilir. Bu, bütün dünyada belədir. Əksər hallarda kişilərin problemləri, qayğıları bir qədər unudulur".
Bu sözləri AzVision.az -a açıqlamasında sosioloq Nail Cəlil Azərbaycanda kişilərin pensiya yaşının artırılmasından danışarkən deyib.

Onun sözlərinə görə, sosial dəstək artırılmalı və kişi ömrünün qısalmasının səbəbləri araşdırılmalıdır:

"Belə kəskin disbalansın yaranmasının müəyyən obyektiv, subyektiv səbəbləri var. Pensiya yaşı ilə bağlı qadınlar və kişilər arasında kəskin fərq olmamalıdır. Bu, hər iki cinsin nümayəndələri üçün azaldılmalıdır. Ona görə ki, xanımlar da bunun müqabilində qarşı tərəfə lazım olan diqqəti qayğını göstərə bilməlidir. Təbii ki, qayğı qarşılıqlı olmalıdır".

Sosioloq onu da qeyd edib ki, gender həmrəyliyi də vacib şərtlərdən biridir:

"Biz xanımları, bəyləri qarşı qarşıya qoysaq, onda cəmiyyətdə nifaq, bölgü yaratmış oluruq. Bu da arzuolunan deyil. Ümumiyyətlə, insanların sağlamlığı ilə bağlı tibbi, sosial, rifah tədbirlərinin gücləndirilməsi vacibdir.

Bütün dünyada pensiya yaşının artma prosesi gedir və bu istər-istəməz Azərbaycana da öz təsirini göstərir. Dövlət, cəmiyyət səviyyəsində bu istiqamətdə sosial inkişafa dəstək layihələri gerçəkləşdirməlidir. Həm ictimai fikir, düşüncə, həm də maddi imkanlar bir-birini tamamlamalıdır".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti