Fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başlayır

Fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başlayır
  15 Aprel 2024    Oxunub:646
Kənd Təsərrüfatı Nazirliyi Minatəmizləmə Agentliyi (ANAMA) ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək təsərrüfatların rəhbərləri üçün mina təhlükəsizliyinə dair təlimlər keçirir.
Kənd Təsərrüfatı Nazirliyindən AzVision.az -a verilən məlumata görə, təlimlərdə 4500-dən çox fermerin iştirakı nəzərdə tutulub. Təlimlər Yevlax rayonunda (16-19 aprel), Gəncə (22-25 aprel) və Sumqayıt (16 aprel) şəhərlərində keçiriləcək.

ANAMA mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə azad olunmuş ərazilərdəki dislokasiya nöqtələrində davranış qaydaları, partlamamış sursat və minaların müəyyən olunması, mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumat verilir. Eləcə də vizual olaraq tanınması üçün təlim iştirakçılarına müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarının nümunələri göstərilir. Təlimin sonunda iştirakçılara azad olunmuş ərazilərdə əsas davranış qaydalarına dair təlimat kitabçası təqdim olunur.

Təlimləri başa vuran fermerlər azad olunmuş ərazilərdə, təsərrüfatları aparacaqları dislokasiya nöqtələrində davranış qaydalarına dair təlimatlarla tanış olduqları barədə iltizamnamə imzaladıqdan sonra yaylağa köç prosesində iştirak edə biləcəklər.

Artıq yaylaqlara köç edəcək fermerlərin bir hissəsinə təlimlərin tarixi, saatı və keçiriləcəyi məkanla bağlı SMS-bildiriş göndərilib. Yaxın günlərdə təlimlərə cəlb olunacaq fermerlərə SMS-bildirişlərin göndərilməsi başa çatacaq.

AzVision.az


Teqlər: Kənd-Təsərrüfatı-Nazirliyi   fermerlər   təlim  





Xəbər lenti