Ölkədə neçə narkoman var? - RƏSMİ

   Ölkədə neçə narkoman var? -    RƏSMİ
  03 May 2024    Oxunub:702
“Ölkəmizdə ötən il 10 060 cinayət faktı qeydə alınıb. Həmin hadisələr üzrə 8 777 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Sözügedən şəxslərdən 7 ton 58 kq narkotik və müxtəlif növ psixiatrop maddə götürülüb. Cinayət məsuliyyətinə cəlb edilən 100 xarici ölkə vətəndaşının üzərindən də narkotik maddə aşkarlanıb”.
AzVision.az xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev “Narkomanlığa qarşı mübarizədə Mediadan düzgün istifadə” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, barələrində məhvetmə qərarı verilmiş külli və xüsusi miqdarda narkotik maddələrin məhv olunması 2023-cü ildə həyata keçirilib və bu il də davam edir:

“Bu, 3 600 cinayət faktı üzrə səkkiz tona yaxın külli və xüsusi miqdarda narkotik maddənin məhv edilməsi deməkdir”.

Ölkə üzrə narkomanların sayı da açıqlanıb. F.Şahverdiyev deyib ki, 2024-cü ilin yanvarına qədər olan statistikaya görə 36 659 nəfər dispanser nəzarətindədir:

"Həmin şəxslərin 8 458 nəfəri bir neçə növ narkotik vasitə istifadəçisidir. Narkotik istifadəçilərinin 802 nəfərini qadınlar təşkil edir".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti