Tehran Ankaranın `ikili oyun`undan qorxur – TƏHLİL

Tehran Ankaranın `ikili oyun`undan qorxur – TƏHLİL
  30 Yanvar 2014    Oxunub:1665
Qərbin İrana qarşı yumşalması Türkiyəni hərəkətə gətirib. Məlumdur ki, İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlarda Tehranla altllıq arasında ilkin razılaşma əldə olunub. Razılaşmaya əsasən, İranın nüvə proqramından imtina etməsi müqabilində ona qarşı Qərb dövlətləri tərəfində tətbiq olunan sanksiyalar mərhələli çəkildə ləğv olunacaq. Artiq ABŞ və Avropa Dövlətləri sanksiyaların ləğv olunması ilə bağlı müzakirələrə başlayıb ilkin mərhələdə Tehrana xarici banklarda əməliyyatlar aparmasına icazə verilib.

Amerikanın İranla bağlı mövqeyinin yumşalmasını və bu mövqenin ən azı 2 il, yəni prezident Barak Obamanın hakimiyyəti başa çatanadək davam edəcəyini elə prezidentin özü ABŞ konqresinə müraciəti zamanı bildirib. Barak Obama Suriya və İran böhranının danışıqlar yolu ilə həllinə üstünlük verdiyini vurğulayıb. Buna görə Konqresin İrana qarşı sanksiya tətbiq etməsinin əleyhinə olduğunu və lazım gələrsə bu tip sanksiyaların ləğvi üçün veto hüququndan istifadə edəcəyini də konqressmenlərə xatırladıb.

Ancaq eyni zamanda prezident İranın bu şansdan layiqincə yararlanmalı olduğunu, atom silahı istehsal etmək niyyətində olmamasını dünyaya sübut etməli olduğunu da söyləyib. Əks halda, Tehrana qarşı daha sərt tədbirlərin görülməsinə özünün start verəcəyini qeyd edib.

Tehrana qarşı sanksiyaların ləğvi o deməkdir ki, artıq İran xaricə neft və qaz satışını artıra biləcək və Türkiyə bu məqamdan faydalanmaq istəyir. Odur ki, Türkiyənin baş naziri tələsik Tehrana yola düşüb. Ancaq İranın “qara siyahı”da olduğu dövrdə Ankaranın ona qarşı tutduğu mövqeyi ilə bağlı incikliyi hələ də qalmaqdadır.

İran tərəfi Ərdoğanın səfəri öncəsi bu məqamı baş nazirə xatırlatmağı da unutmayıb. Belə ki, səfər ərəfəsində İran İnqilabı Mühafizəkarlarının nümayəndəsi Abdulla Maci Sadiqi Ərdoğanın Suriya böhranı zamanı “İsrailin kuklası” kimi hərəkət etdiyini bildirib. “Ərdoğan Siyonist rejimin əlində bir kuklaya dönmüşdü lakin son zamanlarda artıq oyandığını görürük ”,- deyən Sadiqi, əlavə edib ki, “İran Türkiyə ilə əlaqələrində yeni bir mərhələyə qədəm qoyur”.

Ərdoğan İranın vitse-prezidenti İshak Cahangiri ilə görüşündən sonra verdiyi açıqlamada bu ölkəyə səfərinin əsasən iqtisadi maraqlarla bağlı olduğunu gizlətmədi. O qeyd edib ki, Türkiyənin strateji idxal məhsulu olan neft və qazın İrandan alınmasında maraqlıdı.

Belə ki, Türkiyənin inkişaf edən sənayesinin enerji resurslarına olan ehtiyacları günü-gündən artmaqdadır. Ərdoğan 2013-cü ildə 2012-ci ilə nisbətən ölkələrarası ticari dövriyənin aşağı olduğunu, bu göstəricinin artımına çalışdıqlarını vurğulayıb. Belə ki, 2012-ci ildə Türkiyə ilə İran arasında ticari dövriyyənin ümumi həcmi 21.8 milyard dollar təşkil etmişdisə, 2013-cü ildə məlum səbəblərdən bu göstərici 13.5 milyard dollara düşüb. Baş nazir bu rəqəmin 2015-ci ilin sonuna qədər 30 milyard dollara çatdırılmasını məqsəd qoyduqlarını bəyan edib.

Ankaranın Suriya böhranında tutduğu anti-Əsəd mövqeyi ilə bağlı soyuq münasibət bəslədiyi Tehrana birdən-birə qucaq açması ilk növbədə iqtisadi maraqları ilə bağlıdır. Türkiyə bu yolla ölkəsini nisbətən ucuz enerji resursları ilə təmin edəcək, eyni zamanda neft və qazın daha artıq qiymətə Avropaya satılmasını həyata keçirməklə əlavə gəlir əldə edəcək. Rusiyaya alternativ enerji dəhlizinin Türkiyənin ərazisindən keçməsi həm Moskva, həm də Brüsselin məcburən Ankara ilə hesablaşmasına gətirib çıxarır. Digər tərəfdən Türkiyə Amerikaya sadiqliyini nümayiş etdirir və ABŞ-ın yumşalması ilə o da, dünənki düşməniylə yenidən dostluq qurur.

İranla Türkiyə arasında hələ ki, razılaşdırılmamış qalan yeganə məsələ Suriyadakı böhrandır. Obamanın son çıxışına istinad edərsək, ABŞ-ın Suriya ilə bağlı bugünki mövqeyi ondan ibarətdir ki, Vaşinqton Suriya daxilində mübarizə aparan qüvvələrin arasında başlayan dialoqun davam etməsini istəyir və hələ ki, bu ölkəyə kənardan müdaxilə olunmasına qarşıdır. Bu mənada Türkiyənin tutacağı mövqenin necə olacağı maraq doğurur.

Ankara bir tərəfdən Suriya müxalifətinə silah göndərən Fransa ilə Səudiyyə Ərəbistanı birliyinə, digər tərəfdən isə Əsədin tərəfində çıxış edən İrana dəstək verə bilər. Hər iki tərəf Suriya uğrunda mübarizə aparır və kimin qələbə qazanması Ankaranın mövqeyindən çox asılıdır. İran ehtiyat edir ki, Ərdoğan əvvəllər olduğu kimi yenə ikili oyuna əl atar. Ankara bir tərəfdən Səudiyyə Ərəbistanının pulları hesabına alınmış silahın Suriya müxalifətinə ötürülməsinə şərait yarada, digər tərəfdən isə İranla münasibətlərini qorumaq məqsədiylə Suriyada böhranın həlli üçün dialoqun vacibliyini bəyan edə bilər. Mübarizənin nəticəsindən asılı olmayaraq Türkiyə hər iki halda uduşdadır.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti