Azərkosmos: "TDT ölkələri ilə kosmik əməkdaşlığa xüsusi əhəmiyyət veririk"

   Azərkosmos: "TDT ölkələri ilə kosmik əməkdaşlığa xüsusi əhəmiyyət veririk"
  23 Aprel 2025    Oxunub:414
"Azərbaycan kosmik sənayedə Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığa əhəmiyyət verir".
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) sədri vəzifəsinin icraçısı Dunay Bədirxanov Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Kosmik Agentlikləri və müvafiq qurumları rəhbərlərinin IV illik toplantısında söyləyib.

O diqqətə çatdırıb ki, 2021-ci ildə təsdiqlənmiş "Türk Dünyasına Baxış - 2040" kosmik sahədə əməkdaşlığın məqsədlərini aydınlaşdırmaqla yanaşı kosmosun dinc məqsədlərlə tədqiqinə və elmi tərəqqiyə kollektiv öhdəliyimizi göstərir. Bədirxanovun sözlərinə görə, artan regional əməkdaşlığın daha bir perspektivli nümunəsi "CubeSat" Layihəsidir.

"Azərbaycan texniki əməkdaşlığın inkişafı üçün iqtisadi cəhətdən səmərəli və genişlənən peyk modelindən faydalanaraq, TDT-yə üzv ölkələrlə sıx tərəfdaşlıq çərçivəsində bu təşəbbüsü həyata keçirməyə hazırdır. Sözügedən təşəbbüs texniki əhatəsindən əlavə həm də qabaqcıl sensorlarla regional ekoloji məqsədlərimizi diqqətə çatdırmaq üçün nəzərdə tutulub. Layihə karbon qazı və metal emissiyalarının monitorinqini aparacaq, iqlim dəyişikliyi ilə mübarizədə mühüm məlumatlar ötürəcək, eyni zamanda, ətraf mühitin mühafizəsi sahəsində regional imkanlarımızı gücləndirəcək", - o deyib.

Dunay Bədirxanov həmçinin milli məqsədlərin öz əksini tapdığı, ətrafında nazirliklərin, dövlət qurumlarının, universitetlərin və özəl sektor tərəfdaşlarının birləşdiyi Azərbaycanın hərtərəfli kosmik strategiyasını da toxunub.

"Bu vahid yanaşma imkan yaradır ki, hər bir maraqlı tərəf dayanıqlı kosmik ekosistemin qurulmasına töhfə versin. Azərbaycan, eyni zamanda, milli kosmik ambisiyalarımızın rəsmiləşdirilməsində mühüm addım kimi yerli kosmik fəaliyyətləri qəbul edib. Bu fəaliyyətlərin BMT-nin kosmik müqavilələrinə uyğunluğu göstərir ki, fəaliyyətlərimiz qlobal standartlarla ayaqlaşır və kosmosun məsuliyyətli tədqiqinə sadiqliyimizi gücləndirir", - Bədirxanov bildirib.

Səbinə Həsənova
AzVision.az


Teqlər: Azərkosmos  





Xəbər lenti