Pul bazasının artması nəyi göstərir? - TƏHLİL

   Pul bazasının artması nəyi göstərir? -    TƏHLİL
  04 Avqust 2021    Oxunub:6611
İlin birinci yarısının yekunlarına əsasən ölkə iqtisadiyyatının tənəzzüldən çıxdığına dair daha bir əyani sübut məhz pul bazası həcminin əhəmiyyətli dərəcədə artmasıdır. Diqqəti cəlb edən əsas məqam isə odur ki, bu sahədə qeydə alınan rəqəmlər tendensiyanın getdikcə daha da sürətləndiyini göstərir.
Pul bazası dövriyyədə olan pul vəsaitləri ilə Mərkəzi Bankın kredit təşkilatları qarşısında olan öhdəlikləridir. Pul bazasının iqtisadi inkişafda böyük rolu var, bu göstərici mühüm tənzimləyici və təsiredici əhəmiyyətə malikdir. Onun həcmi elə müəyyən olunmalıdır ki, "nə şiş yansın, nə kabab". Başqa sözlə desəm, nə inflyasiya baş versin, nə də ki, işgüzar fəallıq ləngisin. Bu, hər bir hökumətin qarşısında həlli çox çətin sayılan məsələlərdən hesab edilir.

Bu ayın əvvəlinə olan məlumata əsasən, ölkədə pul bazasının həcmi 14 213 400 000 manat olub. Bu isə o deməkdir ki, qeyd edilən rəqəm aylıq müqayisədə təxminən 3 faiz, 2020-ci ilin eyni dövrü ilə (illik) müqayisədə isə 21,7 faiz yüksək təşkil edir. Cari ilin əvvəlinə nəzərən isə 4,8 faiz çox.

Yeri gəlmişkən, ilin birinci yarısının yekunlarına əsasən inflyasiya 4,3 faizə bərabər olub. Xatırladıram ki, bu il üçün ölkə üzrə sözügedən göstərici 2-4 faiz ətrafında proqnozlaşdırılıb ki, ilin sonuna qədər real inflyasiya səviyyəsi belə görünür, bundan yüksək təşkil edəcək.

Sual yaranır ki, bunu pul bazasının genişlənməsi şərtləndirəcəkmi? Xeyr. Mənfi cəhət də elə məhz bundan ibarətdir.
Pul bazası isə əsas etibarilə adətən, Mərkəzi Bank tərəfindən bir tərəfdən banklara verilən kreditlərin ucuzlaşdırılması, yəni əlavə kredit resurslarının verilməsi və yaxud da əlavə pul emissiyasının həyata keçirilməsiylə, digər tərəfdən isə maliyyə bazarında müvafiq əməliyyatlar keçirməklə dövriyyədə olan mövcud vəsaitin bir hissəsinin çıxarılması, ya da artırırılması yolu ilə idarə olunur.

İş ondadır ki, Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini ilin əvvəlindən bəri dəyişdirməyib, yəni 6,25 faiz səviyyəsində saxlayıb. Ümumiyyətlə, keçən ilin dekabrın 18-dən sonra bu rəqəm heç bir dəyişikliyə məruz qalmayıb. Ancaq, bunun müqabilində isə qeyd etdiyim kimi pul bazası artıb və artmaqda da davam edir.

İnflyasiyaya gəldikdə isə, ölkə iqtisadiyyatında tənəzzülün dayanması fonunda istehlak bazarında qiymətlərdə ilin əvvəlindən bəri başlayan artım davam edib və edir. Ümumiyyətlə, xüsusən may ayı ərzində qiymətlərin artım sürəti daha yüksək tempdə olduğundan, sanki, hər şeyin işgüzar fəallığın dirçəlməsi ilə əlaqəli baş verdiyi təəssüratı yaranıb. Halbuki belə deyil.

Manat möhkəmlənməyə meyilli olduğundan, ölkəyə idxal stimullaşdırıcı xarakter daşıdığından və qeyr-neft ixracı üzrə artım hələ ki tələb edilən səviyyədə olmadığından, istehlak qiymətləri indeksi də daha çox yüksəlməyə meyil göstərir və göstərməlidir də. Göründüyü kimi, pul bazasının artması nə hər hansı bir işgüzar fəallığı dəstətəkləmək tədbirləri ilə əlaqədardır, nə də ki, real sektorda ortaya çıxan bu və ya digər tələblə. Bu, sadəcə olaraq, dövriyyənin özündən irəli gələn bir reallıq və ən əsası, girişdə də qeyd etdiyim kimi, cari ilin birinci yarısının yekunlarına əsasən ölkə iqtisadiyyatının tənəzzüldən çıxmasının göstəricisidir. Üstəgəl həm dövlət büdcəsinin, həm də cari əməliyyatlar hesabının profisitdə olması kimi amillər də bunda az əhəmiyyət daşımır.

Bütün bunlardan əlavə, dövriyyədə manatla pul kütləsinin artması təklifin tələbi üstələməsi kimi də qəbul olunmalıdır. Ümumiyyətlə, Azərbaycanda inflyasiya ilə manatın dəyərinin formalaşması mexanizmi arasında qarşılıqlı əlaqə mövcud olmadığı kimi, dövriyyədə olan nağd pul kütləsinin artımı ilə işgüzar fəallıq arasında müvafiq münasibət də yoxdur.

Bəs, bu vəziyyəti necə aradan qaldırmaq olar?
Ölkədə pul-kredit siyasətinin bazar iqtisadiyyatının qanunlarına və tələbinə əsasən formalaşması və həyata keçməsi üçün real sektor qarşılıqlı rəqabət, müvafiq stimullaşdırıcı mexanizm, mənfəət və səmərələlilik prinsipləri əsasında inkişaf etməli, maliyyə bazarı istehsal prosesi ilə əlaqəli şəkildə mövcud olmalıdır. Əks təqdirdə, pul bazasının artması və yaxud azalması kimi göstəricilər özünü elə həmişə səbəb yox, nəticə rolunda büruzə verəcək.


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb- TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL



Teqlər: İqtisadiyyat   Pul  





Xəbər lenti