“Kürd kartı” niyə oynanılmadı: Vens Ərdoğana xəbər sızdırıb

   “Kürd kartı” niyə oynanılmadı:    Vens Ərdoğana xəbər sızdırıb
  06 İyun 2026    Oxunub:515
“Mossad”ın 5 illik səlahiyyət müddəti başa çatan rəhbəri Devid Barnea bu kəşfiyyat orqanının tarixində xüsusi rol oynaması ilə yadda qalacaq. Ona qədər “Mossad” hər iki əməliyyatından birini gizli keçirən “kölgə oyunçu” idisə, Barneanın dövründə Yaxın Şərqdəki döyüş əməliyyatlarının açıq iştirakçılarından birinə çevrildi.
2024-cü ilin sentyabrında “Hizbullah” liderlərinin partlayan peycerləri, 2025-ci ilin iyununda İranın daxilində sabotaj yaratmağa çalışan yüzlərlə agentdən ibarət şəbəkə Barneanın “əsəri” idi. “Hizbullah”ın lideri Həsən Nəsrullahın qətli də bu siyahıya yazılmalıdır.

2024-ci il, sentyabrın 27-də peycerlərin 10 günlük atəşfəşanlığından sonra İsrailin Müdafiə Qüvvələrinin (IDF) “F-15I” təyyarələri Nəsrullahın Dahiyadakı (Beyrut) qərargahına 85 bomba atdı. Beləcə, “Hizbullah”ın 30 illik lideri 20 komandirlə birlikdə məhv edildi. Onların arasında təşkilatın yeni hərbi rəhbəri olan Əli Karaki də var idi.

Bu əməliyyat uzun müddət toplanan informasiyanın və yüksək ustalıqla görülmüş hazırlığın nəticəsi idi. Sonradan məlum oldu ki, IDF-in dəqiq zərbələr endirə bilməsi üçün “Mossad”ın agentləri Nəsrullahın bunkerində xüsusi qurğular yerləşdiribmiş. Bu agentlərin çoxu İranda olduğu kimi, Livanda da yerli əhalidən seçilmişdi. Bəzi hallarda zərbələrdən dərhal sonra onlar yenicə bombalanmış əraziyə daxil olaraq, əvvəlcədən yerləşdirilmiş qurğuları oradan götürürdülər ki, heç bir iz tapılmasın.

Devid Barnea

Amma Barneanın sonuncu əsas missiyası İranda planlaşdırılan “Şahə qalxan şir” əməliyyatı zamanı kürdlərdən islam rejiminə qarşı istifadə etmək olmalı idi. Əslində ideya Trampdan gəlmişdi. ABŞ 2003-cü ilə Səddam Hüseynə qarşı yerli kürdlərdən uğurla istifadə etmişdi və indi eyni təcrübəni təkrarlamaq istəyirdi. “Mossad” bu işin təşkilatçısı olmalı idi. Təşəbbüsə şübhə ilə yanaşanlar çox olsa da, Barnea və komandası əməliyyatlın uğuruna inanırdılar. Skeptiklərin arasında isə hətta CİA-nın direktoru Con Retkliff də var idi.

“Şahə qalxan şir”in nəriltisi dünyaya yayılandan sonra “Mossad”ın və IDF-in Qəzza zolağında “Həmas”dan müsadirə etdikləri silahların kürdlərə ötürülməsinə başlanıldı. Barneanın özü Trampla videosöhbətində bildirmişdi ki, İranla müharibə tez bitməyəcək və bir ilə qədər vaxt aparacaq. 8 milyon kürdün, eləcə də rejimə qarşı olan digər azlıqların ayağa qalxması İran hakimiyyətinin dayaqlarını sarsıda, çöküşünü tezləşdirə bilər. Baş nazir Benyamin Netanyahu da eyni mövqedən çıxış edib. IDF isə artıq kürdlərin yaşadığı ərazilərdə uçuşa qapalı zona yaratmış, “Bəsic”in kritik obyektlərinə zərbələrin endirilməsinə başlamışdı.


Amma hər şey hazır olsa da, əməliyyata icazə verilmir. “Əməliyyat otağı” kitabının müəlliflərindən biri Yona Ceremi Bob yazır ki, burada əsas rolu ABŞ-nin vitse-prezidenti JD Vens oynayıb. Əvvəldən İranla müharibəyə qarşı olan Vens kürdlərdən istifadə etmək planı haqda məlumatları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sızdırıb. Bundan sonra Ərdoğan birbaşa Trampla əlaqə saxlayaraq, kürdlərin silahlandırılmasının dayandırılmasını tələb edib. Nəticədə “Mossad” planın icrasını saxlamalı olub.

Əgər kürd kartı oyuna qatılsa, nəticə Barneanın planlaşdırdığı kimi olacaqdımı? Demək çətindir. Amma qatılmamasının nəticəsi ortadadır. “Şahə qalxan şir” əməliyyatının əsas məqsədinə çatılımayıb. “Mossad”ın məlumatına görə, hazırda İran nüvə ehtiyatlarının 60%-dən çoxunu İsfahanın cənubundakı Pikax dağının (Kolah qazi) altındakı bunkerdə saxlayır. Əgər Fordodakı bunkerin dərinliyi 80-90 metr idiisə, Pikax bunkeri 100 metrə qədər yerin altındadır. ABŞ-nin “GBU-57” bombaları isə maksimum 60 metrə qədər dərinliyə nüfuz etməyə qadirdir. Ona görə də bunkerlərin havadan məhv edilməsi real görünmür. Bunun üçün quru əməliyyatına ehtiyac var idi, lakin ordu rəhbərləri yüksək riskləri əsas gətirərək, Trampı belə addım artmaqdan çəkindiriblər. Xüsusilə də pilotların xilası əməliyyatının üzləşdiyi çətinliklərdən sonra Tramp onlara qulaq asmalı olub.

Vüsal Məmmədov
AzVision.az


Teqlər: Kürd   İsrail   İran   Mossad  



Xəbər lenti