Teatrı qoxulamaq yox, baxmaq lazımdır

Teatrı qoxulamaq yox, baxmaq lazımdır
  08 İyun 2016    Oxunub:3252
Anar Bürcəliyev
Teatrşünas

Bu günlərdə Manera.az sayıtında Nuranə Dadaşova yazır: “Teatrdan çaxır qoxusu gələrsə... Kimdir günahkar?” Maraqla oxudum. Ançaq ilk andaca təəssüf hissi ilə düşündüm ki, böyük bir tarixi olan teatrlarımıza bu cür münasibət göstərmək, ümumiyyətlə Azərbaycan teatrı və mədəniyyəti haqqında bu cür kəsadcılıqla danışmaq heç də düzgün deyil. Əslində deyərdim ki, bu cür fikirlər bəlkə də ən azından teatrlarımıza, onların fəaliyyət dairəsinə yaxından bələd olmamaq və daxili mətbəxdən kifayət qədər xəbərsiz olmaqdan qaynaqlanır.

Çox hörmətli Nuranə xanım öz fikirlərinə dahi rus yazıçısı və ədəbiyyat tənqidçisi Belinskinin XIX əsrin birinci yarısında yaradıcı gənclərə ünvanladığı müraciətinə istinadən başlayır: “Teatrı sevin və lazım olsa orda ölməyi bacarın”.

Daha sonra müəllif bildirir ki, “Günümüzdə dahi rus tənqidçisinin bu ibrətamiz ifadəsinə istinad etmək istəyəndə qarşıma belə bir sual çıxır: Bəs, görəsən bu gün necə, teatra görə ölməyə dəyərmi? Bu sualın cavabı heç şübhəsiz ki, birmənalı sayıla bilməz. Ən azı ona görə ki, Azərbaycanda fəaliyyət göstərən teatr müəssisələrinin bugünkü durumu olduqca acınacaqlıdır. Nə yazıq ki, bu vəziyyət uzun illərdir davam edir və bir çıxış yolu hələ də tapılmır”.

Əslində isə heç də xanım müəllifin fikirləşdiyi kimi belə deyil. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Hələ keçmiş sovetlər biriliyi zamanı müxtəlif truppalar şəklində “Nicat”, “Səfa”, “Həmiyyət” mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin “Müsəlman Dram Artistləri İttifaqı”, “Hacıbəyov qardaşları müdiriyyəti” şəklində tamaşalar göstərilmişdir. Klassiklərimizin və müasirlərimizin yaratdıqları ədəbi əsərlər dünya mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer tutmuşdur.

Mürəkkəb inkişaf yolu keçmiş Azərbaycan teatrının reperturı bu gün daha da genişlənib və zənginləşib. Xüsusi olaraq qeyd etmək lazımdır ki,1890-cı illərdən başlayaraq, N.Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrlarımızda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidmətləri olmuşdur. Məhz bu illər ərzində qabaqcıl, demokratik ideyalarla sıx bağlı olan Azərbaycan teatrı xalqın mədəni inkişafında mühüm rol oynamışdır.140 ildən artıq bir yol keçən Azərbaycan teatrının uğurları qədər, bəzən problemləri də az olmur.

Son vaxtlar bu ocağa diqqət teatr sənətimizin inkişafında mühüm rol oynayır. Azərbaycan teatrının çağdaş mənzərəsi xeyli rəngarəng və zəngin görünür.Tək paytaxt Bakıda fəaliyyət göstərən teatrlarımız deyil həmçinin regionlarda fəaliyyət göstərən Dövlət Dram teatrları da bu gün özünəməxsus rəngarəngliyi və zənginliyi qoruya bilir. Bu gün regionlarda fəaliyyət göstərən teatrların hər birinin öz missiyası, öz teatr estetikası, öz dəsti-xətti var. Gözlə görünən mənzərə həqiqətən zəngindir. Bu gün ən maraqlısı və qiymətli olanı isə budur ki, bu teatrların hamısında coşqun yaradıcılıq işi gedir. Onların hər biri yeniləşməyə, təkmilləşməyə, böyük sənət uğurları və tamaşaçı məhəbbəti qazanmağa çalışırlar.

Daha sonra xanım müəllif bildirir ki, “Repertuar kasadlığı, tamaşaçı qıtlığı, intellektli rejissor çatışmazlığı, aktyor yarıtmazlığı və s. kimi hallar, fikrimcə teatrı bir istehsal müəssisəsi kimi işlənməz hala gətirən məqamlardan sayılmalıdır. Bu müəssisələrə birbaşa və ya bilavasitə cavabdeh olan şəxslərin səriştəsizliyini və bu sənətə dırnaqarası baxmalarını da nəzərə alsaq, teatrımızın bugünkü durumu ilə bağlı problemlərin kökündə nələrin dayandığını daha açıq şəkildə bəyan etmiş olarıq. Belə olan halda bizlər teatrdan nə istəyə bilərik axı? Təbii ki, heç nə! O halda nədən teatrın bu günki durumu ilə bağlı bütün məsuliyyəti, demək olar ki, bu “bədbəxt” tamaşaçının üzərinə qoyuruq? İnsafsızlıq deyilmi? Burada deyiblər e: “Adımı sənə qoyum, səni yana-yana qoyum”.

Əvvala qeyd edim ki, hörmətli Nuranə xanım bu gün teatrlarımızda heç də sizin qeyd etdiyiniz kimi repertuar kasadlığı, istənilən halda o qədər də anlaşılmaz olan tamaşaçı qıtlığı, intellektli rejissor çatışmazlığı, aktyor yarıtmazlığı və s. kimi hallar yoxdur. Bu fikirlərin haradan qaynaqlandığı isə məlum deyil, bəlkə də absurddur. Bu gün respublikamızda 27 adda Dövlət teatrları fəaliyyət göstərir ki, hər birində də zəngin repertuar mövcuddur və öz tamaşaçı auditoriyasının tələbləri səviyyəsində işini qurur. Əslində teatr deyilən bir varlıq, bu gün ümumiyyətlə,“burda və indi” prinsipi ilə işləməlidir.

Bu prinsipə geniş mənada yanaşsaq, teatrlarımız sözün əsl mənasında bugünün tamaşaçıları üçün işləyir və təbiidir ki, məhz onların tələbinə, istəyinə uyğun öz repertuar zənginliyini qoruyub saxlayır. Heç bir teatr gələcək üçün tamaşa hazırlamır, əslində bu çür olsa idi bu sözün əsl mənasında nonsens (uydurma) olardı. Elə bu səbəbdən də teatr heç vaxt zamanı qabaqlamağa çalışmamalı, teatr müasir zamanla yanaşı addımlaya bilməlidir və addımlayır.

Əgər bu gün belə bir fəaliyyət varsa demək artıq böyük nailiyyətdir. Bu günün teatrını televiziya, video, internet, müxtəlif xarakterli şoular kimi kütləvi mahiyyət daşıyan güclü rəqiblər əhatə edib. Əslində bu gün onlarla mübarizə aparmaq teatrlarımızın imkanları xaricindədir. Bu ayaqüstü yeyilən və çox tez həzm olunan “fast-fud” rəqiblər içərisində mövqeyini və əhəmiyyətini saxlamaq teatrlarımız üçün çox çətindir, amma bu gözəl sənətin bir böyük üstünlüyü var: teatr tamaşaçı ilə canlı ünsiyyətdədir. Bax elə bu ünsiyyət onu hər çətinlikdən xilas edir. Amma teatrlarımız elə işləməli, elə yeni məzmun və formalar tapmalıdır ki, ünsiyyət tərəfdaşını, başqa sözlə tamaşaçısını itirməsin. Bu gün teatrlarımız bir vaxtlar itirdiyi tamaşaçılarını geri qaytarmağa və yenilərini fəth etməyə çalışır.

Məlumdur ki, Azərbaycan teatrlarında vaxtaşırı qabarmalar, televizya üçün tamaşaların çəkilməsi olub. Təbiidir ki, bu 140 ildən artıq bir zaman kəsiyində teatrlarımızın çox populyar vaxtları olub. Çünki tam yəqinliyi ilə deyə bilərəm ki, ötən əsrin əvvəllərindən lap 70-80-ci illərə qədər Azərbaycan teatrına bir kütləvi tamaşaçı məhəbbəti olub. Sözsüz ki, burada xüsusi olaraq teatrlarımızın inkişafında rejissorlarımızın da mühüm təsiri olub. Bu gün Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi mərhələ rejissorlarımızın xidmətləri yenə də xüsusi olaraq qeyd edilməlidir.

Teatrşünas Aydın Talıbzadə deyir: “Keçmiş teatr mifləri bizə bugünkü teatrımızı düzgün qiymətləndirməyə mane olur”. Bu həqiqətdə də belədir. Bu gün təəssüflər olsun ki, bilən də, bilməyən də teatrlarımızın keçmişindən, onun tarixindən nağıllar, dastanlar qoşur, rəvayətlər yaradır və bununlada müasir teatrımızı aşağılayırlar. Halbuki hər şeyə, elə teatra da zamana, məkana və şəraitə görə qiymət vermək lazımdır. Bu günün özündə bizim Azərbaycan teatrında istedadlarına görə adları əfsanəyə çevrilmiş və heç də əskik olmayan rejissorlar var. Amma zaman dəyişib, teatr rejissorunun o qədər də teatral olmayan Azərbaycan kimi bir məkanda mifə çevrilməsi bu gün çox çətindir, bəlkə də heç mümkün deyil.

Təbii ki, bu gün mən kommunist rejiminin qəsdlə yaratdığı mifləri isə adiləşdirmək və ya dağıtmaq fikrindən çox uzağam, çünki müqayisə üçün bir istinad nöqtəsinin olması da pis deyil. Ədil İskəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Hüseynağa Atakişiyev, Vaqif İbrahimoğlu… Fikir verin, zamanımıza yaxınlaşdıqca bu böyük sənətkarlar əfsanəvilikdən çıxır və sonda Tofiq Kazımov, Hüseynağa Atakişiyev, Vaqif İbrahimoğlu kimi adiləşir, real insanlara çevrilir. Bu gün əsl sözüm ondan ibarətdir ki, müasir Azərbaycan teatrında Azər Paşa Nemətov başda olmaqla Bəhram Osmanov, Bəxtiyar Xanızadə, Mehriban Ələkbərzadə, Cənnət Səlimova, Vaqif Əsədov, Rövşən Almuradlı, Loğman Kərimov, İrana Tağızadə, Firudin Məhərrəmli, Vaqif Şərifov, Yusif Bağırov, Həsən Ağayev həmçinin bu rejissorların müasirləri olan Nicat Kazımov, Mikayıl Mikayılov, Namiq Ağayev, Gümrah Ömər, Tural Mustafayev, Elvin Mirzəyev, Xəzər Gəncəli, İradə Gözəlova kimi Azərbaycan teatrını yaşadan, inkişaf etdirən müxtəlif səviyyəli və xarakterli rejissorlar fəaliyyət göstərib və göstərirlər.

Məhz bu gün adları qeyd olunan müasir gənc rejissorları teatrlarımıza cəlb etməklə, onların rejissor traktofkası hər zaman olduğu kimi yenə də Azərbaycan teatrına yeni fikir, yeni nəfəs gətirilmiş oldu. Fikrimcə bu addım müəyyən məqamlarda böyük risqlə bağlı olsa da, bu təşəbbüs əslində özünü doğrultmuş oldu. Əsl mənada səhnədə kimin qabında nə varsa, o da üzə çıxdı. Bu ciddi bir addım idi və bu addımdan sonra indi seçim etmək artıq teatrlarımızın öz işidir. Eyni fikri dramaturqlarımıza da şamil etmək olar… Təbii ki, bu gün klassik tamaşalar səhnələşdirilir. Düşündürüçü səhnə həllini tapmış maraqlı quruluşlar verilir. Sözsüz ki, bu addım da bir daha teatrlarımızda repertuar siyasətinin qurulmasına, tamaşaçı zövqünü oxşaya biləçək səhnə əsərlərinin meydana gəlməsinə şərait yaratmış olur.

Bu gün Azərbaycan teatrlarının repertuarı çox zəngindir. Çoxdan səhnələrimizdə görünməyən dünya dramaturqlarının əsərləri tamaşaya qoyulur. Teatrlarımızın repertuarını M.F.Axundzadə, C.Məmmədquluzadə, H.Cavid, C.Cabbarlı, Ə.B.Haqverdiyev, İ.Əfəndiyev kimi klassiklərin əsərləri ilə yanaşı Ç.Dikkens, B.Brext, M.Friş, V.Hüqo, F.Dürrenmatt, F.Brukner, N.Qoqol, K.Hamsun, E. de Filippo kimi dünya yazıçılarının əsərləri bəzəyir. O da məlum həqiqətdir ki, müasir tamaşaçını klassiklərlə bərabər müasir müəlliflərin əsərləri də maraqlandırır, həm də daha çox. Bu bir həqiqətdir ki, özünə qapanıb qalan teatr uğur qazana bilməz.

Bu gün Azərbaycan teatrı dünya teatrına inteqrasiya olunmağa çalışır. Son illərdə keçirilən beynəlxalq teatr konfransları, teatr festivalları, teatrlararası təcrübə mübadilələri, xarici ölkələrdən rejissorların, teatr rəssamlarının konkret tamaşaların hazırlanmasına dəvət olunmaları, dramaturji əsərlərlə mübadilə, qarşılıqlı qastrol tamaşaları, gənc rejissorlarımızın xarici ölkə teatrlarına yaradıcılıq təcrübəsi keçməyə göndərilmələri və sair çoxsaylı tədbirlər məhz dünya teatr məkanına bələd olmaq istəyindən irəli gəlir. Heç şübhəsiz, bütün bunlar öz bəhrəsini verir. Teatrlarımızın yaradıcılıq səviyyəsi xeyli yüksəlib və bu proses bu gün də uğurla davam etdirilir.

Daha sonra Nuranə Dadaşova öz fikirlərinə bu çür davam edərək bildirir ki, “Böyüklərimiz teatrın aynalıq görəvindən yararlandıqları halda, axı nədən bizlər bu aynadan üz çeviririk? Doğrudanmı bizlərə daha ayna gərək deyil? Bəlkə biz həqiqətən də daha aydan arı, sudan duruyuq? Buna inanmağım gəlmir. Kimlərinsə inanacağına da şübhəm var. O zaman nə etməli? Teatrın aynalıq görəvini, barometirlik funksiyasını özünə qaytarmalı! Bəlkə də yalnız bu halda teatrı yenidən ayağa qaldrımaq mümkün olardı. Bu məsələdə yaradıcı gəncliyi bir addım irəliyə buraxmaq lazımdır. Əks halda, Afaq Məsudun təbiri ilə desək (“Qatarın altına atılan qadın”da) “teatr” deyəndə burnumuza turşumuş çaxır qoxusu gələcək...”

Qeyd etmək istərdim ki, əvvala teatrlarımızın aynalıq görəvindən yararlanmaq istəyənlər yenə də bu imkandan geniş bəhrələnə bilirlər. Öz tiplərini səhnədə görənlər sadecə olaraq bu halı çox zaman sinirə bilmirlər. Teatrlarımızda maraqlı obrazlar, tiplər və onlara qarşı mübarizə effektləri elə gənc aktyorlar tərəfindən canlandırılır. Maraqlı rejissor traktofkası ilə günümüzün müasirlərinin tiplərinə cevrilə bilirlər. Teatrları isə bu gün ayağa qaldırmaq dedikdə “onun barometrlik funksiyasını özünə qaytarmalı” fikirləri isə tam aydın deyil. Bu gün bütün teatrlarımızda gənclər kifayət qədər var. Hətta qeyd etməliyəm ki, bütün teatrlarda gənclərin fəaliyyət dairələrini genişləndirmək üçün teatr studiyaları fəaliyyət göstərir. İstənilən halda bu teatr studiyalarında da istedadlı gənc aktyor heyəti yetişdirilir.

Sovet dönəmi teatrlarında bir xiffət, nisgil gizlənmişdi. O dövrdə teatr dövlət və partiya üçün sənətdən çox təbliğat vasitəsi idi. Ona görə də teatrlara rəsmi dairələrin diqqəti çox yüksək idi, bu da insanların teatr təsəvvürlərinə güclü təsir edirdi. Bu gün müasir dövrümüzdə isə teatrlar təbliğat vasitəsi deyil, o əsl missiyasını, sənət missiyasını yerinə yetirir, o istəməsə də təbliğat canağından çıxmağ məcburiyyətindədir. Yeni zamanda teatra maraq könüllü olmalıdır. Bu gün dövlət teatrlara bir sənət növü kimi yardım göstərir, onun inkişaf etməsinə şərait yaratmağa çalışır, ona müstəqillik verir, əvəzində isə yüksək sənət keyfiyyətdən başqa heç nə tələb etmir. Belə olan halda teatr inkişaf yolunu özü seçməli, müstəqil yaşamağı öyrənməlidir. Bu proses elə də asan deyil. Sözün əsl mənasında bu gün teatrlarımız zaman və məkan anlayışında yaşamalı, fəaliyyətini uğurla davam etdirməlidir. Belə olduğu halda “teatr” deyəndə burnumuza turşumuş çaxır qoxusu gələcək...” yox, sözün əsl mənasında gözlərimiz önündə yaradıçılıq axtarışlarının daha da zəngin bir forması canlanaçaq.



Teqlər:  





Xəbər lenti