Azərbaycanda kanat yollarının vəziyyəti necədir? - Ekspert təhlükəsiz əyləncənin şərtlərini açıqladı

 Azərbaycanda kanat yollarının vəziyyəti necədir? -  Ekspert təhlükəsiz əyləncənin şərtlərini açıqladı
  15 Aprel 2024    Oxunub:1161
Xəbər verdiyimiz kimi, aprelin 13-də Türkiyənin Antalya şəhərində kanat xəttində qəza baş verib. Kanat kabinələrindən biri qayaların üzərinə aşıb. Hadisə nəticəsində bir nəfər ölüb, digərləri isə yaralanıb.
Ölkəmizdə də turistlik rayonlarda bu cür kanatlar mövcuddur. Bəs, onların təhlükəsizlik qaydalarına düzgün əməl olunurmu?

Məsələ ilə bağlı AzVision.az -a danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, funikulyorlar, kanat yolları, liftlər təhlükə potensiallı obyektlər siyahısındadır.

Onun sözlərinə görə, bunların istismarı zamanı texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğın təhlükəsizlik qaydalarına, sanitar normalara riayət edilməklə həyata keçirilməlidir:

“Mütləq təhlükəsizlik məsələsi ön planda olmalıdır. Bu qurğular harada quraşdırılıbsa, onların təhlükəsiz istismarına nəzarət edən şəxslər məsuliyyət daşımalıdırlar. Bunların bütün aqreqatları, qurğuları, detalları, trosları, əyləc, elektrik sistemi, hər biri lisenziyalı, yalnız akretitasiyadan keçmiş müəssisələr tərəfindən istehsal olunan detallar olmalıdır.

Texniki müayinələrin hər biri təyin olunmuş günlərdə aparılmalı və istismarına cavabdeh şəxslər olmalıdır. Nasaz vəziyyətdə olan kanat yollarının istismarı dayandırılmalı və həmin nasazlıq aradan qaldırıldıqdan sonra istismarına icazə verilməlidir. Bu nasazlığın aradan qaldırılması yalnız ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilməlidir”.

Ekspert kanat yollarında qəzaların hansı hallarda baş verə biləcəyindən danışıb. Onun sözlərinə görə, istismar müddəti başa çatan aqreqatların, qurğuların, detalların vaxtında dəyişilməməsi, texniki müayinənin keçirilməməsi, müayinənin keçirilməsi zamanı aşkar olunmuş nöqsanların vaxtında aradan qaldırılmaması səbəbindən kanat yollarında qəzaların başvermə ehtimalı ola bilər:

“Texniki müayinə tam ciddi surətdə aparılmalıdır. Cavabdeh şəxslər tərəfindən ciddi riayət edilməlidir. Azərbaycanda şimal, cənub, qərb bölgəsində bu cür kanat yolları var.

Ümumiyyətlə, kanat xəttində baş verən hər hansı bir qəzanın sonu bədbəxt hadisənin baş verməsini qaçılmaz edər. Yerdən 10 metr hündürlükdə olan bir kabinədən kiminsə yerə yıxılması və yaxud orada qalması səhhətində də müəyyən problemlərə gətirib çıxara bilər. Hər bir müəssisə kanat yollarının təhlükəsiz istismarına dair mütləq məsuliyyəti ciddiyə almalıdır. Türkiyədə baş vermiş bu qəzadan sonra bizdə də kanat yolları hansı müəssisələr tərəfindən işlədilirsə, nəzərdən keçirilməlidir”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti