"Güllə sol qulağımdan girib yanağımdan çıxdı" - ADNA terrorunun şahidi

  "Güllə sol qulağımdan girib yanağımdan çıxdı" -   ADNA terrorunun şahidi
  30 Aprel 2024    Oxunub:1206
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) törədilmiş terror aktının növbəti ildönümüdür. Terror hadisəsindən 15 il ötür. 2009-cu il aprelin 30-u saat 9:30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusuna daxil olan terrorçunun birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxanlara “Makarov” tipli tapançadan atəş açması nəticəsində təhsil müəssisəsinin müəllim və tələbələri amansızcasına qətlə yetiriliblər. Terror aktı nəticəsində 12 nəfər həlak olub, 13 nəfər ağır yaralanıb.
Hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları gəliblər. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb.

Hadisənin şahidlərindən biri, universitetin sənaye maşınları kafedrasının dosenti Hüseynli Zemfira həmin gün baş verənləri AzVision.az -a danışıb:

"Baş verənlər heç vaxt yadımdan çıxmır. Həmin gün tutqun hava var idi. 4-cü kurslar üçün imtahan sessiyası keçirilirdi. Saat 10-a işləyəndə dəhlizdən səslər eşitdim. Sanki dəmiri bir-birinə sürtürdülər. Hadisə nəticəsində qolumdan güllə yarası almışdım. İkinci dəfə isə güllə sol qulağımdan girib yanağımdan çıxmışdı".

Həmsöhbətimiz deyir ki, 2017-ci ildə universitetdə 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunuş barelyefin açılışı olub:



"Həmin barelyefin önündən keçəndə ani də olsa hadisə ilə bağlı kimsə yadıma düşür. Dünyasını dəyişənlər içərisində mənlə bir yerdə işləyən Neft-qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Ramiz Abdullayev var idi. Onun həyat yoldaşı Zərifə Şahməmmədova ilə çox yaxın idim. Dosentimiz Məcnun Vahidov da güllə yarasından dünyasını dəyişdi. Nəzəri mexanika fakültəsinin laboratoriya müdiri Tamilla Əzizova ilə də birlikdə işləmişik. Tələbələrdən Taleh, Ayaz, Savalan, Ruslanla tanışlığım var idi".



Zemfira xanım o günlərin arxada qaldığını, hazırda universitetə giriş zamanı ciddi yoxlama aparıldığını bildirib:

" Universitetə daxil olarkən mühafizə işçiləri hər kəsi bir-bir yoxlayır. Allah dünyasını dəyişənlərin hər birinə rəhmət etsin. İnşallah bir də belə bir faciə təkrarlanmaz".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti