Xalq artisti rabitə nazirindən nəyi xahiş etmişdi? - FOTOLAR

Xalq artisti rabitə nazirindən nəyi xahiş etmişdi? - FOTOLAR
  27 Yanvar 2017    Oxunub:10849
Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, xalq artisti İsmayıl Dağıstanlının 110 illiyinə həsr edilmiş anım tədbiri keçirilib.

AzVision.az xəbər verir ki, tədbirdə iştirak edən sənət adamları İsmayıl Dağıstanlı ilə bağlı xatirələrini bölüşüblər.

Akademik Milli Dram Teatrının direktoru, xalq artisti, rejissor Azərpaşa Nemətov: “Bu əhvalatı mənə aktyor Həsənağa Turabov danışıb. Deməli, bir dəfə Həsənağa Turabov gənc yaşlarında teatrda məşqə gecikib. İsmayıl Dağıstanlı bərk əsəbiləşib, onun evinin telefon nömrəsini istəyib. Deyiblər ki, nömrəsi yoxdur. Həsənağa Turabov nəhayət, gəlib məşqə çatıb. 5-ci mikrorayonda yaşadığını, evində telefon olmadığı üçün gecikəcəyini əvvəlcədən xəbər verə bilmədiyini deyib.



İsmayıl Dağıstanlı məşqdən sonra Turabovu götürüb birbaşa Rabitə Nazirliyinə gedib. İsmayıl Dağıstanlı katibədən soruşub ki, “nazir yerindədi?”. Nazir də həmin vaxt iclas keçirirmiş. Bunu görüb, hamını çölə çıxarıb. İsmayıl müəllim otağa girib, Həsnağanı da yanına çağırıb. Deyib ki, “bu aktyorun gələcəyi var, cavandır. 5-ci mikrorayonda yaşayır. Amma ev telefonu yoxdur. Mən sizdən xahiş edirəm, onun evinə telefon çəkdirəsiniz. Nazir bildirib ki, “yaxşı, bir-iki günə çəkdirərəm”. İsmayıl müəllim cavabında “yox, mən buradan çıxıb, evə gedəcəyəm. Evdən sizə zəng edib Həsənağanın ev nömrəsini soruşacağam və o nömrəyə zəng edəcəyəm”.

Həsənağa Turabov nazirlikdən çıxıb evə gedəndə görüb ki, ustalar artıq telefon xəttini çəkir. Bir az keçir, ustalar işlərini bitirib gedirlər. İsmayıl müəllim elə həmin gün zəng edib deyib: “Geroy” vəziyyət necədir? Çox mübarək. Bundan sonra məşqə gecikmə!”.



Xalq artisti, aktyor Hacı İsmayılov İsmayıl Dağıstanlı ilə səhnədə tərəfmüqabili olduğunu deyib: “İsmayıl Dağıstanlı tanınmış sahibkarlardan olan Mirzəyusif bəyin ailəsində dünyaya gəlib. Onun anası əslən Şəkidən olub. Atası onun aqronom, vəkil olmasını istəyirmiş. Amma İsmayıl bəy həyatını teatr və kinoya bağlayıb. Bu səbəbdən onlar 5 il küsülü olublar. Ancaq sonra atası ona xeyir dua verib”.



“Yaxşı yadımdadır, 1971-ci ildə yazıçı İlyas Əfəndiyevin “Mahnı Dağlarda qaldı” əsərinin məşqləri gedirdi. İlyas Əfəndiyv teatra bütün əsərlərinin məşqlərinə gəlirdi. Həmin tamaşada İsmayıl müəllim “Böyükbəy” obrazını canlandırırdı. Məşq zamanı İsmayıl Dağıstanlı ilə İlyas Əfəndiyevin mübahisəsi düşdü. Axırda İsmayıl müəllim gur, bəlağətli səslə dedi: “İlyas, bu elə deyil, belə olmalıdır, vəssalam”. İlyas Əfəndiyev təslim olub razılaşdı. İsmayıl Dağıstanlı həmin roluna görə dövlət mükafatı almışdı”.



“Həmin illərdə mən cavan aktyor idim, teatra təzə gəlmişdim. Zaqatalaya, Balakənə, Şəkiyə səfərlər edirdik. Zaqtalada dağın üstündə bir park var idi. Qərara gəldik ki, tamaşaya qədər oranı gəzək. Birdən parkdan İsmayıl müəllimin səsini eşitdik. Əvvəl elə bildik ki, radioda veriliş gedir. Yaxınlaşıb gördük ki, həmin parkda İsmayıl müəllim sakinlərə “Vaqif”dən monoloq deyir”.



Aktyor Rafiq Əzimov da sənət yoldaşı ilə bağlı xatirələrindən söz açıb: “İsmayıl Dağıstanlıya dəniz qırağında ev verilmişdi. O da həmin evi 1956-cı ildə aktyor Məmmədrza Şeyzamanova vermişdi. Məmmədrza Gəncədən təzə gəlmişdi, evi yox idi. Şeyxzamanov çox dualar edirdi ki, Allah onun atasına rəhmət etsin. İsmayıl olmasaydı, evsiz qalacaqdı. İsmayıl Dağıstanlı Gənclərə diqqət yetirən insan idi”.



Tədbirdə daha sonra Xalq artisti Ramiz Məlik çıxış edib: “İsmayıl Dağıstanlı bir dəfə məni yanına çağırdı ki, sənin sürücü tanışın var? Dedim, var, qardaşım yaxşı maşın sürür. Bunları tanış etdim. İsmayıl müəllim onun sənədlərinə baxdı. Başa saldı ki, rayonlara birlikdə qastrol səfərlərinə gedəcəklər. Bir neçə ay qardaşım onunla işlədi. Bur gün İsmayıl müəllim məni təcili yanına çağırdı ki, bəs maşın qarajda yoxdur, tez qardaşımı tapmalıyam. Tapıb gətirdim. İsmayıl müəllim sərt adam idi, belə şeyləri bağışlamırdı. Qardaşımı maşını qaçırdığına görə işdən çıxardı”.


(İsmayıl Dağıstanlının qızı Lamiyə xanım)

Xalq artisti, rejissor Ağakişi Kazımov: “Azərbayacan teatrı Moskvaya qastrol səfərinə gedəcəkdi. Səfərdən əvvəl təntənəli iclas oldu. Sənət adamlarına fəxri adlar verildi. Sonra Heydər Əliyevin tapşırığı ilə aktyorlarımıza restoranda qonaqlıq verildi.

“Heydər Əliyev aktyolarımızın şərəfinə həmin məclisdə sağlıq dedi. İsmayıl Dağıstanlı bir az keçəndən sonra Heydər Əliyevə müraciət edib, söz demək istədiyini bildirdi. Dedi ki, bizim akrtyorlara çox böyük qiymət verirsiniz, tamaşalara gəlirsiniz. Ancaq bizim teatrda müharibədə döyüşüb, cüzi maaşla işləyən Sadıq Hüseynov kimi aktyor var. Onun heç bir fəxri adı yoxdur. Səhəri gün Sadıq Hüseynova fəxri ad verildi”.



Şahanə Rəhimli
Foto: Elvin Abdulla

AzVision.azQalereya


Teqlər:  





Xəbər lenti