Kiyev İsraildən nüvə partlayışları zamanı istifadə olunan dərman alır

   Kiyev İsraildən nüvə partlayışları zamanı istifadə olunan dərman alır
  21 Aprel 2025    Oxunub:988
Ukrayna İsraillə radiasiya hadisələri zamanı istifadə olunan xüsusi dərmanların alınmasına dair müqavilə bağlayıb.
Bu fikirlər “Times of Israel”də dərc olunan məqalədəndir.

Avropa vətəndaşlarını Rusiya ilə nüvə müharibəsinə hazırlayır - "The Economist"
Nəşrin məlumatına görə, Kiyevlə müqaviləni İsrailin biotexnologiya şirkəti olan "Pluri" bağlayıb. Mütəxəssislər plasentaya əsaslanan xüsusi dərman hazırlayıblar və şüa xəstəliklərinin yayılması zamanı, fövqəladə tədbirlər görülməsi halında Ukraynaya kömək etməyə razılaşıblar.

“Kəskin hematopoetik radiasiya sindromu (H-ARS) kimi də tanınan arzuolunmaz vəziyyət insanlar nüvə hücumu və ya AES qəzası zamanı yüksək səviyyəli ionlaşdırıcı şüalanmaya məruz qaldıqda baş verir”, - deyə məlumatda bildirilir.

Nəşr vurğulayıb ki, məlum şüa xəstəlikləri başlayan zaman sümük iliyi və qan hüceyrələri məhv olur ki, bu da ağır anemiyaya, infeksiyalara və qanaxmalara da səbəb olur.

Xatırladaq ki, aprelin əvvəlində "The Economist" Avropa ölkələrinin vətəndaşlarını Rusiya ilə mümkün nüvə müharibəsinə hazırlaması barədə məlumat yaymışdı.
Məqalədə qeyd edilib ki, xüsusilə, İsveç əhaliyə baş verə biləcək hərbi fəlakət zamanı sağ qalma prinsiplərini əks etdirən 5 milyon broşür paylayıb. Vərəqələrdə səlahiyyətlilər insanları ölkəyə hücum olacağı təqdirdə əvvəlcədən düşünülmüş xüsusi planı üzrə hərəkət etməyə çağırırlar.

"The Local" isə xəbər yayıb ki, İsveç Mülki Müdafiə və Fövqəladə Hallara Hazırlıq İdarəsi 2025-ci ildə sığınacaqların yoxlanılması və təkmilləşdirilməsi üçün 100 milyon İsveç kronu (təxminən 10 milyon dollar-red.) ayıracağını açıqlayıb.

Bundan əvvəl "Politico" da bu mövzuda diqqət çəkən məqalə dərc etmişdi. Müəllif iddia edib ki, Almaniya da hansısa güclü müharibəyə hazırlıq görür. Qeyd edilib ki, rəsmi Berlin İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq öz qoşunlarını başqa ölkədə daimi şəkildə yerləşdirməyə başlayıb. 5 min nəfərlik briqada Litvada Belarusla sərhədə yaxın ərazidə yerləşdiriləcək.

Həmçinin “Daily Express” nəşri bir müddət öncə nüvə savaşına hazırlıqla bağlı məqalə dərc etmişdi. Müəllif iddia edib ki, Böyük Britaniyada mütəxəssislər Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsi fonunda nüvə partlayışı baş verəcəyi təqdirdə yaranacaq fəsadlarla bağlı araşdırma aparıblar. Nəşr 800 kiloton tutumlu Topol SS-25 nüvə bombasının istifadəsi halında dörd məhvetmə zonasını müəyyənləşdirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Nüvə   Ukrayna   İsrail  





Xəbər lenti