`Atamı hər gün yox edə bilərdilər` - Yusif Səmədoğlunun qızı (MÜSAHİBƏ)

`Atamı hər gün yox edə bilərdilər` - Yusif Səmədoğlunun qızı (MÜSAHİBƏ)
  14 Fevral 2017    Oxunub:26736
AzVision.az-ın müsahibi Azərbaycanın mərhum xalq yazıçısı, 1990-cı ildə müstəqil Azərbaycanın ilk parlament üzvlərindən biri olan Yusif Səmədoğlunun qızı Humay Vəkilovadır.

- Ailəmiz dörd nəfərdən - atamdan, anamdan, böyük bacım Mehriban xanımdan və məndən ibarət olub. Mən həkiməm, bir qızım, bir oğlum var. Mehriban xanımın isə iki oğlu var, evdar qadındır.

Atam insanın həyatda görə biləcəyi bütün gözəllikləri həm görür, həm də yaşadırdı. Onun ən böyük üstünlüyü demokratik insan olmağında idi. Bu yaxınlarda rəhmətlik əmim Vaqif Səmədoğlunun köhnə müsahibəsinə qulaq asırdım. Səməd Vurğun haqqında ona sual verdilər. O da eynən bu sözü dedi. Səməd Vurğun da, oğlu da valideyin və insan kimi demokrat idilər.

Atam həddindən artıq səmimi insan olub. Qoy, yazını oxuyanlar elə düşünməsinlər ki, onu tərifləyirəm. Ancaq atamı tanıyanlar bilir. Evdə necə idisə, kollektivdə də, dostlarla da elə olurdu. Gözəlliyi çox sevirdi. Gözəl də geyinirdi, özünə fikir verirdi. Zövqlü insan idi. Səməd Vurğun adına Muzeyə gedib, onun şəkillərinə baxa bilərsiniz.

- Geyimlərini özü seçirdi, yoxsa ananızın və ya sizin zövqünüzdən yararlanırdı?

- Özü seçirdi. Bu işi gözəl bacarırdı. Onun həmçinin, gözəl qəlyan kolleksiyası var idi. Bir sözlə, gözəlliyi sevirdi və yaşadırdı.



- Yusif Səmədoğlu deyəndə eyni zamanda, Vaqif Səmədoğlunu xatırlayıram. Onların arsında nə kimi oxşarlıq və fərqlilik var idi?

- Oxşarlıqlar da, fərqliliklər də var idi. Mənə elə gəlir ki, əmim daha aktiv adam idi. Atam, məsələn, müsahibələrdən qaçırdı. Televiziya verilişlərinə çıxmağa meyilli deyildi. Vaqif əmim o barədə daha məhsuldar idi. Onları birləşdirən cəhət isə hər ikisinin demokrat, ziyalı, mədəni olmaları idi.

- Atanızla bağlı bir verilişə baxmışdım. Orada demişdi ki, istəsə belə, bir bənd də şeir yaza bilmir. Bəs kimin şeirlerini daha cox oxuyurdu? Əminizin şeirlərini bəyənirdimi?

- Mən bilsəydim ki, atam həytadan belə tez gedəcək, onunla bağlı hər şeyi qeyd edərdim. Həmişə - 90-cı illərdə, maddi durum yaxşı olmayanda belə, evə kitab alınırdı. Fantastika, şeirlər, kosmosa dair kitablar olurdu. Desəm ki, şeir vurğunu idi, bütün günü şeir oxuyurdu, bəlkə də səhv edərəm. Onun kitabxanasında Puşkinin, Lermontovun kitabları var. Əmimin yaradıcılığından təbii ki, oxuyurdu. Onların müzakirəsi, söhbətləri ourdu. Əmim yazdığı şeirləri öncə atama təqdim edirdi. Vaqif Səmədoğlu ona böyük qardaş kimi münasibət göstərir, hörmət edirdi.

Atam olduqca cəsarətli insan idi. 20 Yanvar hadisələri zamanı çox sarsılmışdı. Canlı yayımda bütün dünyaya baş verənlər haqqında car çəkmək böyük cəsarət tələb edirdi. Çox adamlar gizlənsə də, atam və Bəxtiyar Vahabzadə heç nədən qorxmadan insanları qırğından qorumağa çalışırdılar. Hər an evə girib, atamı apara bilərdilər. Heç xəbərimiz də olmazdı ki, kim apardı, hara apardı... Vətənini olduqca çox sevirdi.



- Həmin günləri xatırlayırsınızmı? Sizinlə nəyisə paylaşırdımı?

- Mən həmin vaxtlar ailə həyatı qurmuşdum, rayonda qalırdım. Bacım və anam yanında idi. Bildiyimə görə, yanvar gecəsi bu hadisələrdən öncə küçələrə çıxıb insanlara deyirdilər ki, dağılışın. Həmin gecə evə gəlib ağlayıb. İlk dəfə Yusif Səmədoğlunu onda ağlayan görüblər. Deyib ki, insanları qıracaqlar. Atam yolda oturanlara, yığışanlara yaxınlaşırdı ki, dağılışın. Onda unikal uzaqgörənlik, hissiyat var idi. Yanvar hadisələrindən sonra kommunist partiyasından, biletindən imtina etdi. Nə qədər dedilər, geri götür, götürmədi.

- Çalışma rejimi necə olurdu? Əsərlərini yazdıqca sizə oxuyurdumu?

- Ümumiyyətlə, yazmaq məsələsində tənbəl adam idi. Bəlkə də, istəsə, çox yazardı. Anam həmişə səhərləri soruşurdu ki, “Yusif, yazmısan?”. Deyirdi, “bu axşam yazacağam”. Adətən gecələr işləyərdi. Amma işləyəndə çox gərgin rejimdə olurdu. Səhər durub görürdüm ki, otağındakı külqabında bəlkə də, 50-yə yaxın siqaret kötüyü var. “Qətl günü” romanının necə yazılması yadımdadır.



“Deyilənlər gəldi başa” romanı isə yarımçıq qaldı. Bizə oxuyurdu. Rəhmətlik İsmayıl Şıxlı ilə telefonla müzakirə edirdi. Bu epizodlar yadımdadır... Fasilələr verirdi, sonra nədənsə ilhamlanardısa, oturub yazırdı... Anam həmşiə deyərdi ki, “Yusif, yaz”.

-“Deyilənlər gəldi başa” yarımçıq qalmış romanın əlyazmalarını nə etdiniz?

- Saxlayırıq. Qeydləri var, muzeyin arxivindədir.



- Övladlarınızda, nəvələrinizdə Vəkilovlar ailəsininin yazıçılıq ənənəsini davam etdirmək istedadı varmı?

- Yox. Potensial yoxdur. Bəlkə də, sonrakı nəsildə olacaq, gen baş qaldıracaq. Mən özüm də heç vaxt cəhd etməmişəm. Atam rəhmətə gedəndə çox sarsılmışdım. Onda atamla bağlı yuxu görmüşdüm. Ona məktub və bir şeir parçası yazdım. Vaqif əmim və İntiqam Qasımzadə baxdılar, “Azərbaycan” jurnalının atama həsr olunmuş nömrəsində çap olundu.

- Onun kitabxanasındakı kitabları hazırda harada saxlayırsınız? Dediniz, özü hədsiz çox mütaliə edirdi. Sizdən də bunu tələb edirdimi?

- Evdə saxlayırıq. Mənim yadıma gəlmir ki, bizi oturtsun, nəyisə tələb etsin, nəsihət versin, yol göstərsin. Beşinci sinifdə oxuyanda tez-tez dərs buraxırdım. Onda bir dəfə nəsihət verdi mənə. Anamız daha sərt, tələbkar insan idi, nəinki atamız. Atamın demokrat, zaraftcıl insan obrazı var idi. İşimizə qarışmazdı. Buna baxmayaraq, kifayət qədər tərbiyəli böyümüşük.



- Ananız Nəmidə xanım necədir?

- Atamdan sonra çox sarsıldı. İndi də onun haqqında danışa bilmir. Atamla bir-birlərini çox istəyirdilər. Bilirsiniz ki, atam onu görən kimi vurulub, bir həftə ərzində elçi göndərmişdi. İkisi də cavanlıqda gözəl olub. Sevgi dolu ailədə böyümüşəm.

- Ananız da, görünür, ona aşiq olub ki, etiraz etməyib...

- Atam çox yaraşıqlı olub. Ona biganə qalmaq olardımı?

- Valideyinlərinizdən ən çox hansına bənzəyirsiniz?

- Axır illərdə məni valideyinlərimdən daha çox, Aybəniz bibimə bənzədirlər.

- Atanız sizi hansı adla əzizləyib, çağırırdı?

- Mənə “Humaşka” deyirdi. Yaman çay içən idi, dalbadal 7-8 stəkan çay içirdi. Arada görürdü ki, yorulmuşam, zarafatla deyirdi, “nəsə mənə yaman pis baxırsan ha, sən. Tez bir stəkan çay tök”.

- Ananızın ali təhsilini bitirməsinə mane olduğunu eşidəndə inanmadım. Elə aristokrat, ziyalı şəxsdən belə hərəkət heç gözlənilmir...

- Qısqanc idi. Zaraftla həmişə deyirdi ki, kasıbın malı göz qabağında olar. Anama evdə elə şərait yaratmışdı ki, sonralar heç anam özü də işləmək istəmədi. Və buna görə də heç vaxt peşiman olmadı. Atamın sözü onun üçün qanun idi. Çox güclü sevgiləri var idi.



- Neçə yaşlarında evləniblər?

- Hər ikisnin 23 yaşı olub.

- Vaqif Səmədoğlu müsahibələrindən birində demişdi ki, “Yusifi uşaqlığından qızlar ayırdı”...

- Qızlar həmişə ona vurulub. Həm xarici görünüşü, həm də savadlı, məclislərdə özünü apara bilməsi onlara xoş gəlirdi. Onun özü də gözəllik vurğunu idi.

- Ananız onu qısqanmırdı?

- Atam günün çox hissəsini evdə olmağı xoşlayırdı. Çox təkliflərdən imtina edirdi. Buna görə də qısqanclıq üçün şərait yaratmırdı. Bəlkə də anam ürəyindən nəsə keçirib, ancaq biz bunu hiss etməmişik.

- Atanız həm də foto həvəskarı imiş. Fotolarının qəhərmanları kimlər, nələr olurdu?

- Bacımla mən foto məsələsində ona assistentlik edirdik. (gülür) Yaxşı kadrlar tutanda həyəcandan əlləri əsirdi. Köhnə metod ilə işləyirdi. Sap ilə “plyonka”ları asırdı. İndiyə kim onları saxlamışıq. Ən çox təbiəti çəkirdi. Bir ara onun şəkillərindən ibarət kitab çap etmək istəyirdik. Kifayət qədər yaxşı, peşəkar şəkil çəkməyi var idi.

- Hansısa musiqi alətində ifa edirdimi?

- Skripka ilə məşğul olub, bunun dərsini almışdı. Ancaq daha çox sintezatorda “Sarı gəlin”i çalırdı.



- Eşitdiyimə görə, sərbəst qrafiki sevən adam olub...

- Onun qrafiki yox idi. Yuxudan gec də, tez də dura bilərdi. Hər anını yaşayan insan idi. Bir az özünə baxmırdı. Görmədik, bir meyvəni yesin ki, bu, sağlamlığa xeyirlidir. Siqareti çox çəkirdi.

- Qazaxlılar kimi xəngəl yeməyi, saz havasında oynamağı, ova getməyi sevirdimi?

- Babam və əmim ova gediblər. Atam isə yox, ova gedə bilməzdi. Çünki heyvanlara qarşı həssas idi. Bizdə həmişə ev heyvanları olub. Tutuquşusu var idi, itimiz olub...



Saz havasını sevirdi. Bəzən toylarda dəsmalını çıxardıb, “Yallı” rəqsini oynayırdı. Onun bir xarakteri də var idi ki, qazaxlı görən kimi ləhcəsi dəyişib, keçirdi qazax ləhcəsinə. Rus dilində də aksentsiz, təmiz danışırdı.

- Tutuquşu dediniz, yadıma düşdü. Nizami Cəfərovun “Yusif... və Səmədoğlu” məqaləsində belə bir cümləyə rast gəlmişdim: “Seyran Səxavət yazır ki, Yusif Səmədoğlunun evin¬¬də bir tutuquşu vardı. Ömrümdə ondan tərbi¬yə¬siz tutuquşuya rast gəlməmişdim. Çünki ağzını açan¬da ana-bacı söyüşü söyürdü”.

- (Gülür.) Yox, bizdə elə tərbiyəsiz quş olmayıb. Bizim tutuquşu ancaq “Koko xaroşoye”deyirdi. Ən acığı gələn adam isə atam idi. Onu buraxan kimi atamın üstünə cumurdu. Anamdan çox xoşu gəlirdi.

- Vaqif müəllimlə uşaqlıq münasibətləri haqqında sizə nəsə danışıbmı?



- Yox. Nənəm Xavər xanım, atamın dayısı oğlu Azər bu haqda danışırdılar. Bir dəfə atam 10-cu sinifdə oxuyanda məktəb dierktoru Səməd Vurğuna zəng edib, şikyətlənib ki, oğlunuz kimisə vurub. O da soruşub ki, “Mənim oğlum döyüb, yoxsa oğlumu döyüblər?. Deyiblər, yox, oğlunuz döyüb. “Hə, onda yaxşıdır”,- cavabını verib.

Mən balaca olanda Vaqif küçəsində, yazıçıların binasında 3 otaqlı evimiz var idi. Emin Sabitoğlu, Polad Bülbüloğlu, Eldar Quliyev evimizə gəlirdilər.

- Haqqında çəkilən verilişdə demişdi ki, “İndi anlamışam, həytada hər şey boşdur, əsas olan nəvələrdir...”

- Nəvələrini çox istəyirdi. Xəstəxanada ağır vəziyyətdə olanda nəvələrini yanına aparmışdıq, dedi ki, onları çıxardın palatadan. İstəmirdi uşaqlar onu elə vəziyyətdə görsünlər.

- Xəstəliyindən əvvəlcədən xəbəri var idimi?

- Anamla birlikdə Almaniyaya getdilər. Orada müayinə zamanı aşkarlandı. Ondan qabaq isə çox adam deyirdi ki, Yusif çox arıqlayıb. Biz hər gün görürdük deyə, hiss etmirdik. Altı ay ərzində onu itirdik.



- Vaqif Səmədoğlu vəfat edən günə qədər pozitivliyini qoruyub saxlamışdı...

- Atam da elə idi. Ölümün gözünə dik baxdılar. Bircə dəfə də “Niyə mən belə oldum” demədilər. Xəstəxanada son üç günü idi, mən divanda oturmuşdum. Vaqif qarşımda durub, dedi: “Mənə bu saat desələr ki, öz həyatını Yusifə ver, Humay, fikirləşmədən verərəm”.

- Yusif müəllim də, Vaqif Səmədoğlu da pozitiv insanlar olublar. Ona görə də, müsahibəmizi kədərli notlarla bitirmək istəməzdim...

- Yadıma xoş bir xatirə düşdü. Bir dəfə lap balaca idim, 5 yaşım olardı. Atam, anam və mən harasa gedirdik. Arxada oturub yoldan keçənlərə dil çıxardırdım. Birdən bir demaqoq kişi maşınla özünü bizim maşına çatdırıb, atama “uşağa bu nə tərbiyədir vermisiniz?”,- deyə, xeyli qışqıra-qışqıra danışdı. Məni də qorxu götürdü ki, indi bu hərkətimə görə məni danlayacaqlar. Atam isə əskinə, qulaq asdı-asdı, axırda həmin kişiyə eynən mənim kimi dil çıxardı (gülür).



Şahanə Rəhimli
Elvin Abdulla


AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti