Müəllimlərin imtahanındakı biabırçılığın səbəbi...

Müəllimlərin imtahanındakı biabırçılığın səbəbi...
  29 Avqust 2017    Oxunub:2135
Müəllimlərin işə qəbul üzrə müsahibə mərhələsində bəzi namizədlər onlara ünvanlanan primitiv suallara cavab tapa bilməyiblər. Təhsil Nazirliyinin yaydığı məlumata görə, müsahibəyə gələn namizədlər arasında bayrağın rəmzlərini, 20 Yanvar faciəsinin mahiyyətini, rayonlarımızın işğal günlərini bilməyənlər də olub.
Təhsil eksperti Etibar Əliyev AzVision.az-a bildirib ki, müəllim peşəsinə kadrlar hazırlayan ali məktəblərdə təhsilin keyfiyyətində ciddi qüsurlar var. Onun sözlərinə görə, bir çox hallarda ali məktəblərdə, xüsusilə pedoqoji yönümlü ali təhsil müəssisələrində təhsilin keyfiyyəti qiymətləndirilmir.

"Burada əsas məqam ondan ibarətdir ki, müəllimlər tələbələrə könülsüz dərs keçirlər. Bir çox hallarda primitiv suallara müəllimlərin özləri də cavab verə bilmirlər. Bunun kökündə müəllimlərin milli-mənəvi dəyərlərimizlə bağlı mövzuları könülsüz tədris etmələri durur. Hansı ki bu kimi mövzular çox vacibdir. Hər bir tələbə, məktəbli öz tarixini bilməli, milli atributlarını tanımalıdır".

E.Əliyev bildirib ki, bəzi müəllimlər özlərini təkmilləşdirmək barədə düşünmürlər. "Müəllim olmaq istəyənlərin sayı hər il artır və onların əksəriyyəti bu peşəni həvəslə seçir. Təəssüf ki, orta və ali məktəblərdə tədrisin səviyyəsi aşağıdır. Bu, hər kəsə məlumdur. Bu səbəbdən müəllimliyə namizədlərin danışıq qabiliyyətinin aşağı olması, fikirlərini izah edə bilməməsi kimi hallar mövcuddur. Onların arasında çox hazırlıqlı, müəyyən məsələləri gözəl bilən, müəllim peşəsinə yiyələnmək istəyənlər də var.

Bəzən düşünürlər ki, əsas diplomdur, harada təhsil almağın fərqi yoxdur. Müəllimlik xüsusi peşədir. Əsas məsələ müəllim peşəsini könüllü və könülsüz seçməkdir. Ola bilər ki təhsil zəifdir, ancaq tələbə müəllim kimi öz ixtisasını yaxşı bilməli, öz üzərindəki məsuliyyəti hiss etməlidir”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Müəllim   Məktəb   Təhsil  





Xəbər lenti