Enerjimizi almaq istəyənlər artır

//Azərbaycanın küləyinə və günəşinə möhtac olanlar kimlərdir?

Enerjimizi almaq istəyənlər artır
  31 May 2024    Oxunub:1869
Azərbaycanda yaşıl enerji sektoru son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib. Bu, həm enerji təhlükəsizliyinin təmin edilməsi, həm də ekoloji problemlərin həlli baxımından strateji əhəmiyyət kəsb edir. Yaşıl enerji strategiyası bir neçə əsas istiqamətdə cəmlənib. Azərbaycan hökuməti beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirir.
"Azərbaycan özünü Avropa üçün yaşıl enerji təchizatçısı kimi göstərəcək"
İqtisadçı ekspert Eldəniz Əmirov AzVision.az -a bildirib ki, Azərbaycanda yeddi növ enerjinin hər biri - günəş, külək, geotermal enerji,hidroenerji, bioenerji, dalğa və hidrogen enerjisi mövcuddur:

“Ölkənin günəş və külək enerjisi potensialı daha yüksəkdir. Külək enerjisi istehsalı daha çox Bakı və Abşeron yarımadasında, Xəzər dənizində nəzərdə tutulub və 157 MVt potensialı vardır. Günəş enerjisi isə bütün ölkə boyunca yayılıb. Gələcəkdə hidrogen enerjisinin istehsalı da planlaşdırılıb”.

Ekspertin fikrincə, işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonası elan olunması enerji potensialının yüksəkliyindən xəbər verir:

“Azad olunmuş ərazilərdə həm günəş, həm də hidroenerji istehsalı mümkündür. Azərbaycan istehsal edəcəyi yaşıl enerjini ixrac etməyi də planlaşdırır. Bu, alternativ enerji strategiyası vasitəsilə həyata keçiriləcəkdir”.

İqtisadçı, alim Emin Qəribli isə bildirib ki, Aran rayonlarında, eləcə də Neftçala, Cəbrayıl və Naxçıvanda alternativ enerji istehsalı üşün müvafiq günəş elektrik stansiyaları tikilir:

“Cəbrayıldakı stansiyaların BP tərəfindən tikiləcəyi müəyyənləşib. Azərbaycan həm də Avropaya yaxındır. Hesab edirəm ki, imkanlarımız genişdir".

Emin Qəribli də Abşeron yarımadası və Xəzər dənizində külək enerjisi əldə olunması üçün imkanların geniş olduğunu qeyd etdi və bildirdi ki, müvafiq elektrik stansiyalarının tikintisinə başlanılıb:

"Əldə olunan enerjini artıq xaricə satırıq. Müqavilələr bağlanıb. Yaşıl enerjini Gürcüstan-Rumıniya vasitəsilə Macarıstana satacağıq. Avropa İttifaqı ilə müvafiq razılaşmalar var. Başqa ölkələr də yaşıl enerji əldə etmək məqsədilə müraciət ediblər. Birləşməş Ərəb Əmirliklərinin də bu sahayə böyük investisiyalar yatırdığını görürük. Hesab edirəm ki, biz gələcəkdə bu istiqamətdə ixtisaslaşacağıq, strateji mövqeyimiz güclənəcək”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:  





Xəbər lenti