Rusiyanın və Çinin təyyarələri Alyaska sahillərində

   Rusiyanın və Çinin təyyarələri Alyaska sahillərində
  26 İyul 2024    Oxunub:1461
ABŞ-nin müdafiə naziri Lloyd Ostin Rusiya və Çin bombardmançı təyyarələrinin Alyaska sahillərinə 200 mil məsafəyə qədər yaxınlaşdıqlarını təsdiqləyərək, onların ilk dəfə birlikdə ABŞ ərazisinə bu qədər yaxın gəldiklərini bildirib.
“Politico” nəşrinin yazdığına görə, bu uçuş Pekin və Moskvanın Şimali Amerikaya belə yaxın məsafədə birgə işləmək üçün yeni yol tapmaları ilə bağlı Vaşinqtonu və Ottavanı həyəcanlandırıb. Rusiya və Çinin bu cür misli görünməmiş hərəkətləri ABŞ-ni və Kanadanı F-35, F-16 və F-18 qırıcılarını havaya qaldırmağa məcbur edib. Bununla belə, bombardmançı təyyarələrin uçuşunun çox hissəsinin izlənildiyini deyən ABŞ-nin Müdafiə naziri Lloyd Ostin bu hadisənin onlar üçün sürpriz olmadğını söyləyib.

“Biz bu iki ölkənin birlikdə uçduğunu ilk dəfə görürük. Moskva və Pekin son illərdə, xüsusən də Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra daha dərin hərbi əlaqələri inkişaf etdiriblər. Keçən ilin avqustunda onlar Aleut adalarına yaxın 11 döyüş gəmisi göndərdilər ki, bu da qalan gəmiləri izləmək üçün beynəlxalq sularda ABŞ-nin dörd idarəedilən raket esminesinin yerləşdirilməsinə səbəb oldu”, - Pentaqonun rəhbəri vurğulayıb.

Çinin Müdafiə nazirliyinin sözçüsü Çjan Sayoqan isə Pekində jurnalistlərə bildirib ki, bu uçuş iki ölkə tərəfindən 2019-cu ildən bəri həyata keçirilən səkkizinci “birgə strateji hava patrulu”dur. Beynəlxalq hüquqa və təcrübəyə uyğun olan bu təlim heç bir üçüncü tərəfə qarşı yönəlməyib, habelə onun mövcud beynəlxalq və regional vəziyyətlə əlaqəsi yoxdur.

“Amerikanın səsi” qəzeti yazır ki, Rusiya və Çinin bu uçuşla hansı mesajı göndərdiyi ilə bağlı sualı ABŞ-nin Müdafiə naziri nazir belə şərh edib: “Mən sizə bizim onlara hansı mesajı göndərdiyimizi deyəcəyəm. Bu isə belədir ki, biz ayıq-sayıq olmağa hazırlaşırıq, biz ayıq-sayığıq və həmişə də ayıq-sayıq olacağıq. Biz millətimizi müdafiə edəcəyik”.

Onun sözlərinə görə, ABŞ üçün təhlükə yaranarsa, qoşunlar doğru və lazım olan hərəkəti edəcəklər. Lloyd Ostin habelə düşmənlərin həmişə Amerikanı sınağa çəkdiklərini diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Çin   ABŞ  





Xəbər lenti