Trampın mümkün qələbəsi Avropanı narahat edir

   Trampın mümkün qələbəsi    Avropanı narahat edir
  25 İyul 2024    Oxunub:1150
Əgər Donald Tramp noyabrda keçirilən seçkilərdə qalib gəlsə, onun Ceyms Devid Vensi vitse-prezident seçməsi ABŞ-nin Çinlə münasibətlərində, ticarət və təhlükəsizlik siyasətində böyük sarsıntı demək olacaq.
Beynəlxalq münasibətlər üzrə Avropa Şurasının böyük elmi işçisi Mayda Ruqenin ABŞ-nin “Politico” nəşrində dərc olunan məqaləsində Vaşinqtonda yeni hakimiyyətin Avropa İttifaqı (Aİ) üçün hansı problemlər yarada biləcəyi göstərilir.

Müəllif qeyd edir ki, Respublikaçılar partiyası sevinir, çünki Donald Trampın yenidən seçilməsi ehtimalı getdikcə artır. Sui-qəsd cəhdindən sonra Tramp özünü Amerikadan ötrü həyatını qurban verməyə hazır olan cəsarətli lider kimi göstərmək üçün yeni fürsət qazanıb ki, bu da respublikaçıların hədəf bazasından kənar seçicilərin cəlb ediləcəyinə ümid yaradıb.

Respublikaçıların xarici siyasət tərəfdarlarının bir hissəsi xüsusilə eyforiya içərisindədir. Trampın Ceyms Vensi vitse-prezidentliyə namizəd kimi seçməsi, nüfuzlu “Heritage Foundation” analitik mərkəzi və Pentaqonun keçmiş rəsmisi Elbric Kolbi də daxil olmaqla, partiyanın üç xarici siyasət prioritet qrupundan birini coşdurub.

“Bu adamlar uzun müddətdir ki, ABŞ ordusunun qlobal miqyasda həddən artıq gərginlik içində olmasının Pekini Tayvanı işğal etməkdən çəkindirmək qabiliyyətinin zəiflədilməsi və Ukraynaya silah satışını prioritet seçməklə Tayvana 19 milyard dollarlıq silah tədarükündə geri qalmaq barədə ittihamlar səsləndirirlər. Onlar Amerikanın eyni anda bir neçə müharibə apara bilməsi və sadəcə olaraq hərbi xərclərin artırılması fikri ilə qəti şəkildə razılaşmırlar. Əksinə, prioritetləri müəyyən edənlərin iddiasına görə, bu, zəngin Avropa ölkələrinin üzərinə düşməlidir”, - məqalədə vurğulanır.

Eyni zamanda, mühafizəkarlar, o cümlədən senatorlar Rend Pol və Mayk Li hesab edirlər ki, Birləşmiş Ştatlar qlobal hərbi öhdəliklərini tamamilə azaltmalıdır.
Beləliklə, Vens Trampın prioritetini əsaslandırmaq üçün ideal namizəddir: o, Avropa ölkələrini Amerikanın “müştəri dövlətləri” kimi açıq şəkildə adlandıran və onların potensialını gücləndirməklə Avropa ilə Amerika arasında iyerarxiyada dəyişiklik etməyə çağıran ilk senatordur.

- Amerikaya müştərilər yox, müttəfiqlər lazımdır”, - Münhen Təhlükəsizlik konfransından sonra Ceyms Devid Vens yazmışdı.

O, dəfələrlə Almaniya kimi varlı Avropa ölkələrinin Vaşinqtondan kömək almadan Ukraynanı müdafiə etməsi zərurətini, ABŞ-nin resurslarının məhdud olduğunu və Amerikanın Ukraynaya yardım göstərməsinin Çinin Tayvanla bağlı siyasətinin uğurla qarşısının alınmasını birbaşa əngəllədiyini vurğulayıb. Trampın seçkilərdə qalib gələcəyi halda Vensin vitse-prezidentliyə namizədliyi onun şəxsi prioritetlərinin Ağ Evə daxil olmasına imkan yaradacaq.


Lakin Trampın potensial ikinci administrasiyasında bu fraksiyanın üstünlük təşkil edə biləcəyinə baxmayaraq, Trampın özünün belə siyasəti dəstəklədiyinə dair heç bir sübut yoxdur. Əslində, Trampın Çinlə bağlı fikirləri dəyişkən və gözlənilməz formatda qalır. Əvvəlki prezidentliyi dövründə, hətta indi də Respublikaçılar partiyasından prezidentliyə namizəd kimi Tramp bu məsələdə təmkinli davranıb.

“Yenidən birləşməyə nail olmaq üçün Çinin hərbi güc işlədəcəyi halda, Tramp Tayvanı müdafiə edəcəyini təsdiqləməyib. Eyni zamanda, o, Tayvanı yarımkeçirici texnologiyada Amerikanın üstünlüyünü inkar etməkdə günahlandırdı. Bu yaxınlarda Tramp “Tik-Tok”un Çin mülkiyyətindən çıxarıması və ya ABŞ-da ona qadağa qoyulması barədə qanunvericiliklə bağlı partiya yoldaşlarının əksəriyyətinə öz etirazını bildirdi”, - Mayda Ruqen yazır.

Bunun qarşılığında ABŞ Konqresinin nəzarət komitəsi öz hesabatında Trampın əvvəlki prezidentliyi dövründə Çinin onun “Trump Organization” şirkətinə milyonlarla dollar xərclədiyini açıqladı.

Trampın hazırda Pekinlə bağlı siyasəti Çin mallarının idxalına yüksək tariflərin - 60 faizə qədər rüsumun tətbiq edilməsinə yönəlib. Bu, onun yarımkeçirici texnologiya sahəsində və ya Tayvanda bəzi güzəştlərə gedərək ticarət sövdələşməsinə nail olmağa çalışa biləcəyini göstərir. Amma belə addım Tayvanla bağlı prioritet siyasətin tərfdarlarının və Çinə münasibətdə iqtisadi təhlükəsizlik tədbirlərinin ikiqat artırılması tələbini qoyan respublikaçıların konsensusuna zidd olardı.

Bununla belə, məqalə müəllifi qeyd edir ki, Çin və Tayvanla bağlı Tramp və onun administrasiyası arasında fikir ayrılığının necə inkişaf etməsinə baxmayaraq, belə məqamlar Avropa üçün ürəkaçan deyil. Çünki prioritetləri müəyyənləşdirən ABŞ administrasiyasının və ya daha az proqnozlaşdırılan Trampın öz qərarları ABŞ-Çin rəqabətinə gəldikdə avropalıları böyük dilemma qarşısında qoyacaq.

Prioritetləri müəyyənləşdirəcək gələcək administrasiya, yəqin ki, avropalılardan texnologiya və ixraca nəzarət, idxal və ixrac sərmayələrinin yoxlanılması, təchizat zəncirinin davamlılığı siyasəti və Çinə qarşı kibertəhlükəsizlik tədbirləri ilə bağlı qəti addımlar atmağı gözləyəcək. Onlar Aİ-nin, xüsusən də Almaniyanın Çinin “Huawei” şirkətinin öz kritik infrastrukturunda mövcudluğunu nəzərdən keçirməsinə diqqət yetirəcəklər.


Digər tərəfdən isə, Trampın prezidentliyi, çox güman ki, ABŞ-nin bütün idxalına 10 faizlik universal baza tarifi qoyulmaqla həm Çin, həm də Avropa mallarına tariflərin artmasına səbəb olacaq. Bu məqam, iqtisadi təhlükəsizlik siyasətini həyata keçirmək üçün ABŞ-nin təzyiqi və Çinin qisas almaq riski ilə üzləşə, habelə ABŞ-la ticarət müharibəsinə girə biləcək Avropa hökumətlərindən bəzi çətin qərarların qəbul olunmasını tələb edəcək.

Üstəlik, Vens və onun müşavirləri, böyük ehtimalla, ABŞ-nin Ukraynaya göstərdiyi yardımın, eləcə də onun ümumi Avropa təhlükəsizliyinə töhfəsinin varlı Avropa ölkələri tərəfindən kompensasiya edilməsi barədə Trampın mövqeyini gücləndirəcək.

- Beləliklə, prioritetləri müəyyənləşdirən administrasiyanın qərarları ABŞ-nin Ukraynaya ayrılan resurslarının kəskin azalmasına, habelə Tayvan və Çinlə bağlı siyasətdə mümkün fikir ayrılıqlarına baxmayaraq, Avropa təhlükəsizliyinə ümumi təhdid ola bilər. Tramp-Vens ittifaqı, demək olar ki, Avropanın təhlükəsizliyinə, eləcə də Avropa iqtisadiyyatına təsir göstərəcək. Lakin Aİ-nin vahid bazarı rıçaq mənbəyi kimi qalsa da, təhlükəsizlik Avropanın ən zəif tərəfidir”, - məqalədə vurğulanır.

Bu mənada, kollektiv fəaliyyət problemini aradan qaldırmağa çalışarkən Aİ effektiv cavab verməkdə çətinlik çəkə, bəzi üzv dövlətlər isə vergi məhdudiyyətlərinə görə müdafiə xərcləri hədəflərini yerinə yetirməkdə problemlə üzləşə bilərlər. Buna görə də, Aİ-nin daxili bazarı üzrə keçmiş komissarı Tyerry Bretonun müdafiə xərclərini maliyyələşdirmək üçün 100 milyard avroluq istiqrazlar toplamaq barədə təklifi kimi müdafiə fondlarının təmin olunması ideyasının yenidən gündəmə gətirilməsi zərurəti yaranır.

Mayda Ruqenin fikrincə, Avropa Komissiyasını sədri Ursula fon der Lyayen də Pekinlə əlaqələr və ticarət məsələlərini həll etməlidir. Çinlə bağlı təcrübəsi ona respublikaçıların prioritetlərindən müəyyən mənada faydalanmağa, eyni zamanda Aİ-nin ticarət siyasətində üstünlüyü universal baza tarifindən azad olmaq barədə danışıqlar aparmağa və Vaşinqtonla Brüssel arasında ticarət müharibəsinin qarşısını almağa kömək edə bilər. Əgər prioritetlər administrasiyanda yaxşı bir məqam varsa, o da budur ki, Vens və onun müttəfiqləri ABŞ-nin Çini effektiv şəkildə cilovlamaq üçün güclü Avropaya ehtiyacı olduğunu qəbul etməlidirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Avropa  





Xəbər lenti