Kəsmə, ək, iqlim dəyişikliyinə təsir et!

//Meşələr 662 milyard ton karbonu "saxlayır"

Kəsmə, ək, iqlim dəyişikliyinə təsir et!
  05 Noyabr 2023    Oxunub:29087
Qlobal İqlim Dəyişmələri Yer kürəsində mövcud olan həyat üçün ən böyük təhlükələrdən biridir. BMT-nin məlumatına görə, son 100 ildə qlobal temperatur sənayeləşmədən əvvəlki səviyyədən 1,1°C, dəniz səviyyəsi isə 20 sm yüksəlib. İqlim dəyişiklikləri quraqlıq, daşqın, qasırğa, meşə yanğınları və buzlaqların əriməsi kimi arzuolunmaz hadisələrin tez-tez baş verməsinə səbəb olur. Bu isə, xüsusilə inkişaf etməkdə olan ölkələrdə milyonlarla insanın təhlükəsizliyini, sağlamlığını, normal qidalanması və rifahını təhdid edir.
Qlobal İqlim Dəyişmələrinin əsas səbəblərindən biri atmosferə karbon qazı, metan və proto-azot oksidi kimi istixana qazlarının buraxılmasıdır. Bu qazlar günəşdən Yer səthinə çatan istiliyi atmosferdə saxlayır və beləcə qlobal istiləşməyə səbəb olurlar . Məlum qazların əksəriyyəti enerji istehsalı, nəqliyyat, sənaye və məişətdə istifadə olunan mədən yanacaqlarının - kömür, neft və qazın yandırılması nəticəsində yaranır. Onlar qlobal istixana qazı emissiyalarının 75%-dən çoxunu və bütün karbon dioksid emissiyalarının isə demək olar ki, 90%-ni təşkil edir.

Qarşıdakı illərdə isə istixana qazı emissiyalarını azaltmaq və artan temperaturu məhdudlaşdırmaq üçün günəş, külək, hidroelektrik və bioenerji kimi daha təmiz, bərpa olunan enerji mənbələrinə keçmək lazımdır. Bundan başqa, bütün sektorlarda enerji səmərəliliyinin artırılmasına və enerji istehlakının azaldılmasına ehtiyac var. Lakin iqlim dəyişikliyinin yumşaldılmasında yaşıllığın rolu nəzərə alınmasa, bu tədbirlər yetərli olmaya bilər.

“Su stressi” nədir və ondan qurtula biləcəyikmi – Videokast
Yaşıllıq-meşələr, əkin sahələri, şəhərlərdəki yaşıl infrastruktur, hətta otaq bitkiləri də daxil olmaqla yer üzündə bitən bütün bitkilərə aiddir. Yaşıl bitkilər iqlimin tənzimlənməsində mühüm rol oynayırlar. Çünki orta məktəbdən oxumuşuq ki, onlar atmosferdən karbon qazını udaraq fotosintez prosesi ilə ətrafa oksigen buraxırlar. Beləliklə, yaşıllıqlar istixana qazlarının konsentrasiyasını azaldır və qlobal istiləşməyə əngəl törədirlər. BMT-nin məlumatına görə, meşələr təxminən 662 milyard ton karbon qazını çəkib "saxlayır". Bu isə qlobal karbon qazının yarısından çoxunun torpaqlarda və bitki örtüyündə saxlanılması deməkdir.

Bundan əlavə, yaşıllıqlar mikroiqlimə, yəni kiçik bir məkanda belə hava şəraitinə müsbət təsir göstərirlər. Yaşıllıq ağacların yaratdığı kölgələrdən və yarpaqdan suyun buxarlanması ilə havanı sərinləşdirilməsi rolunu da oynayırlar. Bu, günəş tərəfindən qızdırılan və istiliyi əks etdirən beton, asfalt və metalların bol olduğu şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edir. BMT-nin məlumatına görə, şəhərlərdə havanın temperaturu ətraf qəsəbələr, kənd yerlərindən 4-6°C yüksək olur. Yaşıllıqlar təkcə havanı nəmləndirmir, küləyin sürətini azaldır, səs-küyü və zərərli tozları özünə çəkir, havanın keyfiyyətini yaxşılaşdırır.

Bu gün hər birimizin əkəcəyi adi balaca ağac belə nəinki iqlim dəyişikliyinin təsirlərini azalda, həm də bu dəyişikliklərə uyğunlaşmamıza kömək də edə bilər. Yaşıllıqlar yağış sularını özündə saxlayır və müəyyən mənada udur, torpağı köklərlə möhkəmləndirir, onun yuyulmasının, erroziyanın qarşısını alır, torpağı sürüşmələrdən, şoranlıqdan da qoruyur.


Bizim toxunmayıb- kəsib, yandırıb, qurutmadan genişləndirəcəyimiz yaşıllıqlar həm də Yerdəki canlı orqanizmlərin biomüxtəlifliyinin qorunmasına da kömək edəcək. Biomüxtəliflik isə iqlim dəyişikliyinə qarşı ən güclü təbii müdafiəmiz sayılır. Çünki o, bizi bitkilərin tozlanması, su dövranının tənzimlənməsi, torpaq əmələ gəlməsi, torpağın münbitliyinin idarə edilməsi, zərərvericilərə və xəstəliklərə qarşı mübarizə, qida, dərman, yanacaq, tikinti materialları və digər resurslarla təminat kimi bir çox ekosistem xidmətləri ilə təmin edir.

Lakin etiraf etməliyik ki, bu gün yaşıllıqlar insan fəaliyyəti nəticəsində ciddi təhlükə altındadır. BMT-nin məlumatına görə, hər il təxminən 10 milyon hektar meşə sahəsi yox olur ki, bu da İslandiyanın ərazisinə bərabərdir. Meşələrin qırılmasının əsas səbəbləri isə kənd təsərrüfatının genişləndirilməsi, ağac istehsalı, mədənçilik, yeni yollar və qəsəbələrin tikintisi, yanğınlar, qiymətli ağacların qeyri-qanuni kəsilməsidir. Bundan əlavə, meşələr elə iqlim dəyişikliklərinin yaratdığı bəzi fəsadlar, mal-qaranın artması, əraziyə yad bitki növlərinin daha çox əkilməsi ( məsələn son illər daha çox palma sahələrinin salınması-red. ), zərərvericilərin artımı və bitki xəstəlikləri səbəbindən deqradasiyaya uğrayırlar. Nəticədə, təəssüf ki, geniş yaşıllıqlar, meşələr karbonu udub saxlamaq və digər ekosistem xidmətləri göstərmək qabiliyyətini itirirlər.

Odur ki, artıq istixana qazları emissiyalarını azaltmaq, iqlim dəyişikliyinə uyğunlaşmaq, təbiətin, bəşəriyyətin rifahını təmin etmək üçün yaşıllıqların qorunması, bərpası və davamlı idarə olunmasına dair genişmiqyaslı tədbirlər görmək lazımdır.

Yeri gəlmişkən, istilik effekti yaradan qazların inventarlaşdırılması işlərinə dair beynəlxalq razılaşma mövcuddur ki, onun az effekt verməsi çox vaxt tənqid olunur. Bu mühüm sənədin adı “Paris sazişi”dir.

Məlum sənəd BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasına əsasən 2020-ci ildən atmosferdəki karbon dioksidin azaldılmasına dair tədbirləri tənzimləyən bir razılaşma xarakterli sazişdir. Razılaşma, Paris İqlim Konfransı zamanı Kioto protokolunun əvəzinə hazırlanıb və 12 dekabr 2015-ci ildə konsensusla qəbul edilərək 22 aprel 2016-cı ildə imzalanıb. Razılaşmanın məqsədi ( 2-ci maddəyə görə-red. ) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının “tətbiqini artırmaq”, xüsusən qlobal orta temperatur artımını 2 °C-dən aşağıda saxlamaq, onu məhdudlaşdırmaq üçün “səy göstərmək” və s. məsələlərdir.

İştirakçı ölkələr elan olunmuş ümumi hədəflərə çatmaq üçün verdikləri töhfələri fərdi qaydada müəyyənləşdirir və hər beş ildən bir onu yenidən nəzərdən keçirirlər. Amma burada istər milli hədəflərin elan edilməsi ilə əlaqədar, istərsə də onlara çatmaq öhdəliyini təmin etmək üçün heç bir icra mexanizmi nəzərdə tutulmayıb.

Bu arada, nə qədər qəribə səslənsə də ilbəil artan ət istehlakı da bu mövzuda əksər ölkələri qayğılandırır. Çünki maldarlıq iqlim dəyişikliyində mənfi rol oynayır. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, adambaşına ət istehlakı 1960-cı ildən bəri təxminən iki dəfə artaraq ildə 23,1 kiloqramdan 69,5-i keçib. Amma inkişaf etməkdə olan ölkələrdə orta hesabla ət istehlakı 27,6 kiloqramdır. Bir sözlə, alimlər deyirlər ki, əgər fərd olaraq hər biriniz ət istehlakını minimuma endirsəniz, təbiətdəki “karbon izinizi” azaltmağa kömək etmiş olarsınız...

FAO-nun məlumatına görə, heyvandarlıq fəaliyyəti insanlar tərəfindən atılan bütün istixana qazı emissiyalarının 14,5%-nə bir növ cavabdehdir.

Daha bir maraqlı misal: 2020-ci ildə Sinqapurda süni ətin satışa çıxarılması qalmaqal yaratsa da, sonradan onun zərərli olmaması bu prosesin iqlimə müsbət yöndə təsir edəcəyi iddia olundu. İlk dəfə süni əti öz restoranında təqdim edən Mark Nikolson laboratoriyada istehsal olunan bu məhsulun "iqlim dəyişikliyi probleminin həlli və planetimizi məhv etmədən insanları qidalandırmaq baxımından inqilabi bir addım olduğunu" qeyd edib.

Bəzən təzadlı araşdırmalar da ortaya çıxır. Məsələn, bəzi alimlər veqanların iqlimə ət yeyənlərdən daha çox zərər verdiklərini iddia edirlər.

Azərbaycanın ümumi emissiyalarda payı

Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto protokolunu ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkə Paris Sazişini 2016-cı ilin oktyabrında ratifikasiya edib. Yuxarıda qeyd etdiyimiz kimi Paris Sazişi ölkələrin təqdim etdiyi Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC - Nationally Determined Contribution) əsasən öhdəlikləri müəyyən edir.

Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədində baza ili (1990) ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb. Tullantıların sektorlar üzrə bölgüsünə gəldikdə istilik effekti yaradan qaz tullantılarının əksəriyyəti energetika sektorunun payına düşür (qəbul olunmuş beynəlxalq metodologiyaya əsasən nəqliyyat da energetika sektoruna daxildir).

İstilik effekti yaradan qazların qlobal emissiyalarında ən çox payı olan 5 ölkə Çin (28 faiz), ABŞ (15 faiz), Hindistan (7 faiz), Rusiya (5 faiz) və Yaponiyadır (4 faiz). Azərbaycanın payı isə cəmi 0.15 faiz təşkil edir.

Bir neçə ildir ki, Azərbaycanda iqlim dəyişmələrinə təsirlərin azaldılması istiqamətində bərpa olunan enerji mənbələrindən və enerji səmərəli texnologiyalardan istifadənin artırılması, meşə ərazilərinin genişləndirilməsi, səmt qazlarının atmosferə atılma həcminin azaldılması və s. kimi tədbirlər də həyata keçirilir. Buna ən uyğun və gözəl misal bu ilin oktyabrın 26-da açılışı olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasını göstərmək olar. Hansı ki, bu stansiya regionda ən böyük günəş elektrik stansiyası sayılır. Bir sözlə, Azərbaycan fərqli sahələrdə görülən işlərlə qlobal iqlim dəyişikliklərinin qarşısının alınmasına az da olsa öz töhfəsini verməyə çalışır.

Hətta Avropa İttifaqı bu ilin aprelində Azərbaycanda aşağı emissiyalı və iqlimə davamlı müqavimətli addımların milli inkişaf planına inteqrasiya edilməsi üçün milli potensial yaratmaq təşəbbüsünü belə alqışlamışdı. Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Piter Mixalko bununla bağlı demişdi ki, "EU4Climate” Proqramı çərçivəsində Azərbaycan hökuməti ilə tərəfdaşlıq edən Avropa İttifaqı, ölkənin Paris Sazişinin şərtlərinə uyğun olaraq atdığı addımları dəstəkləyir".


Yaşıllıqların salınmasından danışarkən burada sadə vətəndaşlardan da çox şey asılıdır. Azərbaycanda vətəndaşların yaşıllaşdırma işlərində könüllü iştirakını qənaətbəxş saymaq olmaz. Düzdür, SOCAR və digər aidiyyəti qurumlar hər il ətraf mühitin qorunmasına və yeni yaşıllıq zolaqlarının salınmasına ciddi önəm verdiklərini göstərir, hər il ənənəvi iməcliklər təşkil edirlər. Amma bəzi hallarda əkilən ağaclara sonradan qulluq işləri zəif görüldüyü və ya məkanların doğru seçilməməsi səbəbindən salınan yeni yaşıllıq zonaları məhv olur.

Ancaq həqiqətən də hər kəs yaşadığı ərazidə bir ağac əksə, bu, iqlim dəyişikliyinin nəticələrinin yumşaldılmasına töhfə verə bilər. Axı harada ki, yaşıllıq zonaları salınır ora “Karbon saxlancı” deyirik... Xüsusən də Azərbaycan son illərdə iqlim dəyişikliklərindən xeyli əziyyət çəkib. Bu arzuolunmaz qlobal prosesin ölkəmizə təsirləri ilə bağlı təkcə bir təhlükəli statistikanı qeyd edək ki, bu il sel-daşqın hadisələri ötən ilin rekordunu üç dəfə üstələyib...

Qısası, nəinki Azərbaycanın, ümumilikdə regionumuzda yeni yaşıllıqların salınması, prosesdə vətəndaşların aktiv iştirakı iqlim dəyişikliyinin yumşaldılmasına mühüm töhfə verə bilər. Gələcək nəsillər üçün sağlam ətraf mühiti təmin etməyi hədəfləyiriksə, iqlim dəyişikliyinin mənfi təsirləri ilə mübarizə və ətraf mühitin deqradasiyasının qarşısının alınması üzrə birgə səylərimiz çox vacibdir.

"Bu məqalə İsveçrə İnkişaf Agentliyi tərəfindən dəstəklənən "Azərbaycan: vətəndaşların qlobal istiləşmə ilə mübarizəyə necə töhfə verə biləcəyi barədə məlumatlılığın artırılması" layihəsi çərçivəsində hazırlanıb. Layihənin icraçısı Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondudur".
Tural Tağıyev
AzVision.az



Teqlər:   İqlim   Azərbaycan   Ət   Yaşıllıq   Meşə   BMT   Ekosistem   Ağac  





Xəbər lenti