İran Qərbin əlaltısına çevrilən Ermənistanı silahlandırır

  İran Qərbin əlaltısına çevrilən    Ermənistanı silahlandırır
  25 İyul 2024    Oxunub:2008
Ermənistan 500 milyon dollar həcmində silah almaq üçün İranla gizli müqavilə bağlayıb.
AzVision.az xəbər verir ki, Londonda yerləşən “Iran International” agentliyinin yaydığı məlumata əsasən, söhbət İranın istehsal etdiyi “Şahed-136”, “Şahed-129”, “Şahed-197” və “Mohacer-6” PUA-larından, habelə “Hordad-3”, “Hordad-15”, “Məcid” və “Şahid Arman” tipli zenit-raket komplekslərinin Ermənistana satılmasından (ZRK) gedir.


Yaxın Şərqdəki yüksək rütbəli hərbi məmurun sözlərinə görə, son aylarda bir neçə müqavilə imzalanıb. Hərbi razılaşma xəbərini İran əsilli kanadalı jurnalist və araşdırmaçı Negar Möctəhedi yayıb. O, İran və Ermənistanın müdafiə nazirliklərinin məsələ ilə bağlı şərh verməkdən boyun qaçırdıqlarını bildirib.

İran-Ermənistan silah müqaviləsinə təkcə kamikadze PUA-ların və hava hücumundan müdafiə sistemlərinin tədarükü yox, həm də kəşfiyyat əməkdaşlığı, sıx hərbi əlaqələr, təlimlər və Ermənistan ərazisində bazaların yaradılması daxildir.

Beləliklə, İran Hindistan və Fransadan sonra Ermənistanı silahlandıran ölkələr, başqa sözlə desək, Cənubi Qafqazda “odun üstünə yağ tökən”lər sırasına qoşulur. Bu isə, Tehranın regionla bağlı qeyri-sabit siyasətindən və ya məkrli planlarından xəbər verir. Halbuki, bir müddət əvvəl Qərbin Ermənistan vasitəsi ilə bölgədə möhkəmlənməsi cəhdlərinin təhlükəli olduğu barədə Tehran İrəvana siqnallar ünvanlayırdı. Lakin Ermənistanla gizli silah müqaviləsinin üzə çıxması İranın ənənəvi qaydada məkrli oyun qurduğunu bir daha təsdiqləyir.

Vaşinqton İnstitutunun silah üzrə eksperti Fərzin Nadimi “İran İnternational” nəşrinə bildirib ki, belə miqyaslı saziş Qafqaz ölkəsi üçün böyük əhəmiyyət kəsb edir.

“İran əvvəllər Ermənistana pilotsuz təyyarələr və bəzi digər silahlar satıb, lakin bu miqyasda olmayıb. Mən bundan regionun və ABŞ-nin xoşbəxt olacağını düşünmürəm”, - ekspert vurğulayıb.

Vaşinqtondakı Yaxın Şərq institutunun İran üzrə proqramının direktoru Aleks Vatanka isə ermənilərin Fransada, Hindistanda, ABŞ və İranda dəstək axtardıqlarını söyləyib.

- Ermənistan hərbi vəziyyət heç də ürəkaçan deyil. Son bir neçə il onlar üçün asan olmayıb. Onlar iki böyük hərbi kampaniyada tarixi düşmənləri olan Azərbaycana uduzublar və tarixi himayədarları olan Rusiyaya inamlarını itirdilər. İranla Ermənistan arasındakı silah müqaviləsi Tehrana Qafqazda təsirini saxlamağa kömək edəcək”, - Aleks Vatanka bildirib.


Qərbli ekspertlərin dediyinə görə, 44 günlük ikinci Qarabağ müharibəsindən sonra İranın Ermənistana bəzi silah növləri, o cümlədən pilotsuz təyyarələr verdiyi barədə məlumatlar yayılıb. Lakin böyük müdafiə sazişi barədə iki dövlət arasında razılaşma bir neçə ay əvvəl əldə olunub.

Maraqlıdır ki, Ermənistanın Müdafiə nazirliyi İranla silah alqı-satqısına dair müqavilə imzalanması ilə bağlı məlumatı təkzib edib. Nazirliyin mətbuat katibi Aram Torosyan erməni mediasına açıqlamasında bu xəbəri “uydurma” adlandıraraq, bu cür məzmunlu məlumatlara reaksiya vermədiklərini bildirib.

Amma bu ilin martında Ermənistanın Müdafiə naziri Suren Papikyanın Tehrana iki günlük rəsmi səfəri çərçivəsində iranlı həmkarı Mühəmməd Reza Aştiani və İranın Silahlı Qüvvələrinin Baş qərargah rəisi Mühəmməd Bageri ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə etməsi sözügedən silah sazişinin bağlanmasını dolayısı ilə təsdiqləyir.


Digər tərəfdən isə, Ermənistanın Maliyyə nazirliyi 2024-cü ildə müdafiə xərclərinin 2020-ci ilə nisbətən 81 faiz artdığını bildirib. Ölkənin bu il üçün müdafiə büdcəsi təxminən 1,4 milyard dollardır və saziş çərçivəsində İrana ayrılan məbləğ bu büdcənin təxminən üçdə birini təşkil edir. Bu baxımdan, İranla Ermənistan arasında 500 milyon dollar həcmində silah sazişinin bağlanması barədə məlumat heç bir şübhə doğurmur.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: İran   Ermənistan   silahlanma  





Xəbər lenti