Vaşinqton Qahirəyə də təzyiq göstərir

   Vaşinqton Qahirəyə də təzyiq göstərir
  30 Aprel 2025    Oxunub:242
Aprelin əvvəlində ABŞ prezidenti Donald Tramp Misirin lideri Əbdülfəttah əs-Sisi ilə telefon danışığı zamanı Amerika gəmilərinin Süveyş kanalından sərbəst keçməsini təmin etmək istədiyini bildirib.
AzVision.az xəbər verir ki, öz mənbələrinə isinad edən “The Wall Street Journal (WSJ)” nəşrinin yazdığına görə, ABŞ prezidenti Tramp həmçinin Qahirədən husilərə qarşı əməliyyatlarda hərbi yardım, kəşfiyyat məlumatlarının mübadiləsi və ya maliyyələşdirmə şəklində dəstəyini tələb edib.

Lakin əs-Sisi bundan imtina edərək, Qəzza zolağında atəşkəsin husilərin hücumlarını dayandırmağın ən yaxşı yolu olduğunu bildirib.

“Yəmən husilərinin ticarət gəmilərinə hücumları səbəbindən Süveyş kanalından keçən gəmilərin sayı iki dəfə azalıb. Bu, Misirin gəlirlərinin azalmasına, “Maersk” və “BP” də daxil olmaqla bir sıra iri şirkətlərin öz marşrutlarını müvəqqəti dayandırmasına səbəb olub”, - qəzet xatırladır.

ABŞ-nin Milli Təhlükəsizlik Şurasının təmsilçisi Ceyms Hyuitt bildirib ki, Qırmızı dənizdə gəmiçilik azadlığı bütün tərəfdaşların, o cümlədən Misirin maraqlarına cavab verir. Onun sözlərinə görə, Amerika gəmiləri üçün pulsuz keçid “yükü paylaşmağın bir yoludur”.

- Tramp gəmiçiliyi qorumaq naminə Misirdən təzminat tələb etməkdə israrlıdır və “Truth Social” sosial şəbəkəsindəki yazılarında təkcə hərbi deyil, həm də ABŞ-nin kommersiya gəmilərinin pulsuz tranzitinə icazə verilməsinə çağırıb”, - “WSJ” vurğulayır.

Nəşrin məlumatına görə, ABŞ administrasiyası bu ilin yazında Vaşinqtona səfər etmiş Misir rəsmilərinə Qahirəyə iqtisadi yardımın azaldıla biləcəyi barədə də xəbərdarlıq edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Misir   təzyiq  





Xəbər lenti