Vaşinqtonun son cəhdi?

   Vaşinqtonun son cəhdi?
  29 Aprel 2025    Oxunub:350
ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynada hərbi əməliyyatların dayandırılması üçün yekun plan hazırlayıb. Bu plana görə Kiyev 2022-ci ilin əvvəlindən Rusiyanın ələ keçirdiyi ərazilərin itirilməsini və ilhaq olunmuş Krımı Rusiyanın tərkib hissəsi kimi tanımalıdır.
AzVision.az xəbər verir ki, mənbələrə istinadən belə məlumat yayan “CNN” telekanalı Trampın sülh sazişi bağlamaq cəhdlərinin uğursuzluğundan çox məyus olduğunu bildirib. Beləliklə, Ağ Ev müharibəni bitirmək üçün getdikcə daha israrlı səylər göstərir.

Bundan əvvəl Böyük Britaniyanın “Financial Times (FT)” qəzeti Kiyevin və onun avropalı müttəfiqlərinin Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlardan artıq bu həftə geri çəkilə biləcəyindən ehtiyatlandıqlarını yazıb.

“The Daily Telegraph” nəşri, öz növbəsində, ABŞ-nin Ukraynaya yeddi bəndlik plan təklif etdiyini bildirib. Buraya dərhal atəşkəs, Ukrayna və Rusiya arasında birbaşa danışıqlar, Kiyevin NATO-ya üzvlükdən imtinası, ABŞ tərəfindən Rusiyanın Krım üzərində suverenliyinin və 2022-ci ildən bəri tutduğu ərazilər üzərində de-fakto nəzarətinin tanınması daxildir.

“Bu plan, həmçinin Zaporojye AES-in ABŞ-nin nəzarətinə keçməsini, Kiyev və Vaşinqtonun mineral ehtiyatlara dair saziş imzalamasını, ABŞ-nin Rusiyaya qarşı bütün sanksiyalarının götürülməsini, ABŞ və Rusiya arasında enerji sahəsində əməkdaşlığa başlanmasını nəzərdə tutur”, - məlumatda deyilir.

Tramp Ukrayna və Avropanı təşvişə salıb
Lakin Trampın təklifləri ilə razılaşmayan Ukrayna tərəfi London danışıqlarında müharibənin dayandırılması ilə bağlı ABŞ-yə təkliflərin yenilənmiş siyahısını təqdim edib.

- Bu təkliflər şəxsən Trampa göndərilib. İstənilən sazişlər ölkənin dəyərlərinə və Konstitusiyasına zidd olmamalıdır”, - Ukrayna prezidenti Volodimir Zelenski vurğulayıb.

“The Telegraph” nəşrinin yazdığıan görə, Kiyev beş əsas tələb irəli sürüb. Onlardan ən əsası ilhaq edilmiş Krımın de-yure Rusiya ərazisi kimi tanınmamasıdır. Ukrayna Rusiyanın Krım və digər zəbt olunmuş ərazilər üzərində suverenliyinin beynəlxalq səviyyədə tanınmasının qarşısını almağa çalışır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   ABŞ   sülh   plan  





Xəbər lenti