Erməni hərbi ekspert Vətən müharibəsi ilə bağlı yeni detalları açıqladı

   Erməni hərbi ekspert Vətən müharibəsi ilə bağlı yeni detalları açıqladı
  26 İyul 2024    Oxunub:1501
Hərbi ekspert Karen Vrtanesyan İkinci Qarabağ müharibəsi ilə bağlı diqqət çəkən açıqlamalar verib.
AzVision.az xəbər verir ki, o "Mamul" nəşrinə açıqlamasında döyüşlər başlayan zaman bəzi mühüm siyasətçilərin susdurulduğunu iddia edib. Vrtanesyan konkret olaraq Ermənistanın keçmiş elm və təhsil naziri, "Respublika" Partiyasının sədr müavini Armen Aşotyandan misal çəkib: “44 günlük müharibənin ilk günlərindən Armen Aşotyan faktiki olaraq "zərərsizləşdirilmişdi". Onu çağırıb Sünikdəki hospitalda xidmət etməyə göndərdilər. Hərbi polis isə hospitala gələrək Aşotyanın telefonunu əlindən alıb. Məqsəd bəllidir, Armen gördüklərini operativ şəkildə yaza, yaya bilməsin...

Serjik sərsəmlədi: "Yenidən qalib gəlmək istəyiriksə..."
Aşotyan və ümumilikdə "Respublika" Partiyasının Avropada müəyyən dairələrlə ciddi siyasi əlaqələri var. Nikolun məqsədi isə bu əlaqələri "iflic" etmək, məlumatların Avropaya ötürülməsinin qarşısını almaq idi. O, eyni məntiq və üsullarla Ermənistan ordusunun ən yaxşı generallarını döyüş meydanından uzaqlaşdıraraq istəyinə nail olmuşdu".

Ekspert Paşinyan hakimiyyətinin Azərbaycanın güclü hücumları qarşısında aciz qalaraq məğlubiyyətlə barışmasının əvvəldən hiss edildiyini də söyləyib: "Əlbəttə, mən iddia etmirəm ki, həmin günlərdə Aşotyan İrəvanda və ya Avropada olsaydı, biz müharibədə qalib gələ bilərdik. Belə düşünmək sadəlövhlükdür. Çünki həmin ay Ermənistanı nəzarətə götürən siyasi dəstə sanki ölkəni məğlubiyyətə aparmağa çalışırdı. Bir nəfər, hətta bir neçə siyasi qüvvə belə müharibədə heç nəyi dəyişə bilməzdi. Bu gün 10 noyabr 2020-ci ildəki durumdan daha ağır vəziyyətdəyik. Hətta 19 sentyabr 2023-cü ildən də çətin duruma düşmüşük. Hazırda tənəzzülü dayandırmaq iki və ya üç il əvvəl olduğundan daha çətindir. Milliliyə önəm verən insanlarımızın döyüşlərə hazır olan qüvvələrlə birləşməsi və fədakar liderlərin rəhbərliyi altında eyni cəbhədə fəaliyyəti daha da aktuallaşır. Milli dövləti qoruyub saxlamağın başqa yolu qalmayıb".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Müharibə   Ekspert  





Xəbər lenti