Barbiturat: Məşhurların "çıxış" yolu...

      Barbiturat:    Məşhurların "çıxış" yolu...
  24 İyul 2024    Oxunub:7518
"Barbiturat" tibbdə əsasən psixi xəstələri, habelə yuxusuzluqdan əziyyət çəkənləri sakitləşdirmək məqsədilə işlədilən sedativ və hipnotik xassəyə malik dərman qrupunun ümumi adıdır. Asılılıq yaradan, artıq dozada qəbulu zamanı insan sağlamlığına ciddi təsir göstərən bu dərmanlar həkim nəzarətində intihar, evtanaziya və məhkumların edamında da "köməyə gəlir".
İnsan orqanizminin barbituratla zəhərlənməsi nəticəsində bir sıra əlamət üzə çıxır: əsasən tənəffüs və sinir sistemi pozulur, koqnitiv bacarıqların zəifləşməsi, nitq və hərəkət çətinliyi, gücsüzlük baş verir. Daha ağır halda isə insan komaya düşür və həyati fəaliyyəti sona çatır...
Barbituratların əsas maddəsini - barbitur turşusunu ilk dəfə 1864-cü ildə alman kimyaçı Adolf von Bayer (1835-1917) hazırlayıb. O bu turşunu ureya (yaxud karbamid; karbon və azot tərkibli bu maddə insan sidiyinin də əsasını əmələ gətirir) ilə malonik efirin (təbii halda üzüm və çiyələyin tərkibində mövcuddur; xoş ətrinə görə ətir istehsalında, habelə vitamin B1 və vitamin B6-nın sintezində işlədilir) kondensasiyası (buxarlanma prosesinin əksi) nəticəsində əldə edib.

(Alman kimyaçı Adolf von Bayer)

Dərmanın adına gəldikdə isə, bu barədə iki maraqlı fərziyyə var. Birincisi odur ki, guya Bayer birləşmə üçün lazımi ureya maddəsini "Barbara" adlı tanıdığı ofisiant qadının sidiyindən götürüb və turşunu onun şərəfinə adlandırıb. İkinci fərziyyə isə ondan ibarətdir ki, Bayer və dostları pivəxanada bu kəşfi qeyd edərkən şəhərdə Müqəddəs Barbara bayramı keçirilirdi...

(Alman fizik Cosef fon Merinq və kimyaçı Franz Fişer)

Maraqlıdır ki, Bayerin kəşfi yalnız 1903-cü ildə əhəmiyyət qazanıb. Onda kimyaçı Franz Fişer (1877-1947) və fizik Cosef fon Merinq (1849-1908) barbituratın itləri yuxuya verməkdə təsirini üzə çıxarıblar. Beləliklə, dərmanın "Barbital", eləcə də "Veronal" və "Medinal" adları altında satışı başlanıb.

Elə həmin dövrdən, əsasən 1940-1950-ci illərdən etibarən sakitləşdirici, yuxugətirici xüsusiyyətə malik barbiturat səs-küylü, stresli həyat yaşayan şəxslərin, xüsusən məşhur simaların "xilas" yerinə çevrilib. Bu dərmana asılılığı yaranan, onu öz həyatının ayrılmaz hissəsinə çevirən aktyor, aktrisa, müğənni, yazıçı və şairlərin sayı az deyil. Sənətin romantikası ilə dünya reallığının təzad məngənəsində sıxışıb qalan bir çox sənətkar da özünün zahirən keşməkeşli, çılğın, əslində isə, kədərli ömrünü məhz barbiturat tərkibli yuxu dərmanlarının "köməyi ilə" başa vurub. Həmin şəxslərin siyahısına nəzər salsaq, bu tanınmışları görə bilərik:

- Avstriya yazıçısı Stefan Sveyq. Dünya ədəbiyyatının klassik əsərlərindən sayılan "Şahmat"ın müəllifi 22 fevral 1942-ci ildə (60 yaşında) həyat yoldaşı Lotte ilə bərabər barbiturat içərək canına qıyıb;

- İtalyan şair və yazıçı Çezare Paveze. "Ay və tonqallar" romanı ilə məşhurlaşmış ədib ağır depressiya və siyasi təzyiq nəticəsində 27 avqust 1950-ci ildə (41 yaşında) barbituratla özünü öldürüb;

- ABŞ aktrisası Merilin Monro. 4 avqust 1962-ci ildə (36 yaşında) bağlı qapı arxasında, yatağında ölü tapılıb. Ölüm səbəbi kimi barbiturat zəhərlənməsi göstərilsə də, məşhur aktrisanın ölümü barədə başqa fərziyyələr də var;

- Britaniyalı dövlət xadimi Vinston Çörçilin qızı Diana. 20 oktyabr 1963-cü ildə (54 yaşında) barbituratla intihar edib;

- ABŞ aktrisası Cudi Qarlend. 22 iyun 1969-cu ildə (47 yaşında) kirayə yaşadığı evin vanna otağında ölü tapılıb. Ölüm səbəbi: barbiturat zəhərlənməsi;

- ABŞ musiqiçisi, gitar ustası Cimi Hendriks. Məşhur rok ulduzunun da 18 sentyabr 1970-ci ildə (27 yaşında) barbiturat zəhərlənməsi nəticəsində dünyasını dəyişdiyi rəsmi şəkildə bildirilsə də, bu ehtimal mübahisəlidir;

- İtalyanəsilli ABŞ aktrisası Pyer Anceli. 10 sentyabr 1971-ci ildə (39 yaşında) evində barbituratla özünü öldürüb;

- Fransız aktrisa Jin Seberq. Görkəmli rejissor Jan-Lük Qodarın "Son nəfəsdə" filmindəki roluna görə şöhrət qazanmış aktrisa 30 avqust 1979-cu ildə (40 yaşında) qəfildən yoxa çıxıb və 9 gün sonra öz maşınında ölü tapılıb. Yanında boş barbiturat və su şüşələri, habelə oğlu üçün bir qeyd varmış: "Məni bağışla. Əsəblərim yaşamağa imkan vermir…".

- İtalyanəsilli fransız müğənni Dalida. 3 may 1987-ci ildə (54 yaşında) arxasınca bu qeydi qoyaraq artıq dozada barbiturat içməklə canına qıyıb:
"Həyat mənim üçün dözülməzdir. Bağışlayın…".


Firudin Həmidli
AzVision.az


Teqlər: Barbiturat  





Xəbər lenti