Dollar-qızıl rəqabəti güclənir

      Dollar-qızıl rəqabəti güclənir
  26 İyul 2024    Oxunub:1874
Qlobal miqyasda cərəyan edən son hadisələr fonunda dünyanın ehtiyat valyutası olan ABŞ dolları öz cəlbediciliyini itirməyə başlayıb. Bunun əvəzində bir çox ölkələrin Mərkəzi bankları öz ehtiyatlarını qızıl hesabına artırmağa çalışırlar.
Tarixən böyük böhranlar zamanı əsas valyutalara və qiymətli kağızlara inamını itirənlər öz kapitalları üçün qızılı ən etibarlı sığınacaq kimi seçirlər. Məhz belə məqamlarda hökumətlər, mərkəzi banklar, müxtəlif fondlar və təşkilatlar maliyyə bazarlarına təzyiq risklərindən qurtulmaq üçün tonlarla qızıl almağa üstünlük verirlər.

Bu müstəvidə bir qayda olaraq, varlı ölkələr seçilsələr də, son vaxtlar valyuta ehtiyatlarının itkilərə məruz qalmasından sığortalanmağa çalışan Afrika ölkələrinin də bu məsələdə fəallaşdığı nəzərə çarpır. Həmin ölkələrin, elə digər dövlətlərin də, bu addımını şərtləndirən əsas təhlükələrdən biri ABŞ-nin dollardan təzyiq aləti kimi istifadə etməsidir.

Belə ki, qiymətli metallarla əməliyyatlar üzrə ixtisaslaşan “Money Metals Exchange (MME)” rəqəmsal mübadilə platformasının informasiya xidmətinin məlumatına görə, bu il Zimbabve, Madaqaskar, Nigeriya, Tanzaniya, Uqanda və Cənubi Sudan qızıl ehtiyatlarını artırmaq üçün zəruri addımlar atıblar. Hətta varlılar sinfinə aid olmayan və ABŞ-nin artan dövlət borcu ilə bağlı riskləri aydın şəkildə görən bu ölkələr belə başqa çıxış yolu qalmadığını dərk edirlər.


Hərçənd, Afrika hökumətlərinin və mərkəzi banklarının son aylarda almaq istədikləri və ya artıq aldıqları qızılın dəqiq həcmi kommersiya sirri kimi qalır. Mütəxəssislər hesab edirlər ki, bütövlükdə satınalmaların həcmi kiçik olsa da, daim artır. İnvestorlar isə qızıla marağın artmasının səbəbini artıq gizlətmirlər.

“The Washington Post” qəzetinin apardığı təhlildən məlum olur ki, hazırda ABŞ-nin fiziki şəxslərə, şirkətlərə və mülklərə qarşı maliyyə sanksiyaları bu və ya digər formada bütün dünya ölkələrinin üçdə birinə öz təsirini göstərib. ABŞ istənilən dövlətdən və ya beynəlxalq təşkilatdan üç dəfə çox sanksiya tətbiq edən ölkəyə çevrilib.

Qəzetin yazdığına görə, həm də hazırda dünyanın aşağı gəlirli ölkələrinin 60 faizindən çoxu ABŞ-nin maliyyə məhdudiyyətləri altındadır. Təkcə ötən ildə Bayden administrasiyası üç mindən çox şəxsə qarşı sanksiya tətbiq edərək, onların vətəndaşı olduqları ölkələrə dolayısı ilə ciddi ziyan vurub.

Məsələn, Kubaya qarşı ABŞ-nin sanksiyaları adaya həyati əhəmiyyətli dərmanların çatıdırlmasına, Suriyaya münasibətdə aparılan siyasət bu ölkənin vətəndaş müharibəsindən sonra yenidən bərpasına mane oldu. Venesuelaya tətbiq edilən sanksiyalar nəticəsində isə bu ölkə Böyük Depressiya zamanı ABŞ-nin üzləşdiyi zərərdən üçqat dərəcədə artıq iqtisadi tənəzzüllə uğradı.

Hətta amerikalıların özləri də tez-tez Vaşinqtonun siyasətindən narazılıqlarını gizlətmirlər. Belə ki, iyunun 6-da keçmiş amerikalı kəşfiyyatçı və BMT-nin sabiq müfəttişi Skott Ritter hansısa aydın olmayan siyasi məsələ ilə bağlı sanksiyalar təhlükəsi səbəbindən Bayden administrasiyasının dolları dünyanın ən əlverişsiz valyutasına çevirdiyini vurğulayıb.

Üstəlik, bir çox dövlətlər, xüsusən də ABŞ-yə yaxın olmayan ölkələr açıq şəkildə dollardan asılılığı azaltmağın yollarını axtarırlar. Doğrudur, buna rəğmən, dollar hələ də liderliyini qoruyub saxlasa da, hər küçən gün öz mövqeyini bir qədər itirir. İş o yerə çatıb ki, hətta ABŞ-nin Maliyyə naziri Janet Yellen Amerika dollarının qlobal iqtisadiyyatda payının azalmasını özünün əsas təşvişlərindən biri kimi qiymətləndirib.


Yellenin iyulun 9-da ABŞ Konqresində etdiyi bu etirafı amerikalı parlamentariləri qəzəbləndirib. Çünki iki il əvvəl o, ABŞ-nin Rusiyaya qarşı sanksiya siyasətinin dolların statusunu sarsıda və dünyanın aparıcı valyutası kimi uzun müddət ciddi rəqiblərin meydana çıxa biləcəyi ehtimalını qətiyyətlə inkar edirdi.

Amma indi 2022-2023-cü illərdə beynəlxalq ödənişlərdə dolların payının azalması sürətinin kəskin şəkildə artdığını (2011-ci ildə bu rəqəm 73 faiz olduğu halda, 2023-cü ildə 58 faizə enib) etiraf etmək məcburiyyəti yaranıb. İqtisadi sanksiyaların aqressiv istifadəsinin nəticəsi kimi artıq 2022-ci ildə dollar ehtiyat valyuta kimi bazardakı payının sürətlə azalması faktı ilə üzləşdi. Belə ki, ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı gördüyü fövqəladə tədbirlər dollarda əhəmiyyətli valyuta ehtiyatı saxlayan ölkələri xeyli ehtiyatlandırıb.

Maraqlıdır ki, ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) də Vaşinqtonun sanksiyalarını Amerika valyutasının cəlbediciliyini zəiflədə biləcək amil saymayıb. Onların belə yanaşması ABŞ-nin opponentlərinin dollara praktiki heç bir alternativi olmadığı düşüncəsinə söykənir. Bundan əlavə, avro, yapon yenası və ingilis funt sterlinqi kimi digər ehtiyat valyutalar da Rusiyaya qarşı sanksiyalarda iştirak edən ABŞ-nin müttəfiqləri tərəfindən buraxılır.

Sözsüz ki, Co Bayden administrasiyasının nümayiş etdirdiyi yanaşma ilə seçkilərə qədər bu problemin öz həllini tapacağı inandırıcı görünmür. Amma Respublikaçılar partiyası ABŞ vətəndaşlarına dolları dünyanın ehtiyat valyutası kimi saxlamaq vədi verir. Bununla belə, seçki platformasında bunun hansı mexanizm və detallar əsasında həyata keçirilməsinin planlaşdırıldığı açıqlanmayıb.

Amma ABŞ-nin eks-prezidenti və potensial gələcək rəhbəri Donald Trampın iqtisadi siyasətinin nəticələrini öz dünya öz üzərində bir dəfə yaşayıb. Əgər cəmiyyətin müəyyən hissəsi xarici siyasətdə müəyyən ümidləri Trampın Ağ Evə qayıdışı ilə əlaqələndirirsə, maliyyəçilərin fikrincə, noyabrdakı prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, böyük ehtimalla, yaxın illərdə də dollar öz cəlbediciliyini itirməkdə davam edəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Dollar   qızıl  





Xəbər lenti