Azərbaycan və İsveçrə arasında məsləhətləşmələr keçirilib

Azərbaycan və İsveçrə arasında məsləhətləşmələr keçirilib
  26 Aprel 2025    Oxunub:488
Aprelin 25-də Berndə Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu baş tutub.
AzVision.az xəbər verir ki, Azərbaycan XİN-in yaydığı məlumatda Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayevin, İsveçrə nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər üzrə Federal Departamentinin Dövlət Katibinin köməkçisi, Avrasiya idarəsinin rəhbəri Muriel Peneveyrenin rəhbərlik etdiyi bildirilir.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi sahədə əlaqələr müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb. Daha sonra iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün müvafiq müqavilə-hüquq bazasının inkişafının önəmi qeyd olunub.

Fariz Rzayev Azərbaycanın iqlim diplomatiyası və qlobal iqlim gündəliyinə töhfələri, ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, sessiya çərçivəsində irəli sürülən təşəbbüslər və əldə olunan nailiyyətlərdən danışıb.

Görüşdə, həmçinin postmünaqişə dövründə bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi, davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Sonda tərəflər arasında həmçinin regional və beynəlxalq məsələlər, eləcə də birgə maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Fariz Rzayev həmçinin digər işgüzar görüşlər də keçirib.


Teqlər: Azərbaycan   İsveçrə  





Xəbər lenti