Bundan sonra KT və MRT tam pulsuz olmayacaq

   Bundan sonra KT və MRT tam pulsuz olmayacaq
  25 Aprel 2025    Oxunub:322
Azərbaycan Nazirlər Kabinetinin 24 aprel 2025-ci il tarixli 134 nömrəli Qərarına əsasən “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, MRT (Maqnit Rezonans Tomoqrafiya) və KT (Kompüter Tomoqrafiyası) müayinələri üçün yeni ödəmə qaydası müəyyən edilib.

İcbari tibbi sığorta hesabına həyata keçirilən bu müayinələr zamanı vətəndaşlar ixtisaslı həkimin göndərişi əsasında ambulator şəraitdə göstərilən bu tibbi xidmətlər üzrə Xidmətlər Zərfindəki tarifin 20 faizi həcmində müştərək maliyyələşmə məbləği ödəyəcəklər. Tibbi xidmətin tarifi üzrə qalan məbləğ isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən qarşılanacaq.

Nümunə olaraq qeyd edək ki, ambulator tibbi xidmətlər üzrə MRT və KT müayinələrinin tarifləri nahiyədən asılı olaraq 50-120 manat arası dəyişir. 50 manat olan xidmətlərdə müştərək maliyyələşmə məbləği 10 manat, 120 manat olanlarda isə 24 manat olacaq. Qeyd edək ki, müştərək maliyyələşmə məbləği ƏDV-yə cəlb olunur.

Yeni mexanizm ixtisaslı həkim göndərişi əsasında dövlət və özəl tibb müəssisələrində tətbiq ediləcək. Belə ki, ixtisaslı həkim tərəfindən tibbi göstəriş olduğu halda MRT və ya KT müayinəsinə pasiyentə göndəriş veriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti