Hindistan-Pakistan sərhədində atışma olub

   Hindistan-Pakistan sərhədində atışma olub
  25 Aprel 2025    Oxunub:370
Hindistan və Pakistan əsgərləri Cammu və Kəşmirdə Nəzarət Xətti boyunca atışma mübadiləsi ediblər.
AzVision.az xəbər verir ki, ordudakı mənbəyə istinad edən Hindistanın “PTI” agentliyi belə məlumat yayıb.

“Pakistanın təşəbbüsü ilə Nəzarət Xətti boyunca bəzi yerlərdə atıcı silahlardan atəş açılıb. Hindistan ordusu Pakistandan atılan atəşə cavab verib”, - xəbərdə deyilir.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Hindistan mətbuatı bildirir ki, Hindistan ordusunun baş qərargah rəisi general Upendra Dvivedi cümə günü Kəşmirə gəlib.

Pakistan-Hindistan münasibətləri gərginləşir
Atışma silahlı yaraqlıların Pahalqam şəhərində (Cammu və Kəşmirin dağlıq Anantnaq rayonunda) turistlərə hücumundan bir neçə gün sonra baş verib. Hindistanın nəzarətində olan bu ərazoiyə Pakistan çoxdan iddialıdır. Hücum nəticəsində 26 nəfər ölüb, onlarla insan yaralanıb.

Hücuma görə məsuliyyəti Pakistanda yerləşən “Ləşkər-e-Taibə” hərəkatının qolu olan “Müqavimət Cəbhəsi” öz üzərinə götürüb.

Bu hadisə iki nüvə dövləti arasında yeni böhrana səbəb olub. Hindistan hakimiyyəti Pakistana qarşı diplomatların qovulması və Hind çayının suyunun paylaşılması müqaviləsinin dayandırılması da daxil olmaqla bir sıra sərt tədbirlər görüb. Halbuki Yeni Dehli əvvəllər bu müqaviləni heç vaxt pozmayıb.

1960-cı il müqaviləsi Hind hövzəsinin Kəşmirdən mənbəyini kəşmirdən götürən 6 çayının sularının paylanmasını tənzimləyir. Celam, Çinab və Hind Pakistana, Ravi, Satlec və Bias isə Hindistana geçib.

Cavab addımı atan İslamabad, öz növbəsində, Hndistanın Hind çayından su axını dayandırmaq cəhdini müharibə aktı kimi qiymətləndirəcəyini bildirib. Belə ki, Pakistanın kənd təsərrüfatı və enerji sektoru əsasən su təchizatının sabitliyindən asılıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Hindistan   Pakistan   atışma  





Xəbər lenti