İvanişvili Gürcüstanın prezidenti ola bilər

 İvanişvili Gürcüstanın    prezidenti    ola bilər
  25 İyul 2024    Oxunub:571
Gürcüstanın ədliyyə naziri Rati Breqadze milyarder və hakim “Gürcü arzusu-Demokrtaik Gürcüstan” partiyasının banisi və fəxri sədri Bidzina İvanişvilinin prezidentliyə namizəd ola biləcəyini istisna etməyib.
“Cənab İvanişvili, əgər o, prezidentliyə namizəd olmaq qərarına gəlsə, əminəm ki, Gürcüstan tarixində ən yaxşı prezident olacaq”, - Ədliyyə naziri Rati Breqadze jurnalistlərə açıqlamasında deyib.

İvanişvilinin mümkün yeni rolu barədə hakim partiyadan belə ehtimal ilk dəfədir ki, səsləndirilir və bu rəsmi olaraq hələlik heç kim tərəfindən təsdiqlənməyib. Amma son vaxtlar hakim “Gürcü arzusu-Demokrtaik Gürcüstan” partiyasının formalaşdırdığı hökumətlə Qərbpərəst prezident Salome Zurabişvili arasında yaşanan sərt qarşıdurma Bidzina İvanişvilinin bu posta namizədliyinin irəli sürülməsi ehtimalını xeyli gücləndirir.

Yeri gəlmişkən, dünən Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti hakim və fəxri sədri, milyarder Bidzina İvanişvilinin qətlinə hazırlıq barədə araşdırma apardığı barədə məlumat yayıb. Verilən açıqlamaya görə, İvanişvilinin qətlinə hazırlıq, eləcə də digər “cinayətkar hərəkətlər” keçmiş yüksək vəzifəli məmurlar və Gürcüstan hüquq-mühafizə orqanlarının hazırda Ukraynada olan əməkdaşları tərəfindən təşkil edilib və maliyyələşdirilib.

Qeyd edək ki, 2017-ci ildə qəbul olunmuş Konstitusiyaya əsasən, Gürcüstanda artıq birbaşa prezident seçkiləri yoxdur. Bu ili oktyabrında keçiriləcək parlament seçkilərindən sonra yeni prezident deputatlardan və regionların təmsilçilərindən ibarət 300 nəfərlik seçicilər kollegiyası tərəfindən seçiləcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İvanişvili   prezident  





Xəbər lenti