Baydenin qərarı Ukraynaya kömək edə bilər

   Baydenin qərarı Ukraynaya kömək edə bilər
  24 İyul 2024    Oxunub:331
Co Baydenin prezidentlik kampaniyasından çıxması onun hakimiyyətini tədricən azaldacaq, lakin bu, həm də onu siyasi məhdudiyyətlərdən azad edəcək. Nəticədə Bayden beynəlxalq arenada daha sərbəst hərəkət etmək imkanı qazana bilər.
“Financial Times” nəşrində dərc edilən məqalədə Baydenin ən mühüm prioritetlərindən birinin Donald Tramp qalib gələcəyi təqdirdə Ukraynaya mümkün qədər çox dəstəyin verilməsi imkanının yaradılması olduğu vurğulanır. Lakin rəsmilər və analitiklər daha bir yardım paketi barədə qərarın keçirilə bilməsi ehtimalının çox az olduğunu qeyd edirlər.

Jurnalistlərin fikrincə, ABŞ prezidenti Ukrayna ilə ikitərəfli razılaşmaların tamamlanmasını təmin edə, həmçinin prezidentlik müddəti başa çatana qədər ayrılacaq istənilən yeni yardımın ayrılması ideyasını keçirə bilər.

Pentaqonun sabiq yüksək vəzifəli rəsmisi Cim Taunsend hesab edir ki, Bayden Ukraynaya səfərləri - məsələn, F-16 döyüş təyyarələrinin gəldiyi zaman Kiyevdə olması ilə, öz imicini gücləndirə bilər.

“Elə məqamlar var ki, Bayden onu öz xidmətləri siyahısına yaza bilər və bu, onun irsi üçün vacibdir”, - Taunsend deyib.

Bundan əlavə, Baydenin Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşünün ona HƏMAS-la müharibəni bitirmək yönündə “çox vacib irsini” təbliğ etmək şansı verəcək. Qəzzada əldə oluna biləcək atəşkəs rejimi həm də vitse-prezident Kamala Harrisə seçki kampaniyası zamanı problemdən qaçmaq imkanı yaradacaq.

- Növbəti altı aya baxsaq, Baydenin ən mühüm prioritetlərindən biri Qəzzada müharibəyə son qoymaqdır. Bu administrasiya, müəyyən mənada, sözügedən məsələdə daha sərbəst davranacaq və nə edə bildiyini göstərmək üçün daha yüksək missiya hissinə malik olacaq”, - Yaxın Şərq siyasəti üzrə Vaşinqton institutunun tanınmış elmi işçisi Dennis Ross bildirib.

Məqalədə qeyd olunur ki, bəzi diplomatlar və xarici siyasət ekspertləri Baydenin öz namizədliyini geri götürmək qərarından Rusiya, İran və Çinin yararlana biəcəklərindən narahatdırlar. Hərçənd, prezident administrasiyası avtokratlarla və rəqiblərlə qarşıdurma siyasətində heç nəyin dəyişməyəcəyini açıqlayıb.

Beynəlxalq Əlaqələr Şurasının fəxri prezidenti Riçard Haas qeyd edib ki, dünyanın çox hissəsi Trampın qələbəsinə əmin olduqdan sonra “Baydeni hesabdan silmişdi”, lakin seçkinin nəticəsi indi daha az proqnozlaşdırılandır.

“Bu addımla Bayden, yəqin ki, öz təsir rıçaqlarını artırdı. Çünki indi onun varisi prezidentin dəstəklədiyi bir çox məsələləri məhv edəcək şəxs yox, əksinə bir çox məqamlarda onunla razılaşan namizəd ola bilər”, - məqalədə Riçard Haasdan sitat gətirilir.

Sahil İsgəndərov


Teqlər: Bayden   Ukrayna  





Xəbər lenti