Türkiyə süni intellekt üzrə milli strategiyasını yeniləyib

Türkiyə süni intellekt üzrə milli strategiyasını yeniləyib
  24 İyul 2024    Oxunub:1361
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Milli Süni İntellekt (AI) Strategiyasının yeni mərhələsinin başlandığını açıqlayıb.
AzVision.az "Trend.az"-a istinadən xəbər verir ki, Yılmaz 71 bəndlik Fəaliyyət Planının daxil olduğu strategiyanın ölkədə iyulun 24-dən etibarən həyata keçirildiyini və 2024-2025-ci illəri əhatə edəcəyini bildirib.

“Yenilənmiş strategiyanın hazırlanmasında təkcə nazirlik və idarələr deyil, özəl sektor, o cümlədən ictimai təşkilatlar da iştirak edib”, - deyə siyasətçi qeyd edib.

Onun sözlərinə görə, digər məsələlərlə yanaşı, Fəaliyyət Planının məqsədlərindən biri də türk dövlətlərinin filoloqları arasında əməkdaşlığı gücləndirmək üçün Böyük Türk Dili Modelinin təbliğidir.

Bundan əlavə, süni intellekt sahəsində yeni kadrların hazırlanması, eləcə də dünya səhnəsində Türkiyənin maraqlarını təbliğ edən interaktiv bazanın hazırlanması nəzərdə tutulur.

Eyni zamanda, strategiya xaricdəki türk diasporu ilə sıx əlaqələr quracaq və süni intellekt sahəsində elmi tədqiqatların dəstəklənməsinə yönəlmiş təqaüd proqramlarına yol açacaq.

Vitse-prezident strategiyanın inkişafına verdiyi töhfəyə görə Türkiyənin Sənaye və Texnologiya Nazirliyinə, eləcə də Türkiyə Prezidenti Administrasiyası yanında Rəqəmsal Transformasiya İdarəsinə təşəkkür edib.

Yılmaz Milli AI Strategiyasının vaxtaşırı təkmilləşdiriləcəyini vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti