“Nuriyyə Əhmədova bədbəxt qadın idi” - Xalq artisti

  26 Dekabr 2018    Oxunub : 13314
 “Nuriyyə Əhmədova bədbəxt qadın idi” - Xalq artisti
"Elə günlər olub ki, evinə çörək almağa, avtobusa verməyə pul tapmayıb

Bu gün Azərbaycanın Xalq artisti Nuriyyə Əhmədovanın doğum günüdür. Aktrisa yaşasaydı, 68 yaşını qeyd edəcəkdi.
Sevilən aktrisa ilə bağlı xatirələrini Azvision.az-la bölüşən Xalq artisti Səidə Quliyeva bildirib ki, onlar tək sənət yoldaşı deyil, həm də yaxın rəfiqə olublar.

“Nuriyyə mənim yadımdan bir anlıq da olsa çıxmır. Hətta bu gün rəfiqələrim Həmidə Ömərova, Sona Mikayılova ilə onun məzarını ziyarət etməliydik. Amma çəkilişlərlə əlaqədar alınmadı. Biz həm rəfiqə, həm də sənət yoldaşı olmuşuq. Dərdimiz, sərimiz bir olub. Mən onu çoxdan, iş birliyimiz olmamışdan öncə tanıyırdım. Nuriyyə əvvəlcə Musiqili Teatrda, sonra isə kinostudiyada işlədi. Biz dublyajlarda, çəkildiyimiz filmlərdə bir yerdə olurduq. Nuriyyə kino həyatına epizodik rollarla başlasa da, yaddaşlarda çox tez qaldı. Ən sensasion rolu isə Şahmar Ələkbərovun “Sahilsiz gecə” filmindəki Roza obrazı oldu. Orada erməni qadını canlandırırdı. Film erməni qadınının azərbaycanlı qızları necə əxlaqsız yola çəkməsindən bəhs edirdi. Çox böyük hay-küy düşdü. Elə dövr idi ki, insanların ermənilərə nifrəti birə-beş artmışdı. Nuriyyə xanımın rol oynadığını unutmuşdular, onu günahlandırırdılar. Buna görə o, çox əziyyət çəkdi, halbuki, vətənpərvər qadın idi. Sonralar tamaşaçılar başa düşdülər ki, bu, Nuriyyənin obrazıdır, həyat tərzi deyil. Həmin ərəfələr onun yanında olmaq bizim borcumuz idi”.



Rəfiqəsi sənətçinin fədakar insan olduğunu söyləyib: “O qədər fədakar insan idi ki, öz şəxsi işini atıb, dost dalınca qaçardı. Biz onunla rejissor Vaqif Mustafayevin çəkdiyi “Fransız” filmində lap yaxın olduq. Onda Nuriyyə xanımın rəhmətlik qızı xareoqrafiya məktəbində oxuyurdu. Anasının yanına gedib gəlirdi. Həmin qızın qətlə yetirildiyini eşidəndə elə bildik ki, doğmamızı itirmişik. Nuriyyə onda çox döndü, həyatdan küsdü. Ümumiyyətlə, həyatdan sınmış qadın idi. Onu yaşadan sənəti idi. Əgər sənəti olmasaydı, qızı ölən günü ölərdi. Yadımdadır, “Yerlə göy arasında” filminə çəkilirdik, qızının cümə axşamlarını verib çəkilişə gəlirdi. Mən onu kənara çəkib dedim, Nuriyyə, bəlkə heç gəlməyəsən, ağır günlərindir. Dedi, Səidə sən nə danışırsan, bu film olmasaydı, mən çoxdan ölərdim. Ümumiyyətlə, onu şəxsi həyatından çox sənəti yaşadırdı”.



Aktrisa N. Əhmədovanın çətin günlər yaşadığını, böyük əziyyətlər çəkdiyini deyib: “Ölən qızının uşağı Faiqi övladlığa götürmüşdü. Onunla nəfəs alırdı, Nuriyyənin yaşam səbəbi olmuşdu. Yadıma düşəndə ürəyim yanır. O, həyatda qadın xoşbəxtliyi görmədi. Şəxsi həyatı yaxşı olmadı. Allah ona bala dağı çəkdirdi. Oğlunun il mərasimindən bir həftə sonra özü dünyasını dəyişdi. Həmişə deyirdi ki, çəkilişlərə getməsəydim, çoxdan ölmüşdüm. Həyat yoldaşı ilə son illər ayrılmışdılar. Həyatda bədbəxt, sənətdə xoşbəxt qadın idi. Oynadığı hər bir epizod tamaşaçıların yadındadır, uzun illər sonra da qalacaq. Çünki rolları ilə sənətinə möhür vurmuşdu. Onunla “Bala başa bəla”, “Fransız”, “Yoxlama”, “Yerlə göy arasında” filmlərində birgə çəkilmişik. Ailə kimi idik, dərdimiz, sözümüz bir idi. Birdən Nuriyyə zəng edirdi, mənimlə maraqlanırdı. Deyirdim, ay Nuriyyə, bir özündən də danış. Deyirdi, əşi mən heç. O heçlərdə çox şeylər var idi".



S.Quliyeva mərhum sənətkarın xeyirxah əməlləri ilə yadda qaldığını sözünə əlavə edib: "Xatirəmdədir, oğlu ilə qızını tezdən xareoqrafiya məktəbinə qoyub, sonra kinostudiyaya gəlirdi. Biz də dublyaja gedirdik. Biz gələnə kimi evdən gətirdiyi ərzaqlarla sup bişirirdi. Onu hamıya paylayırdı. Çox əliaçıq qadın idi. Son tikəsinə kimi bölüşərdi. O, həyatda çox əziyyətlər çəkib. Elə günlər olub ki, evinə çörək almağa, avtobusa verməyə pul tapmayıb. Dövlət tərəfindən təqaüd alandan sonra gözünə işıq gəldi, nisbətən maddi vəziyyəti düzəldi. Qazancı yox idi, çəkildiyi filmlərdən aldığını övladları üçün xərcləyirdi. Oradan-bura daşınırdı. Nuriyyə bu həyatda bir gün görmədi”.



Qeyd edək ki, Nuriyyə Əhmədova 1950–ci ilin 26 dekabr tarixində Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb (1970–1974). İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982–ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.

2007-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.

İki övladı olub. İlk övladı olan qızı İlahə 20 yaşında (1976–1996) qətlə yetirilib, ikinci övladı olan oğlu Əli isə 37 yaşında (1977–2014) xərçəng xəstəliyindən vəfat edib. Qız övladından Faiq İbadzadə adlı nəvəsi var.

Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə kəskin ürək tutmasından Bakıda vəfat edib. Vəsiyyətinə əsasən Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunub.







Şahanə Rəhimli
Azvision.az

Teqlər: Nuriyyə-Əhmədova