Mərhəmətsiz Rusiya

Mərhəmətsiz Rusiya
  08 Noyabr 2013    Oxunub:1041
Fazil MUSTAFA

İyirmi illik müstəqillik eyforiyasından sonra Rusiyanın tədricən zəifləyəcəyi və önümüzdə Avropa demokratiyasının işıqlar sayrışan xiyabanı ilə rahatca addımlayacağımız barədə illüziyaların sabun köpüyü kimi hazırda dağılmasnın üzüntüsünü yaşamaqdayıq.
Rusiya siyasi texnoloqlarının uğurunu şişirtmək istəməzdim. Bunu necə proqnozlaşdırdıqlarının da sirrini araşdırmaq düşüncəsində deyiləm. Hətta Qərbin zəka mərkəzi kimi tanıdığımız ABŞ siyasi institutlarının qarmaqarışıq bir Rusiya modelinin yaşaması üçün düşündüyü layihələrin içində Qərbə inteqrasiya adı ilə bizlərin taleyini necə puç etdiklərinin vicdani mühakiməsini də onların öz öhdələrinə buraxıram. Sadəcə, yekun bir gerçək var ki, Rusiya mədəni, demokratik və qonşuları üçün dost ölkəyə çevrilməməklə yanaşı, Qərbin də biganə müşahidəsi altında bölgədə iyirmi-otuz il sonranın təsir mexanizmlərini qoruyub saxlamağı bacarmış. Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Dnestryanı bölgə problemi, Ukraynada Sevastopol donanması, Orta Asiyada Baykonur Rusiyanın post-sovet revanşı üçün elə bir zəmini mühafizə etmişdir ki, bu girov ölkələri yalnız formal sənədlərdən və bəlli qurumlarda təmsilçiliklərdən başqa Avropa ilə bağlayan real əlaqələr xeyli, xeyli azdır. Əvəzində isə hər birini gecəli-gündüzlü düşündürən tək ciddi məsələ qalmış: Rusiyanın layihələrinə boyun əymək, ya da oyalanaraq vaxt qazanmaq.

Son dövr mətbuatda geniş işıqlandırılan ölkəmizin siyasi oriyentasiyası ilə bağlı müraciətlərin əsas mahiyyəti də buradan qaynaqlanır: “Biz Azərbaycan olaraq artıq riskə getməməliyik. Avropa bizə real bir şey vermədi, yenə də çıxış yolumuz Rusiyanın öncüllük etdiyi qurumlarda təmsil olunaraq müstəqilliyimizin qorunmasıdır”. Əsaslandırma təqribən belədir.

Əlbəttə, bizim Avropadan üz çevirmək üçün hər cür bəhanəmiz var. Təkcə Fransadakı eyni cinsdən olanların evlənməsinə icazə verən qanun kifayət edər ki, “mentalitetimiz əldən getdi” deyibən Avropanın qapısını nifrətlə çırpıb gedək. Əvəzində isə ən yaxın və məqbul alternativ olaraq Dəmirqapı Dərbənddən Rusiyaya giriş durur. Yaxşı ki, pulumuz çoxdur, yaxşı ki, o pulu neft və qaz kəmərləri ilə Qərbə axıtmışıq, yaxşı ki, o pulları şəffaf və bişəffaf formalarda Qərbin banklarında saxlayırıq və bəlkə də bu əsas səbəblərdəndir ki, qorxduğumuz etibarsız Rusiyaya hələ də etibar edə bilmirik. Hətta bunlar olmasaydı belə, yenə də Rusiya ilə zahirən asan görünən uzlaşma yolunun tapılacağını şübhə ilə qarşılardıq. Rusiya o qədər genişdir ki, onu qucaqlamaq olmaz, sadəcə, onun qucağında sıxılmaq olar. Rusiya baş əyəni şəfqətlə, başını dik tutanı nifrətlə sıxır. Belə bir durumda hansı quruma istəyirsiniz girin, necə ki, MDB-yə toydan sonrakı nağara kimi dambadurumla girdik, necə ki, Qarabağın işğalında adətən ermənini lənətləyib, Rusiyanın adının üzərindən hər dəfə sükutla keçdik - heç nə, heç nə zərrə qədər dəyişmədi. İndi isə Rusiya Azərbaycansız qalmış azərbaycanlılara qarşı savaş açmağa başlayanda, biz də başımızı qaşıyaraq düşünməyə başlayırıq ki, vəziyyəti necə xilas edək?

Rusiyada Putin hakimiyyəti həll edə bilmədiyi problemlərdən diqqəti yayındırmaq üçün sonluğu Rusiyanın özü üçün vahim olan bir yol seçib. Bu dalğa Rusiya üçün həqiqətən sonluğu çətin proqnozlaşdırılan bir xaos vəd edir. Miqrantsız Rusiya Aral gölünün yaşadığı faciənin insan obrazlarında təkrarından başqa bir şey deyildir. Buraya çaylar axıdılmasa, demoqrafik fəlakət baş verəcək. Bunun sonu inqilabmı olacaq, iğtişaşmı olacaq? Hər halda, hakimiyyətin körüklədiyi millətçi vandalizm mütləq əks effekt doğuracaq.

Ancaq bizi düşündürən Rusiyanın hansısa zərəri deyil, dalğanın ilk qurbanları azərbaycanlılar olduğundan, onların qurtuluşuna, xilasına hansı yollarla varılması problemidir. Fikrimcə, dövlət orada yaşayan Rusiya vətəndaşları ilə hüquqi baxımdan bir şeylər etmək imkanının olmadığını düşünərək, vətəndaş olmayan azərbaycanlıların tədricən ölkəyə qayıdışı və işlə təmin olunması üzərində planlarını qurmalıdır. Ən əsası isə Azərbaycan vətəndaşlarını Rusiya bazarından asılı edən səbəbləri ortadan qaldırmağı bacarmalıyıq. İnhisarçılığı qaldırıb, iqtisadi azadlıqları, mülkiyyət toxunulmazlığını təmin etməliyik ki, oradan geri qayıdanların sərmayələri, eləcə də ucuz işçi qüvvəsi Ukrayna və Türkiyə bazarlarına deyil, bilavasitə Azərbaycana axsın. Bu bir islahat deməkdir və Azərbaycanda bu yolun gediləcəyi inandırıcı görünmür. O zaman Rusiyadan gələn dalğa çox ciddi siyasi və sosial partlayışların baş verməsinə səbəb olacaq.

Bu gün Rusiyanın istədiyi əslində Azərbaycanın nə Avrasiya İttifaqına, nə də Gömrük İttifaqına daxil olmasıdır. Çünki bu qurumların strategiyası natamam olduğundan, Rusiya onunla müttəfiqliyə hazır olan ölkələrə faydalı nələri verə biləcəyini izah etməkdə özü də çətinlik çəkir. Ortada etibar deyil, yalnız və yalnız qorxu amili olduğundan, könülü şəkildə Azərbaycan da buraya daxil olmaq üçün yaxa-paça cırmır. Azərbaycanın Avropa ilə Rusiya arasında illərdir oyalanmağa davam etməsi və heç birinin hüdudlarından içəri girməməsi elə Rusiyanı qane edən mövqe kimi də dəyərləndirilə bilər. Bu gün Rusiya bizdən tabeçilik deyil, tərəfsizlik istəyir və bu gün tərəfsizlik bizi də qane edir.

Hələ də kiminsə yeminə çevrilməmək üçün Avropa ilə Rusiyanın arasında oyalanmağa davam etməliyik. Ona görə də bəzi siyasətçilərin Rusiya sindromunu hədsiz şişirdərək, müstəqilliyin məhdudlaşdırılmasına yol verməklə bağlı fikir və mülahizələrinə qarşı sərt münasibətlərin sərgilənməsi vacib sayılmalıdır. Çünki haçansa sonadək yanmayacaq bir şamın iziylə əbədi işıq axtarmağa gedilməz...


Teqlər:  





Xəbər lenti