Azərbaycan elmində islahatlar aparmağın vaxtıdır

   Azərbaycan elmində islahatlar aparmağın vaxtıdır
  18 İyul 2019    Oxunub:6871
Zaur Əliyev,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

(I YAZI)

SSRİ dağıldı, onunla birgə köhnə sistemin tələbələri də zamanla məhv oldu getdi. Azərbaycan isə SSRİ-nin yeganə varisi olaraq qalır. Bəli, özü də elm sahəsində SSRİ Azərbaycanda özünü yaşadır. Bu gün Azərbaycan elm və təhsil sahəsində SSRİ-dən qalan ənənləri davam etdirən yeganə varisdir. Bu sahədə dünyadan çox geri qalmışıq.
Bəyənmədiyimiz Gürcüstanda bu istiqamətdə aparılan islahatlar ilk növbdə elmi dərəcə və elmi adlarla bağlı olmuşdu. Belə ki, “elmlər namizədi” və “elmlər doktoru” elmi dərəcələri ləğv edilmiş və ölkədə vahid elmi dərəcə – “doktor” (PhD) – müəyyən edilmişdir. Əvvəlki dövrdə “elmlər namizədi” və “elmlər doktoru” elmi dərəcələri alanların da elmi dərəcələri “doktor” ilə əvəz edilmişdi. Əvvəlki elmi adlar da tamamilə ABŞ sisteminə uyğunlaşdırılmış və yeni sistemdə “asissent”, “asissent professor”, “assosiativ professor” və “professor” elmi adları (vəzifələri) müəyyən edilmişdi.

Bu gün Avropada və inkişaf etmiş ölkələrdə iki doktorluq yoxdur, yalnız fəlsəfə doktoru var, bunu PhD kimi qeyd edirlər. “Fəlsəfə doktoru” elmi dərəcəsinin sahibi yalnız filosof deyil, həm də müxtəlif elm sahələrinin nümayəndələri - riyaziyyatçı (fizik, bioloq, kimyaçı, hüquqşünas, ədəbiyyatçı, dilçi və s.) da ola bilər. Avropada dosent və professor adının alınması məsələsi, təbii ki, imtahanla olur. İmtahan isə Təhsil Nazirliyi ilə birgə keçirilir. Tədqiqat işinə gəldikdə isə, elmi işin kəşf olduğu sübuta yetirilsə, o zaman bunun üçün həmin şəxs patent və qonorar alır. Bu isə təhsil pilləsi sayılmır.

Bir sözlə, Avropada doktoranturanın ikinci pilləsi - elmlər doktoru üzrə qəbul artıq keçirilmir. Bizdəki fəlsəfə və elmlər doktoru pillələri Rusiyadakı doktorantura sisteminə uyğunlaşdırılıb. Rusiya və Azərbaycanda eyni qalan da Ali Attestasiya Komissiyasıdır. Xaricdə elmi adları universitetlər verir. Beynəlxalq qaydalarda müdafiə şurasına konkret mövzunu bilən 5-6 nəfər cəlb olunur, real iş aparılır. Hamı mövzunu, söhbətin nədən getdiyini dərindən bilir. Bizdə isə müdafiə şuralarımızın formalaşması prinsipi də köhnədir, formaldır. Elmi müdafiə şurasına onlarla mövzu haqqında çox səthi biliyi olan adamlar yığılır, elmi adların verilməsi sırf formal xarakter daşıyır.

AAK-a göndəriləcək sənədlərin səhifə sayının dissertasiyanın öz həcmindən az olması yalnız təəccüb doğuracaq hal olar. Dissertasiya səhifələrinin sayı humanitar elmlər üçün ən azı 120-130 səhifə olmalıdırsa, (texniki elmə aid dissertasiyalarda bundan az da ola bilər), AAK-a göndərilən sənədlərin ümumi səhifəsi çox zaman 170-180 və daha artıq olur. Keyfiyyətdən çox kəmiyyətin qayğısına qalan AAK-ın dissertasiyanın ikinci müzakirə, müzakirələrdən sonrakı seminar və müdafiə protokollarına qoyulan tələbləri də, şübhəsiz bununla izah olunur. Həmin protokolların mətnindən çox, onun neçə səhifədən ibarət olması əsas tutulur. Səhifələrin sayı AAK-ın son qərarına görə 15-dən az olmamalıdır. Təsəvvür edin ki, dissertasiya işin 150 səhifədir, ilkin müzakirədən iki rəy, sonrakı müzakirədən iki rəy, seminardan iki rəy, üstəgəl avtoreferatlara rəylər, müdaifədən sonra rəylər, protokol, protokoldan çıxarış, protokola rəy və sairə proseslərdən sonra 200 səhifəyə yaxın sənədlər alınır. Bura məqalələrin surətini və digər sənədləri əlavə eləsək AAK sadəcə insanların əsəbi və cibi ilə oynayan şərtlərlə işini aparır.

Qeyd etmək yerinə düşərdi ki, protokolları hazırlayan elmi dərəcə namizədləri bir həftə ərzində eyni protokolu 5-6 dəfə dəyişmək, yenidən işləmək məcburiyyəti qarşısında qalırlar. AAK-nın “peşəkar mütəxəssisləri” bu və ya digər başlığın bu və ya digər cümləsindəki sözünün yazılışı üzərində dəfələrlə düşünərək, qəti qərara gəlməkdə çətinlik çəkdikləri üçün nümunə nüsxələri də tez-tez dəyişirlər. Fəlsəfə doktoru və elmlər doktoru prosesi də demək olar ki, eynidir, sadəcə elmi işin həcmləri, məqalələrin sayı və ən əsası xaricdə çoxsaylı məqalələr. Azərbaycan elmində elə mövzular var ki, nəinki dünya elmində öz sözümüzü demək, heç bazardan kartof belə almağa dəyməz. Lazımsız mövzular, lazımsız araşdırmalar nə qədər olar axı….ELM yenilik sevir. Bir mövzunu ora-bura çevrib, neçə adam müdafiə etməlidir axı? Rəhmətlik Sabir düz deyirdi: “Əcnəbi göydə balonlarla gəzir, biz hələ avtomobil minməyiriz…”

Azərbaycanda son 5 ildə “elmlər doktoru” adını alanların siyahısına baxsanız, görərsiniz ki, elmlər doktorunu qoruyub saxlamaq kimlərə sərf edir. Məmurlar, deputatlar, məmur xanımları, baldızlar, bacılar, qaynanaylar, qaynatalar, əmilər, dayılar….bəs ALİMLƏR? AMEA-da o qədər dəyərli alimin sənədləri AAK-da qala-qala məmur və biznesmenlərin diplomları bəh-bəhlə verilir. Mövzularından xəbəri olmayan bu şəxslər “elmlər doktoru” adını neynəyirlər axı? Öləndə qəbrin üstünə elmlər doktoru-professor yazılsın deyəmi? Heç onlardan soruşan da yoxdur ki, sənə dövlət mühüm vəzifə verib, necə vaxt tapdın elmi tədqiqatı aparmağa? Hansı kitabxanada oldun, hansı arxivdə çalışdın? Hansı elmi müəssisədə müzakirələrdə iştirak elədin?

Ona görə biz elmdə zamandan çox geridə qalmışıq, sürətlə dəyişən dünyaya uyğunlaşa bilmirik, inkişaf etmiş elm mərkəzlərindəki vəziyyətdən çox səthi biliklərə malik olanlar Azərbaycanda elmi adların verilməsində SSRİ-nin qalıqlarını qorumaqda davam edirlər.

Biz dövlət başçısına ümidliyik, elm sahəsində islahat aparılmalı, lazımsız adlar aradan qaldırmalı, elmin gəncləşməsinə dəstək verilməlidir. Biz “elmlər doktoru” prosesində itirdiyimiz 5-10 ili elmi tədqiqatlar aparıb xaricin nüfuzlu jurnallarında yazılar nəşr etdirməyə, kitablar yazmağa, elmi dünyaya çıxarmağs sərf etməliyik.



Teqlər: Elm   Elmi-adlar  





Xəbər lenti