Şahin Mustafayev: Bakıya 3,8 milyard dollar ayrılıb

Şahin Mustafayev: Bakıya 3,8 milyard dollar ayrılıb
  24 Dekabr 2013    Oxunub:1816
Şahin Mustafayev: Üç il ərzində Bakı və ətraf qəsəbələrin inkişafına 3,8 milyard dollardan artıq vəsait ayrılıb.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə 3 milyard manat yönəldilib. AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Ş.Mustafayevin sözlərinə görə, İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Proqramın icrası əlaqələndirilib və görülən işlər nəzarətə götürülüb: "Aparılan monitorinqlərin nəticələri internet saytında yerləşdirilir və proqramda əks olunan bütün sahələr üzrə icraçı qurumların və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə mütəmadi müzakirə olunur. Görülmüş işlər nəticəsində 3 il ərzində Proqram çərçivəsində paytaxt və qəsəbələrdə, eləcə də Abşeron rayonunun qəsəbə və kəndlərində 3500 kilometr qaz kəmərləri çəkilib, əlavə 132 min abonent qazla təmin olunub. 39 elektrik yarımstansiyası və 264 transformator tikilib və ya təmir edilib, 4400 kilometr elektrik kabel xətləri çəkilib və nəticədə əhalinin və iqtisadiyyatın enerji təchizatı təmin olunub".
Nazir bildirib ki, Zabrat-Maştağa-Buzovna yolunda və "Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı" yolundan Qala stansiyasınadək gedən yolda yenidənqurma işləri başa çatıb: "Bilgəh-Novxanı-Sumqayıt, Zabrat-Kürdəxanı-Pirşağı, Zığ-Hövsan yollarında və Binə qəsəbəsinin baş yolunda işlər davam etdirilir. 22 qəsəbənin 420 mindən çox sakininin istifadə etdiyi 62 kilometr qəsəbələrarası yollar təmir olunub, rayon və qəsəbədaxili yollara 3 milyon kvadratkilometrdən çox asfalt örtüyü salınıb, 41 körpü, tunel və piyada keçidi istifadəyə verilib".

Rabitə və informasiya sahəsində aparılan tədbirlərdən danışan Ş.Mustafayev qeyd edib ki, Dövlət Proqramı çərçivəsində 11 ATS, 9 poçt şöbəsi üçün bina tikilib, 28 ATS yenidən qurulub, Zirə, Gürgan və Pirallahı qəsəbələrinə fiber-optik kabel çəkilib, "Bakinternet"in qlobal internet şəbəkəsinə çıxış sürəti saniyədə 7,5 qiqabit sürətə çatdırılıb.

Nazir çıxışının davamında deyib: "Aparılan sənayeləşmə siyasəti, şəhərin və ətraf qəsəbələrin dinamik inkişafına ciddi təkan verib, son 3 ildə ümumi investisiya qoyuluşu 2 milyard manat olan Bakı gəmiqayırma, müasir tikinti materialları, metal konstruksiyalar, gəmi təmiri, təcrübə-sınaq, sement zavodları və digər sənaye müəssisələri tikilib, bir sıra istehsal və emal müəssisələrinin tikintisi davam etdirilir".

Ş.Mustafayev vurğulayıb ki, Bakıətrafı qəsəbələrdə aqrar sahənin inkişafına dəstək vermək məqsədilə Abşeron magistral kanalında yenidənqurma işləri davam etdirilib: "Xəzər, Sabunçu, Suraxanı və Abşeron rayonlarında əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması üçün 278 min paqonmetr boru kəmərləri çəkilib, 6 baytarlıq məntəqəsi tikilib".

Bundan əlavə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 3 il ərzində Bakı qəsəbələrində fəaliyyət göstərən 680 sahibkara 148 milyon manat dəyərində güzəştli kreditlər verildiyini və 5300-dək yeni iş yerinin açılması imkanı yarandığını qeyd edib.

Nazirin sözlərinə görə, müasir texnologiyaların tətbiqinə əsaslanan 53 iri layihə, o cümlədən 13 çörək zavodu, 48 hektar ərazidə 13 istixana kompleksi, 9 quşçuluq təsərrüfatı, 2 ət emalı fabriki, 2 metal konstruksiya və 14 digər sənaye müəssisəsi maliyyələşdirilib.
Ş.Mustafayev bildirib ki, Dövlət Proqramının qəbulundan ötən dövr ərzində "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi"nə dair 33 tədbir keçirilib və 4550 sahibkara layihələrin seçilməsi, biznes planların hazırlanması və digər növ texniki yardım göstərilib.

Nazir qeyd edib ki, istifadəyə verilmiş və illik istehsal gücü 150 min ton olan müasir çörək zavodları Bakı şəhəri və ətraf qəsəbələrdə yaşayan əhalini yüksək keyfiyyətli, geniş çeşiddə çörək və çörək məhsulları ilə təmin edır.

Onun sözlərinə görə, illik istehsal gücü 5,3 min ton quş əti və 67 milyon ədəd damazlıq və əmtəəlik yumurta olan quşçuluq təsərrüfatlarının və illik istehsal gücü 1,8 min ton ət kəsimi və 10 min ton ət emalı olan emal fabriklərinin fəaliyyətə başlaması, əhalinin ərzaq təminatının daha yaxşılaşmasına öz töhfəsini verməkdədir.


Teqlər:  





Xəbər lenti