Komitə Qonçarukun istefasını qəbul etdi

Komitə Qonçarukun istefasını qəbul etdi
  04 Mart 2020    Oxunub:2328
Ukrayna Ali Radasının Dövlət hakimiyyətinin təşkili komitəsi parlamentə Baş Nazir Aleksey Qonçarukun istefasını qəbul etməyi tövsiyə edib.
Azvision.az xəbər verir ki, bu barədə komitənin sədri Andrey Kloçko məlumat verib.

Komitəyə üzv deputatlardan 23 nəfər qərarın lehinə səs verib, iki nəfər bitərəf qalıb, əleyhinə çıxan olmayıb.

Ukrayna parlamenti Prezident Vladimir Zelenskinin tələbi ilə sabah fövqəladə iclas keçirəcək. Deputatlar Nazirlər Kabineti ilə bağlı məsələyə baxacaqlar.

Qeyd edək ki, ötən gün Ukraynanın Baş Naziri Aleksey Qonçaruk istefa ərizəsi yazıb. Hakim "Xalqın xidmətçisi" partiyasından bildirilib ki, Nazirlər Kabinetinə Baş Nazirin müavini vəzifəsini tutan Denis Şmıqal rəhbərlik edə bilər.

Ukrayna qanunlarına görə, Baş Nazirin istefası baxılması üçün Ali Radaya təqdim edilməlidir. Onun istefasının qəbuluna 226 səs kifayətdir. Baş Nazirin istefası yeni Nazirlər Kabinetinin parlament tərəfindən formalaşdırılmasına qədər hökumətin istefasına səbəb olur.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ukrayna   Baş-Nazir  





Xəbər lenti