Koronavirus və uşaqlar: Nələri bilmək vacibdir? – Peşəkar həkim baxışı

      Koronavirus və uşaqlar:    Nələri bilmək vacibdir? –    Peşəkar həkim baxışı
  26 Mart 2020    Oxunub:46695
Dr. Erkin Rəhimov
Xüsusi olaraq Azvision.az üçün

Əziz valideynlər, söz verdiyimiz kimi, koronavirusun uşaqlara təsiri haqqında ən son məlumatları sizə təqdim edirik. Virus haqqında (Haradan yarandı, necə yayılır, simptomları nələrdir, müalicəsi və peyvəndi varmı, fəsadları nələrdir) rəsmi tibbi mənbələrdə artıq kifayət qədər ümumi məlumat var. Lakin uşaqlardakı infeksiya haqqında elmi məlumat nisbətən az olduğu üçün, təbii olaraq, valideynlərdə narahatçılıq hissi yaranır. Bu yazının məqsədi bugünə olan son elmi sübutlara əsaslanmış məlumatı xalqımıza çatdırmaqdır.

Nəzərinizə çatdırım ki, aşağıda yazılanlar 25.03.2020 tarixinə qədər dərc edilmiş elmi məqaləlardən hazırlanıb.

1) Hamilə qadınlar digər insanlar kimi bu virusa yoluxa bilərlər (Yoluxma əsasən hava-damcı və yaxın təmas yoluyla olur). Bəzi viruslar hamilə qadınlarda hamilə olmayanlara nisbətən daha ağır keçir, bu virusla əlaqəli belə məlumat yoxdur. Nəzərə alsaq ki, bu virus son 3 ayda dünyaya yayılıb, yalnız hamiləliyin üçüncü trimestr ilə əlaqədar yetərli elmi məlumatlar var. Bu müddətdə infeksiyaya yoluxmuş hamilələrdən doğulan körpələrdə ciddi, ölümlə nəticələnən problemlərə rast gəlinməyib. Birinci və ikinci trimestrdə (ilk altı ay) yoluxan hamilələrdə döldə hansı patologiyaların ola biləcəyi hələ ki, bilinmir. Qeyd edilən faktları nəzərə alaraq, xəstəxanalarda hamilələri və yeni doğulmuşları mümkün olduğu qədər digər xəstələrdən ayırmaq lazımdır ki, virus onlara yoluxmasın.

2) Koronavirusa yoluxmuş hamilədən doğulmuş körpələrdə alınan analizlərdə virus aşkar olunmadığı üçün virusun bətndaxili dölə keçmədiyi düşünülür (xəstə sayı az olduğu üçün dəqiq “keçmir” demək olmur, lakin çift və dölyanı mayedən götürülən analizlərdə virus mənfi çıxıb). Normal doğuş, yoxsa qeysəriyyə yoluyla doğuş qərarın verilməsi üçün yetərli elmi məlumat yoxdur, lakin tövsiyə olunan sırf bu virus səbəbilə (başqa göstəriş yoxdursa) qeysəriyyə əməliyyatının olunmamasıdır.

3) Virusun ana bətnində dölə keçdiyinə işarə edən elmi əsasın olmamasına baxmayaraq, yeni doğulmuşlar koronavirusa yoluxa bilərlər. Bugünə qədər olan məlumatlara əsaslanaraq düşünülür ki, virus xəstə ana ya da başqa bir insan ilə təmasdan körpəyə yoluxur. Yeni doğulmuş körpədə immunitet zəif olduğu üçün, xəstəlik ağır gedişli ola bilər. Belə uşaqlar xüsusi reanimasiya şöbəsində təcrid olunmuş halda izlənməlidirlər.

4) Koronavirusa yoluxmuş ana körpəsinə istəyirsə, süd verə bilər. Aparılmış elmi tədqiqatlarda ana südündə virus aşkar edilməyib. Lakin nəzərə alsaq ki, əmizdirmə vaxtı ana ilə körpənin yaxın təması olur, hava-damcı və ya toxunma yoluyla da virus uşağa keçə bilər. Ona görə, ana süd vermək istəyirsə. mütləq cərrahi maska taxmalı, əl təmizliyinə diqqət etməlidir. Xüsusən də süd sağma prosesində sterilliyə üstünlük verməlidir. ÜST və bir çox başqa rəsmi qurumlar bu halda əmizdirməyə icazə verirlər.

5) Məqalələrdə uşaqların bu virus ilə xəstələnmə ehtimalının böyüklərə nisbətən çox aşağı olduğu göstərilib (23.03.2020 tarixinə qədər dərc edilmiş 45 elmi məqalənin sistematik analizindən çıxan nəticəyə görə, uşaqlar bütün koronavirus xəstələrinin 1-5%-ni təşkil edirlər). Buna səbəb olaraq, çox faktorlar irəli sürülüb, yaxın zamanda daha aydın izah ediləcəyi gözlənilir. Lakin xəstə sayının az olması uşaqların bu xəstəliyi ağır keçirmədikləri mənasına gəlmir. Çox nadir də olsa, xüsusən bir yaşdan kiçik, digər xəstəlikləri olanlarda daha ağır gedişli ola bilər.

6)
Uşaqlarda xəstəlik daha çox ya simptomsuz, ya da yüngül simptomlar ilə keçir. Varsa, əsas əlamətlər qızdırma və quru öskürəkdir. Əsnək nahiyəsində qızartı, ishal, halsızlıq, qaytarma, burun tutulması da ola bilər. Qan analizlərində çox vaxt ciddi anormallıq müşahidə edilmir (böyüklərdən fərqli olaraq). Dəqiq diaqnoz üçün həkim müayinəsi, testlər və bəzən rentgenoloji müayinə lazım olur. Bunu da qeyd edək ki, yuxarıdakı əlamətlərə bir çox kəskin respirator virus xəstəliklərində rast gəlinə bilər. Əgər uşağınızda COVID-19 xəstəliyinin olduğunu düşünürsüzsə (yaxın zamanda xaricə səyahət, və ya səyahət etmiş, ya da xəstə insanla təması olubsa) 103-ə və ya 1542 (TƏBİB qaynar xətt) nömrələrinə zəng vurun.

7) ÜST məlumatlarına əsasən, bu xəstəliyə qarşı peyvəndin ən tezi 18 ay sonra geniş tətbiqinə başlana bilər
(bir çox ölkədə hazırda bu sahədə ciddi işlər görülür və yaxın zamanda bəlkə peyvənd tapıla bilər, lakin onun effektivliyi, yan təsir profili və başqa xüsusiyyətləri bilinmədiyi üçün, geniş istifadəsi mümkün olmayacaq). Buna görə, bəzi kütləvi infosmasiya vasitələrində oxuduğunuz “peyvənd artıq istehsal edildi” tipli məqalələrə skeptik yanaşmaq lazımdır.

8) Müalicədə istifadə edə biləcəyimiz effektiv yeni dərmanın kəşf edilməsi də uzun zaman alan proses olduğu üçün, bunu da yaxın zamanda gözləmək düzgün olmaz. Lakin başqa xəstəliklərdə istifadə edilən dərmanları artıq bir çox ölkələr bu xəstəlikdə də istifadə edirlər. Aralarında bəziləri çox effektiv görünür. Ola bilər ki, yaxın zamanda bu dərmanlar səbəbiylə infeksiyanın ağırlığı azala bilər. Lakin bu dərmanların geniş istifadəsi üçün yenə də elmi tədqiqatlara ehtiyac vardır, buna görə bu xəstəlikdə elmi olaraq effekti sübut edilməmiş heç bir dərmanı istifadə etmək olmaz.

9) Uşaqlarda infeksiyaya yoluxma ehtimalının az olmasına baxmayaraq, virusun insandan insana yoluxmasında və epidemiyanın yayılmasında rol oynadığından şübhələnilir (xüsusən simptomsuz və ya yüngül keçirənlər daha çox yayır). Bəzi uşaqlarda böyüklərdən fərqli olaraq, ishal və qusma ələmətləri ön planda olduğu üçün nəcis yoluyla da yoluxmanın ola biləcəyi araşdırılır (virus xəstə uşaqların nəcisində bəzən uzun müddət ifraz olunur). Bu səbəblə xəstə uşaqların yaşlı, immuniteti zəif, xroniki xəstəlikləri olan insanlardan uzaq tutulması vacibdir.

10)
Sosial təcrid zamanı uşaqlar məktəbdən, sosial əlaqələrdən və idmandan məhrum qaldığı üçün bəzi psixoloji və fiziki problemlər yarana bilər. Elmi tədqiqatlar uzun müddət evdə vaxt keçirən uşaqların daha az fiziki aktiv olduğunu, ekran qarşısında daha çox vaxt keçirdiyini, yuxuların qeyri müntəzəm, qida rasionlarının daha zərərli olduğunu göstərir. Buna görə onlara xüsusi diqqət edilməldir. Yüksək kalorili, karbohidratlarla zəngin qidalardan və TV, kompüter oyunlarından mümkün olduğu qədər uzaq tutulmalıdırlar. Daha böyük yaşlı uşaqların virusdan qorxularını azaltmaq məqsədilə valideynlər maarifləndirmə aparmalıdırlar. Uşaqlar evdə və ya mümkünsə, həyətdə fiziki aktivliyə cəlb edilməlidirlər. Uşaqlarla oyunlara üstünlük verilməlidir. Son vaxtlarda daha geniş yayılan online dərs sistemindən geniş istifadə edilməlidir.

Gördüyünüz kimi, bu virusun dünyada geniş yayılması ilə əlaqəli olaraq, uşaqlarda da bəzi problemlərə rast gəlinə bilər. Hər valideyn ilk növbədə təlaşa düşməmək üçün düzgün qaynaqlardan ətraflı informasiyalar əldə etməlidir (Bunun üçün rəsmi mənbələrə, ekspertlərin rəylərinə diqqət yetirmək daha məqsədəuyğundur). Yuxarıda yazdığım kimi, əslində bu virus uşaqlar üçün ciddi problem təşkil etmir, çox vaxt yüngül keçir. Lakin bu, lazımsız rahatlığa və tədbirsizliyə səbəb olmamalıdır. Xüsusi gigiyenayaya ciddi əməl edilməlidir (xüsusən kiçik yaşlı uşaqlarda daha vacibdir). Uşaqların həssas insanları virusa yoluxdura biləcəyi unudulmamalıdır. Ölkəmiz üçün bu çətin dövrdə hər kəs üzərinə düşəni edərək (burada sosial təcridi xüsusən vurğulamaq istəyirəm), epidemiyanın yayılmasının qarşısını ala bilər.


* Doktor Erkin Rəhimov pediatr-neonatoloqdur. İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsində təhsil alıb




Teqlər: Koronavirus   Uşaqların-sağlamlığı  





Xəbər lenti