`Məqsədim yeni nəsil sənaye meneceri olmaqdır` - MÜSAHİBƏ

`Məqsədim yeni nəsil sənaye meneceri olmaqdır` - MÜSAHİBƏ
  14 Fevral 2014    Oxunub:2178
Cəlal Hacıyev 1987-ci ildə Bakıda doğulub. Hazırda Litvada Kaunas Texnoloji Universitetində sənaye mühəndisliyi və menecmenti ixtisası üzrə magistr təhsili alır. AzVision.az-a müsahibəsində o, xaricdə təhsilin incəliklərindən və gələcək planlarından danışır.

- Uşaqlıqdan texniki, mühəndislik sahələrinə marağım olub. Orta təhsilimin son illərində arzumu reallaşdırmaq üçün Azərbaycan Texniki Universitetini seçdim. Mühəndisliyin dərin elmi nöqtələrinə varmaq üçün təhsilimi həmin universitetdə davam etdirdim. Dövlət sektorunda - İçəri Şəhər Tarixi Memarlıq Qoruğu İdarəsində bir müddət mühəndis işlədim. Sonradan fikirləşdim ki, başqa bir ölkədə ali mühəndislik oxuyub gəlib, daha da böyük fayda verə bilərəm.

- Niyə Məhz Kaunas universitetini seçdiniz?

- 2009-cu il idi. Hollandiyanın Eyndhoven şəhərində keçirilən Avropa Gənclər Həftəsində mən də Azərbaycan nümayəndəsi kimi iştirak edirdim. Orada da Litvada həmin universitetdə oxuyan tələbələrlə tanış oldum. Daha sonra 2013-cü ildə Bakıda keçirilən Beynəlxalq Təhsil sərgisində Kaunas Universitetinin əməkdaşları ilə görüşdüm. Onların sərgilərində mən də iştirak etdim, baxdım, bəyəndim. Ondan sonra dövlət proqramı vasitəsilə təhsil almaq üçün müraciət etdim. Hazırda da orada təhsilimi davam etdirirəm.

- Niyə bu qədər müddətdən sonra təhsili davam etdirməyi qərara aldınız?

- Açığı, ixtisasım hər universitetdə rast gəlinməyən bir ixtisasdır. Bu elə ixtisasdır ki, həm texniki biliklər verir, həm də menecment təhsili. Mühitə gəldikdə isə Litva planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçmiş bir ölkədir. Buna baxmayaraq, apardığı islahatlar nəticəsində çoxlu uğurlar əldə edib. Təhsil çox yüksək səviyyədədir. Yaşadığım şəhər öz universitetlərilə məşhurdur. Azərbaycanlı tələbələrin orada çox olması onun göstəricisidir ki, oradakı təhsilin səviyyəsi yüksəkdir.

- Burada da oxuduğunuz üçün iki ölkədəki təhsil sistemini müqayisə edə bilərsiniz. Məsələn, təhsil aldığın universitetdə müəllim-tələbə münasibətləri necədir? Fərq və ya oxşarlıqlar varmı?

- Avropa təhsil sistemi, təbii ki, Azərbaycan təhsil sitemindən bir çox şeylərdə fərqlənir. Bizim təhsil aldığımız predmetlərlə, dərslərlə bir neçə müəllim cəlb olunur. Məsələn, laboratoriya müəllimləri ayrı olur, mühazirəni başqa müəllimlər deyir. Ümumilikdə professorlar, müəllimlər Kembric , Harvard kimi universitetlərin məzunlarıdır. Daha çox tələbkardırlar.
Biz kredit sistemilə təhsil alırıq. Hər bir fənn 6 kreditdir. Tələbə hər bir fənndən həmin kreditləri qaytarmalıdır. İndividual işlər yazılmalıdır, hesabatlar verilməlidir. Müəllimlər tələbənin predmeti qavradığına tam əmin olduqdan sonra kredit almağa nail oluruq.

- Litvadakı digər azərbaycanlılarla əlaqə qurursunuzmu?

- Litva azərbaycanlı tələbələrin çox olduğu ölkələrdəndir. Əlaqə qururuq, bayramlarımızda bir yerə yığışırıq, xüsusi günləri səfirliyimizin dəstəyilə bir yerdə qeyd edirik. Müzakirələr aparırıq, uşaq evlərinə kömək edirik. Yəni bütün ictimai işlərdə tələbələrimiz iştirak edirlər.
Ümumilikdə Kaunas universiteti öz tədbirlərilə Litva universitetləri arasında seçilir. Mütəmadi olaraq mədəniyyət gecələri keçirilir. Və bu zaman hər bir ölkənin guşəsi olur. Həmin guşədə hər bir ölkənin milli təamları, içkiləri nümayiş etdirilir. Azərbaycan keçən ilki mədəniyyət gecəsində qalib oldu. Hətta bu yaxınlarda azərbaycan filimlərindən ibarət kino günləri keçirildi. Litvalı müəllimlərimiz, xarici tələbələr hamısı bu gecələrə qatıldılar.

- Litvaya yeni gedəndə ilk dövrlərdə hansı çətinliklərlə qarşılaşdınız?

- Açığı, ilk dövrlərdə özümü bir qədər yad hiss etdim. Lakin sonradan mən sırf əyani master təhsil aldığım üçün digər xarici tələblər bizə qoşulmağa başladılar. Ona görə də, özümü artıq ev sahibi kimi hiss etdim. Qrupumuzda daha çox litvalı tələblər var. Onların çoxu da hansısa bir işlə məşğuldur. Neft şirkətlərində, banklarda işləyirlər, öz ixtisaslarını artırmağa gəliblər. Avropa ölkələrindən olan tələbələr hazırda daha çox özlərini yad hiss edirlər. Biz də buna görə bir növ ev sahibliyi edirik.

- Bəs məişət həyatında necə, alışa bilmədiyiniz nələr oldu?

- Təzə gedəndə qida ilə bağlı bir az problemlər oldu. Ancaq sonradan yolunu tapdım. Litvalılar tamama başqa bir mətbəxə sahibdirlər. Onları da öz xüsusi yeməkləri var. İndi bəyənirəm onların yeməklərini, normaldır.
Bundan başqa, nəyin harada satıldığı ilə bağlı problem olurdu. Sonradan, mühitə uyğunlaşandan sonra bunlara öyrəşdim. Bu, xaricə oxumağa gedən tələbələr arasında standart problemlərdir.

- Dövlət hesabına oxuyursunuz, yoxsa öz hesabınıza?

- “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı ”nın təqaüdü ilə təhsil alıram.

- İş tapmaqda necə, çətinlikləriniz olurmu?

- Birinci semestr tələbələri üçün təbii ki, çətin olur. Birinci semestrdən sonra tələbə özünü daha rahat hiss edir. Və digər işlərlə də məşğul olmağa başlayır.
Mən də bu ayın sonunda Litvanın sənaye banklarından birində iş praktikasına başlayacağam. Bunun mənim gələcək peşəkar planlarım üçün böyük təkan olacağına inanıram.

- Orada oxuyan azərbaycanlı tələbələr Litvadakı səfirliyimizə daha çox hansı problemlərə görə müraciət edirlər?

- Avropadakı dilomatik nümayəndəliklər arasında Litvadakı səfirliyimiz ən fəallardan biridir. Ümumilikdə deyim ki, elə bir ciddi problemimiz olmur. Tələbənin uzağı təhsillə bağı problemi ola bilər. Azərbaycan Respublikasının vətəndaşı kimi hansısa problemi olarsa, səfirliyimiz onun öhdəsindən gəlir. Litvadakı səfirliyimizdən bütün tələbələrimiz razıdır.Tələbələrimizin universitetdə koordinatorları olur. Onlar litvalılar arasından seçilir. Demək olar ki, tələbənin bütün problemlərini həmin şəxslər həll edir. Məsələn, ev tapmaq, yataqxanada yer, təkrar imtahan üçün vaxt götürmək, bankla bağlı problemlər... Yəni problemlər maksimum bunlardan ibarətdir. Dövlət təqaüdü ilə oxuyan tələbələrimiz orada çoxdur, onların da elə bir ciddi çətinlikləri yoxdur. Çətinliyimiz olarsa, səfirliyimizdən arxayınıq.

- Xaricdə oxuyan tələbələrin bəziləri geri qayıtmaq istəmir. Buna necə baxırsınız?

- Tanıdığım və ətrafımda olan tələbə yoldaşlarımın arsında elə bir tələbə yoxdur. Ümumilikdə götürsək, dövlət proqramı ilə təhsil alan tələbəyə dövlət vəsait ayırdığı üçün o, qayıdıb öz ölkəsində işləməlidir. Öz hesabına təhsil alan tələbələrin isə əlbəttə, belə öhdəliyi yoxdur.

- Maraqlıdır, təhsildən sonra hansı planlarınız var?

Səmimi deyim ki, həmişə böyük sənaye-texnologiya komplekslərində, istehsal sahələrinin inkişaf etdirilməsində iştirak etmək istəmişəm. Qısaca olaraq, mənim məqsədim yeni nəsil sənaye meneceri olmaqdır. Ümid edirəm, təhsildən sonra ölkəmizdə buna nail olacağam.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:  





Xəbər lenti