Saxta lobbiçilik və ya Azərbaycana mənasız təzyiq cəhdi

Saxta lobbiçilik və ya Azərbaycana mənasız təzyiq cəhdi
  21 Fevral 2014    Oxunub:1557
Fevralın 19-da Avropa Parlamentində “Cənubi Qafqazda milli azlıqlar, barışıq və sülhməramlılıq” mövzusunda tədbir keçirilib. Tədbir Avroparlamentin üzvü, Rumıniyadan olan etnik macar Çaba Şoqorun təşəbbüsü ilə “Təmsil olunmamış xalqlar və millətlər təşkilatı” (UNPO), “Talış Milli Hərəkatı” təşkilatları ilə birgə keçirilib. Tədbirin anonsu əvvəlcədən UNPO-nun veb-səhifəsində yerləşdirilmişdi .

İlk təəssürat belə idi ki, söhbət Cənubi Qafqazdakı çoxsaylı milli azlıqlardan gedəcək. Məhz bu gözləntilərlə qonaqlar, o cümlədən, bu sətirlərin müəllifi tədbirə getmişdi. Lakin elə ilk çıxışlardan aydın oldu ki, verilən hesabatlar tədbirin elan olunmuş mövzuları ilə ziddiyyət təşkil edir.

Hesabatlardan 4-ü nəyə görəsə Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuşdu. Halbuki, bunun təşkilatçıların internet səhifələrində elan etdikləri mövzulara heç bir aidiyyatı yox idi.

Qeyd etmək lazımdır ki, 4 hesabatçıdan 2-si erməni, 2-si isə avropalı olub. Necə olur ki, tədbiri bir mövzuda anons edib, eyni zamanda tamamilə başqa bir mövzuda hesabatlar verəsən? Xüsusən də, Dağlıq Qarabağ kimi həssas problem barədə danışarkən hesabatçı qismində erməniləri dəvət edəsən, amma digər tərəfin mövqeyini işıqlandırmağa imkan yaratmayasan?!

Prinsipcə Azərbaycan tərəfi Dağlıq Qarabağ məsələsini həmin mövzudan kənar qəbul etmir, çünki rəsmi Bakı üçün Qarabağ erməniləri Azərbaycan dövlətindəki milli azlıq kimi qəbul olunur. Lakin erməni hesabatçılar bu konflikti milli azlıqların hüquqları çərçivəsində müzakirə etdikləri üçün heç özləri də bilmədən Qarabağın Azərbaycana məxsusluğu ilə faktiki olaraq razılaşmış oldular!

Qonaqlar üçün daha bir gözlənilməzlik tədbirdə diqqətin yalnız bir etnik azlığa - talışlara yönəldilməsi oldu. İki hesabat onlara həsr olunmuşdu. Bu hesabatlardan birini - Əlikram Hümbətovun çıxışını isə ümumiyyətlə, hesabat adlandırmaq çətindir. Və ümumiyyətlə, böyük Turgenev dilinin (rus dili) qeyri-rusdilli Avropa Parlamentində qeyri-rusdilli Azərbaycasnda yaşayan qeyri-rusdilli talışlara həsr olunmuş tədbirə nə aidiyyatı var? Aydındır ki, mətnin əsl müəllifi nə Azərbaycan, nə də ki, Talış dillərini bilir və buna görə də mətni Hümbətovun tam olaraq yiyələnə bilmədiyi rus dilində yazıb. Və başqa insanın yazdıqlarını kağız üzərindən oxumaqdansa, Hümbətovun bir neçə dəfə evdə və qatarda məşq etmək pis olmazdı.

Burda tədbirin təşkilatçılarına sual yaranır: bəyəm Cənubi Qafqazda talışlardan başqa milli azlıq yoxdur? Məsələn, Gürcüstan azərbaycanlıları, öz doğma yurdlarına qayıtmaq ümidilə yaşayan Ermənistan azərbaycanlıları və bir sıra digər milli azlıqlar? Və əgər təşkilatçılar dostŞ hətta qardaş Talış xalqının 2 dost olmayan nümayəndəsinə söz vermək qərarına gəliblərsə, onda ən azı obyektivlik naminə Bakıdan Azərbaycan dövlətin nailiyyətləri və xalqlararası dostluq barədə danışacaq nümayəndə niyə dəvət etməyiblər?

Beləliklə, konfrans sırasında bu tədbirin antiazərbaycan xarakteri ortaya çıxdı. Bir məqam da təəccüb doğurur ki, erməni-azərbaycanlı konfliktini və Cənubi Qafqazda etnik azlıqlar məsələsini birləşdirən təşkilatçılar “azlıq içindəki azlıq”- Dağlıq Qarabağdakı azərbaycanlılar problemini diqqətə almadılar.

Tədbirin pis təşkil olunduğunu göstərən faktlardan biri isə moderatorun heç bir çıxışı dayandırmaması (reqlamentin pozulması) və suallara cəmi 8 dəqiqə vaxtın ayrılması idi. Görüşün sonunda ayrılan cüzi vaxt ərzində 5 nəfər sual verəndən 4-ü (onların arasında sizin sadiq bəndəniz də var idi) Azərbaycan tərəfini təmsil edirdi. Sualların toplanması bitəndə konfrans sona çatdı və qapı arxasında olan texniki işçi içəri keçərək, “xahiş edirəm, iclası bitirəsiniz!” deyə zaldakılara müraciət etdi. Beləliklə, heç bir sual cavablandırılmadı.

Bu sətirlərin müəllifi isə Çabe Çoqara yaxınlaşaraq iclasın təşkilatçılığı ilə bağlı çatışmazlıqları diqqətə çatdırıdı. O da bununla razılaşdı.

UNPO təşkilatının son dövrlərdə, xüsusən də “Şahdəniz-2” proyekti üzrə 2013-cü il dekabrın 17-də imzalanan müqavilə öncəsi və sonrası Azərbaycana hücumlar etməsinə təəccüblənmək lazım deyil. Öz önəmini artırmaq və məlumatsız insanları aldatmaq üçün hiyləgərcəsinə abbreviatura seçən bu təşkilat ayrı-ayrı qüvvələrin köməyilə maliyyələşir və enerji monopolisti olan dövlətlərdən biri tərəfindən idarə olunur. Adları çəkməsək də, tamamilə aydındır ki, dekabrın 17-də imzalanan müqavilə Avropa Birliyini təmin etsə də, adı çəkilməyən tərəfi razı salmır... Və indi öz əlaltı təşkilatları ilə Azərbaycana təzyiq göstərirlər.

Təsadüfi deyil ki, UNPO keçən il Avropa Parlamentində FLNKA (Ləzgi Federal Milli Mədəni Muxtariyyəti) fəallarının iştirakı ilə çoxdan keçirilməsinə ehtiyac olan tədbir düzənləmişdi. Bununla da Azərbaycana milli azlıqlara laqeyd qalmaması üçün mesaj yollamışdı. Və birdən Dağlıq Qarabağ münaqişəsinə erməni tərəfinin baxışı ilə paralel talış azlığının problemləri bir yerdə toplanır. Halbuki, bu dövlətlərin özündə milli azlıq və miqrantlarla bağlı hər şey yerində deyil.

Bizim üçün burada təəccüblü heç nə yoxdur. Hər şey aydındır. Lakin bütün qüvvələrə aydın olmalıdır ki, Azərbaycan “ayaqaltı” Ermənistan deyil və öz müstəqillik kursundan heç zaman dönməyəcək. Və heç bir xırda təxribatlar Azərbaycanı mövqeyini dəyişməyə yaxud müstəqil siyasətdən vaz keçməyə vadar edə bilməz... O cümlədən, saxta lobbiçilərin öz sifarişçilərinin tələbilə hazırladıqları belə tədbirlər.

Vüqar Seyidov / 1news.az
Tərcümə: Vüqar İsmayılov AzVision.az


Teqlər:





Xəbər lenti